24/03/2019 03:52
728 x 90

Azərbaycanda ən ucuz və ən bahalı kasko sığortaları…

img

“Ata Sığorta” Nigar İbrahimova: “Son zamanlar kasko sığorta ilə bağlı müraciət edənlərin sayı artıb”
“Bakı Sığorta” şirkəti: “Kasko sığorta ilə bağlı sığorta bazarına yeniliklər gətiririk”
“Günay” sığorta şirkəti - Vüsal Əsgərov: “10 000 manat dəyərində olan avtomobilin kasko sığorta qiyməti 275 manatdır”
“Atəşgah” sığorta şirkəti -  Elnur Zeynalov: “Hazırda dəyəri 10-20 min manat olan avtomobillərin kasko sığortası üçün daha çox müraciət olunur”

 

Hər bir insanın yaşadığı evdə, yol getdiyi avtomobildə, keçdiyi küçədə elə gözlənilməz hadisələr baş verə bilər ki, onları əvvəlcədən demək çox çətindir. Belə təsadüfi risqli hadisələr hər yerdə gözlənir və onlara inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdə rast gəlinə bilər. Gözlənilməz hadisələrin qarşısını almaq üçün nə qədər qabaqlayıcı tədbirlər görülsə də, bu sahədə texnoloji yeniliklərdən və maarifləndirmədən istifadə olunsa da, onlardan hər zaman yayınmaq praktik olaraq mümkün deyil. Bu da gözlənilməz hadisələrdən dəyən zərərlərin sığorta yolu ilə əvəz olunmasının əhəmiyyətini artırır.

Bu baxımdan insan həyatına sıx daxil olmuş avtomobil nəqliyyat vasitələrindən istifadə zamanı da baş verən qəfil hadisələr həm avtomobilin özünə, həm də hadisənin digər iştirakçısının həyatına, sağlamlığına, mal və əmlakına zərərlər vura bilir. Bu da, öz növbəsində, avtomobillərdən istifadə ilə əlaqədar həm mülki məsuliyyət, həm də avtomobillərin tam sığortasının əhəmiyyətini artırır. Belə ki, avtomobil nəqliyyat vasitələrindən istifadə zamanı sığorta olunmaq bəzən qaçılmaz bədbəxt hadisələrin vurduğu maddi zərərlərin əvəz edilməsində avtomobil sahibinin köməyinə gəlir. 

Ölkəmizdə mövcud olan qanuna əsasən, belə bədbəxt hadisələr zamanı üçüncü şəxslərə dəyə biləcək zərərləri ödəmək üçün icbari, zərərvuran avtonəqliyyat vasitəsinin sahibinin özünə dəymiş maddi zərəri ödəmək üçün isə avtonəqliyyat vasitəsinin tam sığorta müqaviləsi, başqa sözlə, kasko sığortası müqaviləsi bağlanır. Bəzi şəxslər icbari sığorta ilə kasko sığortanın eyni mahiyyəti daşıdığını düşünür. Ancaq icbari sığorta ilə kasko sığorta arasında fərq var. Belə ki, kasko sığortası səbəbindən asılı olmayaraq, avtomobilə dəymiş ziyanın əvəzini ödəyir. İcbari sığorta isə avtomobil sahibinin və ya sürücüsünün başqa üçüncü şəxslərin əmlakına, o cümlədən, həyat və sağlamlığına vurduğu ziyanın əvəzinin ödənilməsini təmin edir.

Kasko sığorta ilə bağlı vəziyyəti araşdırmaq üçün sığorta şirkətləri ilə əlaqə saxladıq. Məlum oldu ki, bəzi sığorta şirkətləri müştəriləri cəlb etmək üçün kasko sığorta ilə yanaşı, müəyyən kasko sığorta paketləri də təqdim edirlər.  

“Atəşgah” sığorta şirkətinin nümayəndəsi Elnur Zeynalov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar kasko sığorta üçün müraciət edənlərin sayı elə də çox deyil. Kasko sığortanın qiyməti avtomobilin ilindən, modelindən, sürücünün yaşından və təcrübəsindən asılı olaraq dəyişir.

Həmsöhbətimizin sözlərinə görə, hazırda dəyəri 10-20 min manat olan avtomobillərin kasko sığortası üçün daha çox müraciət olunur. Dəyəri 50 min manatdan yüksək olan avtomobillərin kasko sığortası üçün az müraciət olunur: “10-20 min manat avtomobillərin sığorta dəyəri 400-1000 manat arasında dəyişir. Nəzərə almaq lazımdır ki, hər maşının ehtiyat hissələrinin qiyməti fərqli olur”.  

“Ata Sığorta” ASC-nin Anderraytinq və Təkrarsığorta Departamentinin direktoru Nigar İbrahimova bizimlə söhbətində qeyd etdi ki, son zamanlar kasko sığorta ilə bağlı müraciət edənlərin sayı artıb. Artımın səbəbi əhalinin sığorta barəsində məlumatlı olması ilə əlaqədardır: “Avtomobilin dəyərinin neçə olmasından asılı olmayaraq, sığorta üçün müraciət olunur. “Ata Sığorta”nın kasko sığortası üzrə bir neçə məhsulu var. Müştəriyə kasko sığorta üzrə yeni məhsulları da təqdim edirik”.

“Günay” sığorta şirkətinin koordinatoru qəzetimizə açıqlamasında qeyd etdi ki, avtobolin kasko sığortasının qiyməti maşının mühərrikinin gücü, onun istehsal olunma ilindən asılı olaraq dəyişir: “Məsələn, 10 000 manat dəyərində olan avtomobilin kasko sığorta qiyməti 275 manatdır. Onu da deyim ki, 2015-2019-cu il istehsalı olan avtomobillərin kasko sığorta qiyməti 275 manatdır. Qeyd etdiyim kimi, maşının qiyməti, istehsal olunma ilindən asılı olaraq, kasko sığortanın qiyməti dəyişir”.

“Bakı Sığorta” şirkətindən verilən məlumata görə, adıçəkilən şirkət sığorta bazarına yeniliklər gətirir. Belə ki, sığorta şirkəti bu dəfə avtomobil sığortası üzrə yeni qiymətləndirmə sistemini (Insurance Scoring System) təqdim edib: “Standart yanaşmalardan fərqli olaraq, bu sistem kasko sığortanı daha ucuz , illik 1%-lə (orta bazar qiymətlərindən 60 % aşağı qiymətlə) əldə etmək imkanı yaradır. Tələb olunan məlumatları doldurduqdan sonra sistem avtomatik olaraq 1%-lik təklifə uyğunluğu yoxlayır və real vaxtda qiymətləndirmə aparır. Əgər nəticə uğurludursa, şəxs kasko sığortanı illik 1 % tariflə əldə etmək hüququ qazanır.

Konkret bir misal üzərindən bu yanaşmanın üstünlüyünü və faydasını belə izah etmək olar. Misal üçün, dəyəri 30 000 manat olan avtomobilin normal halda (orta bazar qiyməti) kasko sığortası 840 manatdır. Lakin sistem vasitəsilə eyni avtomobili 300 manata sığorta etmək imkanı yaranır. Bu, 540 manat qənaət etmək şansı deməkdir”.

Günel CƏLİLOVA

Son xəbərlər