24/03/2019 03:52
728 x 90

Əhliman Əmiraslanov orqan transplantasiyası gözləyən insanların dərdini MM-də yenidən qaldırdı

“Hazırda orqan transplantasiyası ilə bağlı donor çatışmazlığı yaşanır”

img

Adil Qeybulla: “... sağlam və cavan adamların yarılıb ondan orqan götürülməsinə icazənin…”

 

Bu gün xeyli sayda Azərbaycan vətəndaşı orqan transplantasiyası əməliyyatı gözləyir”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov orqan transplantasiyası üzrə keçirilən dinləmələrdə çıxış edərkən deyib. O qeyd edib ki, orqan transplantasiyası son 50 ildə inkişaf etməyə başlayıb. Son illərdə isə bu sahə geniş vüsət alıb. Hər il dünyada 120 mindən çox orqan transplantasiyası əməliyyatı icra edilir. Amma dünyada pasiyentlərin orqan transplantasiyasına olan ehtiyacı bu göstəricidən daha çoxdur.

Komitə sədri bildirib ki, Azərbaycanda da orqan transplantasiyası sahəsində irəliləyiş var və çox sayda əməliyyat icra edilir: “Amma orqan transplantasiyası sahəsində əsas problem donorluqla bağlıdır. Donorların sayının az olması, əməliyyata ehtiyacı olan orqanların tapılmaması əməliyyatların sayına təsir göstərir. Orqan transplantasiyası ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Buna görə də parlament tərəfindən orqan transplantasiyası haqqında mükəmməl qanun layihəsinin hazırlanması qərara alınıb”.

Ekspertlər də orqan transplantasiyası ilə bağlı donorların sayının az olması fikri ilə razılaşırlar.

Professor, tibbi ekspert Adil Qeybulla bizimlə söhbətində qeyd etdi ki, hazırda tək ölkəmizdə deyil, əksər xarici ölkədə də orqan köçürülməsi üçün donor çatışmazlığı yaşanır: “Bəllidir ki, insan yalnız kliniki ölüm keçirdiyi zaman onun orqanlarını götürmək olar. Orqan köçürülməsi məsələsində diqqət edilməli bir neçə nüans var. Orqan kimdən köçürülə bilər? Orqan beyin ölümü keçirmiş, orqanları hələ salamat olan, özü nəfəs alan, amma həyata qaytarılması mümkün olmayan şəxslərdən köçürülə bilər. Bunu da tibbi komissiya araşdırır və bundan sonra həmin insandan orqan köçürülməsinə icazə verir. Orqan  köçürülməsi xəstənin himayədarı, atası, anası, qohumlarının razılığı olmadan həyata keçirilə bilməz. Onu da qeyd edim ki, orqanı köçürülə bilən adamlar adətən cavan adamlar olmalıdırlar. Avtomobil qəzası və ya üzləşdiyi hansısa qəza nəticəsində aldığı travmadan və ya digər patologiyadan beyin ölümü keçirmiş adam olmalıdır. Ən əsası nəzərə alınmalıdır ki, köçürülən orqan sağlam və salamat olmalıdır. Yəni elə xəstəliklər var ki, o xəstədən orqan köçürmək məsləhət deyil”.

Həmsöhbətimiz onu da vurğuladı ki, hazırda orqan transplantasiya ilə bağlı bir sıra problemlər yaşanır. Onlardan biri də sağlam və cavan adamların yarılıb ondan orqan götürülməsinə icazənin verilməməsidir: “Cəmiyyət buna hazır deyil. Əvvəla orqan nəqli konsepsiyası bir sistem olmalıdır. Bu sistem ondan ibarətdir ki, donor bankı yaradılmalı və cəmiyyət buna psixoloji hazır olmalıdır. Cəmiyyət daxilən qəbul etməlidir ki, dünyasını dəyişməkdə olan, həyatını itirməkdə olan bir insanın orqanı başqa bir insana həyat verə bilər. Biz bunu qəbul etməliyik. Yalnız qəbul etdikdən sonra buna hazır ola bilərik. Təbliğat aparmaq, cəmiyyəti buna hazırlamaq lazımdır. Digər tərəfdən də sistem odur ki, Azərbaycanın bir rayonunda bir orqana ehtiyac varsa, başqa bir rayonda da donordan daxili orqan götürülübsə, dərhal növbədə olan adama köçürülür. Dünyanın hər yerində bu cür sistem var”.

Günel CƏLİLOVA

Son xəbərlər