24/03/2019 03:48
728 x 90

Camaata yedizdirilən leş əti söhbətləri qızışır, Qida… Agentliyi susur…

img

Son günlər mediada və sosial şəbəkələrdə yaradılmasından o qədər də böyük zaman keçməyən Qida Təhlükəsizliyi Agentliyinin yarıtmaz fəaliyyəti haqda ciddi məlumatlar dərc edilir.

Qeyd edək ki, sözügedən qurum 2017-ci ilin fevralında Prezidentin Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı imzaladığı fərmandan sonra fəaliyyətə başlayıb. Agentliyin fəaliyyətə tam  start götürdüyü vaxt 2018-ci ilə təsadüf edir. Bu müddət ərzində, demək olar ki, hər gün sosial media və KİV-lərdə agentliyin “leş mafiyası”na yaşıl işıq yandırmasına dair iddiaların səsləndirildiyinin şahidi oluruq. Ən maraqlısı isə budur ki, agentliyin rəhbərliyi və rəsmiləri  medaidan qaçmaq yolunu tutublar. Onların fəaliyyəti barədə məlumatları biz qəssəbxanalardan, yeməkxana və digər iaşə obyektlərindən ala bilirik. Sahibkarlar yeni agentliyin rəsmiləri ilə necə və hansı əsaslarla anlaşıb fəaliyyət göstərdiklərini çəkinmədən danışırlar. Yaxşı yadımızdadır ki, agentlik yeni yaradılan kimi, qurumun rəhbəri aparıcı media nümayəndələri ilə bir görüş keçirdi. Özünü mediaya açıq olacaq bir məmur kimi təqdim edən Qoşqar müəllimi ondan sonra media əhlindən gördüm deyən olmayıb. Bu cür məxfilik nəyə xidmət edə bilər? İki nəticə çıxara bilərik: ya Qoşqar müəllim bununla saymazlığını nümayiş etdirir, “nə istəyirlər yazsınlar!” kimi prinsipi rəhbər tutub hərəkət edir, ya da səslənən ittihamların qabağında deməyə söz tapmır. Şübhəyə düşdüyümüz hər iki məqam təbii ki, Qoşqar Təhməzlinin ziyanınadır. Yaxşı olar ki, Qoşqar müəllim çıxıb özü mediaya yazılanlarla bağlı bir aydınlıq gətirsin. Axı səslənən ittihamlar kifayət qədər ciddidir və ictimai rəyə təsir gücü olan şəxslər tərəfindən dövriyyəyə buraxılır. Gəlin haqqın.az və virtual az.org saytlarının rəhbəri Eynulla Fətullayevin agentliyin rəhbəri Qoşqar Təhməzlinin fotosunu “Facebook”da paylaşaraq, altından yazdığı cümlələrə fikir verək: “Tanış olun: Qoşqar Təhməzli, agentliyin rəhbəri, faktiki olaraq, özümüzə və balalarımıza qarşı çirkin əməllərin iştirakçısı! Məncə, bu gün Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı Qida Təhlükəsizliyi Agentliyidir. Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki, beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır.

Hər səhər, təxminən saat 5.00-dan - 8.00 qədər Təzə Bazarda ölü ətinin kilosunu 1 manatdan satırlar. Restoran və dönərxana sahibləri bu qara nöqtənin əsas müştərilərindəndir. Qida Təhlükəsizliyi Agentliyi bu “qara bazar”dan rüşvət alır və belə cinayətlərə göz yumur...

Məncə, bu agentliyin fəaliyyəti ciddi nəzarətə götürülməlidir".

Göründüyü kimi, jurnalistin yazısında kifayət qədər ciddi ittihamlar yer alır. Hətta kilosu bir manata satılan leş ətin harada satıldığına dair ünvan da göstərilir. Bu ciddi fakt ilk olaraq bizim diqqətimizi cəlb etdi. Elə həmin gündən başlayaraq, mövzunu araşdırmaq qərarına gəldik. Əməkdaşımızın ünvanladığı suala qurumun mətbuatla əlaqələrin tənzimlənməsinə məsul olan şəxsinin verdiyi cavab maraqlı oldu: “Hələ ki, rəsmi açıqlama yoxdur, olan kimi təqdim edəcəyik”. İki gündür gözləyirik, amma hələ də Qida Təhlükəsizliyi Agentliyi Bakıda leş ətin satılıb-satılmadığı ilə bağlı məsələyə aydınlıq gətirmək istəmir. Ancaq bu sahəni tədqiq edən tanınmış ekspertlər səslənən iddiaların doğru olduğunu açıq bəyan edirlər. Hörmətli Qoşqar müəllimin diqqətinə çatdırırıq ki, bu cür hallarda bəzən susmağı razılıq əlaməti kimi də qəbul edirlər. Amma səslənən cinayət tərkibli ittihamların qabağında susmaq çox ciddi şübhələrə yol açmış olur. Bəlkə bir cəsarət tapıb medianın önünə çıxasınız. Təzə vəzifəyə təyin olunduğunuz zamandakı kimi...

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər