24/03/2019 03:49
728 x 90

14 yaşadək xəstə uşaqlara baxanlara qısa iş günü – nazirliyin yeni ideyası…

“Himayəsində 14 yaşına kimi uşağı olan, eyni zamanda, sağlıq durumunda problemi olan şəxslərə nəzarət edən qadınların iş saatı dəyişilməlidir”

img

Fatimə Hacıbəyli: “… iş saatının qısaldılması həmin qadınların əməkhaqqına təsir etməməlidir”

 

"Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir".

Bu barədə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunur. Bildirilir ki, əmək qanunvericiliyi əmək münasibətlərində digər bir sıra amillərlə yanaşı, işçilər arasında cinsi ayrıseçkiliyə yol verilməsini, habelə hüquqlarının məhdudlaşdırılmasını qadağan edir. İşçilər arasında belə ayrıseçkiliyə yol verən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Qadınların iş saatının dəyişdirilməsi fikri ilə ekspertlər də razılaşırlar.

“Vəfa” Sosial İctimai Birliyinin rəhbəti Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, himayəsində 14 yaşına kimi uşağı olan anaların iş saatı qısaldılmalıdır: “Tək himayəsində 14 yaşına kimi uşağı olan analara deyil, eyni zamanda, xəstə ailə üzvünə qulluq edən qadınların da iş saatında güzəşt tətbiq olunmalıdır.

Nəzərə almaq lazımdır ki, qadınların iş saatının qısaldılması həm ana olan qadınların uşaqlarına vaxt ayırması, həm də karyeralarını inkişaf etdirməsi baxımından önəmli hesab olunur. Həmçinin, qadınların ictimai həyatda fəal iştirakını təmin etməyə, məşğulluğunu, karyerasını davamlı şəkildə qurmağa xidmət edəcək bir təşəbbüsdür: “Yəni bir var ki, qadın bütün vaxtını uşağına sərf edir, işindən uzaqlaşır. Bu zaman karyerası inkişaf etmir, öz üzərində işləyə bilmir. Bir də var bu hüquq ona imkan verir ki, qısaldılmış iş şəraitini də davam etdirsin, uşağını da böyütsün”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, xəstə ailə üzvünə qulluq edən qadınların da iş saatı qısaldılmalıdır: “Bu kimi hallar qanunvericilikdə xüsusi hal kimi qeyd olunmalıdır. Himayəsində 14 yaşına kimi uşağı olan, eyni zamanda, sağlıq durumunda problemi olan şəxslərə nəzarət edən qadınların iş saatı dəyişilməlidir. Ancaq onu da nəzərə almaq lazımdır ki, iş saatının qısaldılması həmin qadınların əməkhaqqına təsir etməməlidir”.

Günel CƏLİLOVA

Son xəbərlər