17/02/2019 21:02
728 x 90

Bakıdakı Rus Pravoslav Kilsəsində azərbaycanlı – müsəlmanlar nə danışdı? - FOTO

“Tam yanmamış şamın kötük hissəsini yenidən keşişə qaytarıram…”

img

Başqa dinlərə qayğının, tolerant yanaşmanın ölkəmizdə mühüm ictimai xətt olduğunu təkcə özümüz yox, bütün dünya bilir. Azərbaycan dini baxımdan Qafqazın ən tolerant ölkəsidir. Burada müsəlmanlar sayca çoxluq təşkil etsə də, xristian, yəhudi və digər dinlərin nümayəndələri birgə yaşayır və həyat sürürlər. Məlumdur ki, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, dövlət tərəfindən hər kəsin ibadət etməsi üçün lazımi şərait yaradılıb. Tək Bakıda deyil, eyni zamanda, bölgələrdə də xristianlar, yəhudilər üçün ibadət ocaqları tikilib istifadəyə verilib.

Belə ibadət ocaqlarında biri də Rus Pravoslav Kilsəsidir. Bu kilsə “28 May” metrostansiyasının yaxınlığında yerləşir. Kilsə haqqında çox eşitmişdim. Adətən kilsəyə o dinə mənsub olan insanlar gedirlər. Ancaq Rus Pravoslav Kilsəsində olarkən düşündüyümün əksi ilə qarşılaşdım. Belə ki, kilsəyə xristian dininə sitayiş edənlərdən çox müsəlmanlara rast gəlmək olar. Bura gələnlər arasında müsəlmanların sayı bəlkə də ruslardan daha çox idi. Hətta eşitdiyimə görə burada tanınmış sənət adamlarını və məşhurları da görmək mümkündür. Müsəlmanların rus kilsəsinə gəlməsinin müxtəlif səbəbləri var. Kimisi bəxtini açdırmaq, kimisi dalana dirənmiş işini yüngülləşdirmək, başqa birisi isə sıxıntısına təsəlli tapmaq və ya xəstə yaxınının sağalması üçün dua etmək məqsədilə məhz kilsəyə üz tutur.

Kilsə şamları yandıqca, bütün dualar qəbul olunurmuş…

Kilsənin içərisinə daxil olan kimi divarlarından asılmış Məryəm ananın, İsa peyğəmbərin və digər xristian övliyalarının şəkilləri gözə dəyir, ikonaların qarşısında şamlar yanır. Kilsənin girəcəyindəki balaca otaqda şam, dini kitablar, təqvimlər, müxtəlif ölçülü xaçlar, müqəddəslərin şəkilləri satılır. Kilsədə olan şəxslərdən öyrəndik ki, kimsə özü ilə şam gətirib burada yandıra bilməz. Çünki kilsədə verilən şamlar arı şanından hazırlanıb və onun hər birinin üzərində Allah kəlamı var. Kilsə şamları yandıqca, bütün duaların qəbul olunduğuna inanılır. Satılan şamların, ölçüsünüdən asılı olaraq, qiymətləri də dəyişir. Balaca ölçülü şam 50-60 qəpik, böyüklər isə 7-8 manatadır. Burada alış-veriş edənlərin əksəriyyəti ana dilimizdə danışırdı və müsəlman idi.

Onu da qeyd edək ki, kilsəyə gələnlər dua edib, şam yandırmaqla yanaşı, müqəddəs sudan içirlər. Həmin suyun müqəddəs adlanmasının səbəbi isə suyun saxlandığı çənin içərisinə gümüş xaçın qoyulmasıdır. İnanca görə, gümüş xaç şər qüvvələri məhv edir. Bu səbəbdən də kilsəyə gələnlər mütləq həmin sudan içib, üzünə vurmalıdır. 

Kilsənin içərisəndə olarkən ikonaların qarşısından keçən insanların bir və ya bir neçə şam yandırdığını gördük. Hətta elə ikonalar var ki, orada şam daha çoxdur. Kilsənin içərisində sakitlikdir. Bu sakitliyi yalnız keşişlərin oxuduğu dua səsləri pozur. İkonaların qarşısında dayanan qadınların dua etdiklərini, ondan nəsə istədiklərini müşahidə etdik. Kilsəyə gələnlərin bəzisi kilsədə xidmət edən din xadimlərinin dualarının sədası altında ikonalara baş əyir, kimlərsə bir-bir onların qarşısından keçərək əllərini üzlərindən sinələrinə və sol çiyinlərindən sağa doğru apararaq xaç çəkirlər.

Kilsəyə “tapınan” müsəlmanlar…

Bütün bu mənzərəni seyr etdikdən sonra əlində şam, İsa peyğəmbərin şəkli önündə dayanıb ibadət edən bir qadına yaxınlaşırıq. Simasından dərhal azərbaycanlı olduğu duyulur. Adını açıqlamaqdan imtina edən bu xanım bizimlə söhbətində kilsəyə gəlişinin səbəbini belə izah edir: “Oğlum uzun müddətdir xəstədir, ağrıdan yata bilmir. Artıq aldığı müalicələr də ona təsir etmir. Bura gəlib gedəndən sonra keşişin ona yazdığı dua oğlumu qismən də olsa sakitləşdirir. Buna görə bura gəlirəm”. 

Qeyd etdiyimiz kimi, kilsəyə gələnlər arasında müsəlmanlar üstünlük təşkil edir. Özünü Sevda kimi təqdim edən qadınla qısa söhbətimiz oldu. Ondan kilsəyə nə üçün gəldiyini soruşdum. O isə cavabında bildirdi ki, uzun illərdir bura gəlir: “Mən məscidə getdiyim kimi, kilsəyə də tez-tez gəlirəm. Mənə elə gəlir ki, burada pis heç nə yoxdur. Hər kəs başa düşməlidir ki, məscid kimi, kilsə də Allahın evidir. Düzdür, mən müsəlmanam və müsəlman kimi də ibadət edirəm. Amma bununla yanaşı, kilsəyə gəlməyə də, xristian dini və digər bu kimi səmavi dinlərlə maraqlanmağa da pis baxmıram. Ən əsası, mən Allahı sevirəm və buna görə də Allahın göndərdiyi elçiləri də sevmək mənim bir bəndəlik borcumdur.

Bura gəlməyimin səbəblərindən biri də ailəmdə yaşanan problemlərdir. Yoldaşım mənə soyuq münasibət bəsləyir. Bura hər dəfə gəlib-gedəndən sonra yoldaşımın mənə qarşı münasibəti dəyişir. Keşiş mənə şam verir. Mən həmin şamı evdə yandırıram. Lakin şam tan yanmamış, onun kötük hissəsini keşişə gətirirəm. O yarı yanmış şama baxıb, mənə dualar oxuyur. Ondan sonra həm özümü yaxşı hiss edirəm, həm də ailəmdəki sıxıntılar aradan qalxır”.

Kilsədə təmizlik işlərinə baxan xanımlardan biri bizimlə söhbətində qeyd etdi ki, əvvəllər kilsəyə ibadət etməyə gələnlər keşiş Aleksandr atayla təmasda olurdular. Ancaq sonradan Aleksandr ata yaşının çox olmasından və səhhətində yaranan problemlərə görə kilsədən uzaqlaşdı. Hazırda onun yerinə Ruslan adlı keşiş təyin olunub. Düzdür, kilsədə bir çox keşiş var. Ancaq insanlar daha çox Ruslanın qəbulunda olmağa üstünlük verir: “Cadudan təmizlənmək, pis yuxunun təsirindən uzaq olmaq üçün Ruslan atanın oxuduğu dua onlara kömək olur. Kimsə narahatdırsa, keşiş onun dərdinə çarə tapır. Onu da deyim ki, keşiş onlardan dili ilə pul istəmir. Kimsə hörmət etmək naminə nəsə verərsə, bu ayrı məsələ”.

“Mən islam dininə xüsusi sevgi ilə yanaşıram”

Haqqında eşitdiyimiz kilsənin keşişi Ruslanla ayaqüstü də olsa söhbət edə bildik. O bildirdi ki, bura gələn müsəlmanların hər birinə hörmətlə yanaşır və islam dininə xüsusi sevgi bəsləyir: “Biz bura gələn müsəlmanların hər birinə hörmət və sevgi ilə yanaşırıq. Bizim dinimiz ayrı olsa da, başa düşmək lazımdır ki, hər bir insanı yaradan Allahdır. Allahın yaratdıqlarını sevmək isə bizim borcumuzdur. Mən islam dininə xüsusi sevgi ilə yanaşıram, hətta müsəlmanların müqəddəs kitabı olan Quranı da oxuyuram. Dəfələrlə məscidlərdə və müsəlmanların müqəddəs yerləri sayılan ocaqlarda olmuşam”.

Günel CƏLİLOVA

Son xəbərlər