17/02/2019 20:53
728 x 90

Nəşriyyatlarda “dərslik piratçıları”na hələ də rast gəlinir…

img

Rafiq İsmayılov: “Piratçılar yenə öz fəaliyyətlərinə davam edirlər”
Qəşəm İsabəyli: “Bu gün piratçılıq özünü daha çox dərslik sahəsində və kütləvi ədəbiyyatda göstərir”

 

Bu gün bütün dünyanın nəşriyyatları, çap məhsulu istehsal edən qurumları, eləcə də audiovizual nümunələr buraxan şirkətləri piratçılıqdan ciddi əziyyət çəkirlər. Bir şirkətə məxsus olan çap, audiovizual məhsulları gəlir əldə etmək məqsədilə digər bir şirkət piratçılıq yolu ilə nəşr edərək yenidən yayır. Bu hala qarşı ciddi mübarizə aparılsa da, hələ də onun qarşısını tam olaraq almaq mümkün olmayıb.

Azərbaycanda da piratçılıqla bağlı ciddi problemlər var. Bu özünü xüsusən dərsliklərin timsalında göstərir. Bir nəşriyyat müəlliflə, yaxud sifarişçi təşkilatla müqavilə bağlayır və həmin sənədə əsasən həmin nəşrin çap hüququna malik olur. Lakin başqa nəşriyyat və mətbəələr o nəşrləri təkrar çap edərək yerli bazarda satışa çıxarırlar. Hazırda yerli bazarda satışda olan nəşrlərin, dərsliklərin, testlərin xeyli hissəsinin pirat məhsul olduğu məlumdur. 

Onu da bildirək ki, ölkəmizdə müxəlif qurumlar piratçılıqla bağlı mübarizə tədbirləri görürlər. Keçən il Bakı şəhərinin müxtəlif ünvanlarında keçirilən əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkar edilərək götürülmüşdü, bu işlə məşğul olanlar isə cinayət məsuliyyətinə cəlb edilmişdilər.

Bu gün Azərbaycanda dərsliklər pulsuzdur, dövlət hesabına çap edilərək şagirdlərə pulsuz paylanır. Bəzən isə şagird sayı çox olan məktəblərdə dərslik çatışmazlığı olur. Belə olan təqdirdə müəllimlər şagirdlərə kitabı mağazadan almağı məsələhət görürlər. Dərsliklər məktəblərə pulsuz verilirsə, bəs onda arxasında “pulsuz” yazılan dərsliklər bazara necə yol tapır? Əlbəttə, bu, dərsliklərin piratçılıq yolu ilə yenidən nəşr edilməsi deməkdir. Bu gün dərsliklərin, test və iş dəftərlərinin satışda olması mənfi hal kimi qəbul edilməli deyil, ancaq bunların pirat məhsul olması mənfi haldır. Hətta məktəbli kitabçalarının da piratçılıq yolu ilə bazara çıxarıldığı məlumdur. Sirr deyil ki, mağaza və küçələrdə piştaxtalarda satılan dərsliklərin əksəriyyəti orijinallıqdan uzaqdır, onlar təkrar, özü də pirat nəşrlərdir. Mətbəələr bir-birinin nəşr etdiyi dərslikləri, eləcə də bədii ədəbiyyat nümunələrini, “Sinifdənxaric oxu” dərsliklərini pirat yolla çap edirlər. Burada əsas problemlərdən biri o kitabların çapında keyfiyyətli kağızlardan istifadə edilməməsidir. Bu da, bildiyimiz kimi, uşaqların gözləri üçün böyük təhlükə yaradır.

Dərslik nəşri ilə məşğul olan “Altun Kitab Evi” MMC-nin direktoru Rafiq İsmayılovun sözlərinə görə, onlar da piratçılıq problemi ilə üzləşiblər. O qeyd etdi ki, piratçılıqla məşğul olanların qarşısını almaq olmur və onların sayı günü-gündən çoxalır. “Digər nəşriyyatlar da, biz də şikayət edirik, aidiyyəti orqanları xəbər veririk. Ancaq bir neçə gündən sonra piratçılar yenə öz fəaliyyətlərinə davam edirlər”- deyə müsahibimiz qeyd etdi.

“Şirvannəşr”in baş redaktoru Qəşəm İsabəyli də “Bakı-Xəbər”ə bildirdi ki, piratçılıq hazırda baş alıb gedir. Q.İsabəylinin sözlərinə görə, bu özünü bədii ədəbiyyat sahəsində elə də çox göstərməsə də, daha çox dərsliklərin, məktəbli gündəlikləri, testlər, iş dəftərlərinin timsalında göstərir. “Təəssüf ki, piratçılıq Azərbaycanda da mövcuddur. Bir nəşriyyat digər nəşriyyata aid qrifli nəşri götürüb çap edirsə və onu bazara çıxarıb satırsa, əlbəttə, bu işlə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Bu gün piratçılıq özünü daha çox dərslik sahəsində və kütləvi ədəbiyyatda göstərir. Dərsliklərin üzərinə “pulsuz” yazılır, ancaq görürsən ki, həmin dərsliklər satışda da var. Bu da piratçıların iş başında olmasının nəticəsidir. Bu mənfi ənənənin davam etməsi çox pis haldır. Hazırda bədii ədəbiyyat nümunələrinin piratçılıq yolu ilə yayılmasına az rast gəlinir. İndi ən çox türkəçarələrlə, tibblə, öncəgörmə, yuxuyozmaları və sair vəsaitlər, nəşrlər piratçılığa məruz qalır. Əsasən isə bu oyunlar dərsliklərin başında qurulub” - deyə bildirən Q.İsabəyli qeyd etdi ki, bu hala qarşı mübarizə daha mütəşəkkil aparılmalıdır. O hesab edir ki, piratçılığa qarşı mübarizə tədbirləri arzuolunan səviyyədə deyil.

Q.İsabəylinin sözlərinə görə, rəhbərlik etdiyi nəşriyyatın qrifi ilə buraxılan nəşrlər də piratçılığa məruz qalır. Ötən illərdə bu halın daha geniş yayıldığını qeyd edən müsahibimiz vurğuladı ki, vaxtilə “Azərbaycan əsgəri” mahnısının sözləri və notu əks olunan açıqcalar çap ediblər, həmin açıqcalar da piratçılıq yolu ilə bazara ayaq açıb. “1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycana daxil olarkən “Marş irəli, Azərbaycan əsgəri” adlı mahnı yaranmışdı. Həmin mahnının musiqisini sonralar Cavanşir Quliyev bərpa etmişdi. O da bu mahnının sözlərinin Əhliyyət Süleymanova məxsus olduğunu qeyd etmişdi. Sonra da Əhliyyət Süleymanov da qəzetdə çıxış edib demişdi ki, bu mahnının sözləri mənə aid deyil, mən sadəcə onu eşitmişəm. Sonra biz 1918-ci illə bağlı bir kitab nəşr edərkən həmin mətnə orada rast gəldik. Sözümün canı odur ki, biz o mahnının sözləri və notu əks olunan açıqcanı təxminən 20-30 min tirajla buraxdıq. Bir gün axtarıb gördük ki, mətbəələrdən biri həmin açıqcaları çap edərək satışa çıxarıb. Yəni bu kimi hallarla qarşılaşmışıq. Hazırda da piratçılıq problemi var və buna qarşı mübarizə gücləndirilməlidir” - deyə Q.İsabəyli bildirdi.

İradə SARIYEVA

Son xəbərlər