17/02/2019 20:51
728 x 90

Azərbaycan Könüllülər hərəkatında KİV üçün də meydan açılır…

“Könüllülük institutunun daha da genişləndirilməsi çox vacib amillərdən biridir”

img

Elçin Mirzəbəyli:Azərbaycan mediası Könüllülük hərəkatının stimullaşdırılması ilə bağlı konkret nümunələr təqdim etməklə prosesin özünə dəstək verə bilər”

 

“Özəl və ictimai sektoru, bütün vətəndaşlarımızı Könüllülər hərəkatında yaxından iştirak etməyə çağırırıq”. Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, son zamanlar digər dövlət orqanları da könüllülük proqramları ilə çıxış etməyə başlayıblar: "Yaxşı olardı ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyələrini, könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətini nəzərə alaraq, özəl və ictimai sektor, o cümlədən kütləvi informasiya vasitələri də bu prosesə fəal qoşulsunlar. Eyni zamanda, bütün vətəndaşlarımızı, xüsusilə də gəncləri könüllülər hərəkatında yaxından iştirak etməyə çağırırıq".

Könüllülük fəaliyyətinə gənclərin stimullaşdırılması üçün kütləvi informasiya vasitələrinin məlum prosesdə fəal iştirakının vacibliyi barədə danışan “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Könüllülük hərəkatı Azərbaycanda öz effektini hələ Birinci Avropa Oyunları zamanı göstərib: “Həmin ərəfədə könüllü kimi fəaliyyət göstərən gənclərin müvafiq dövlət qurumunda, özəl sektorda uğurla çalışdığının şahidi olmuşuq. Onlar könüllü kimi fəaliyyət göstərdikləri ərəfədə kifayət dərəcədə təcrübə qazandılar. Son nəticədə bu, dövlətimizin, xalqımızın mənafeyinə xidmət edir. Bu aspektdən də könüllülük institutunun daha da genişləndirilməsi çox vacib amillərdən biridir. Keçilən yol bu prosesin nə dərəcədə əhəmiyyətli olduğunu təsdiqləyir. Medianın bu prosesdə iştirakına gəlincə, deyə bilərəm ki, mətbuat bu günə qədər üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Ancaq Əli müəllimin çağırışında kifayət qədər ciddi məqamlar var. Bu məqamlarda medianın xüsusilə diqqət yetirəcəyi istiqamətlər yer alıb. Konkret istiqamətlər üzrə hərəkət etmək çox əhəmiyyətlidir. Hesab edirəm ki, medianın məlum məsələ ilə bağlı prosesə daha aktiv şəkildə qoşulmasına ehtiyac var. Könüllülərin konkret işləri haqqında materiallar yayılmalı, eyni zamanda, bu sahədə uğur qazanmış gənclərin timsalında reportajlar hazırlanıb ölkə cəmiyyətinə təqdim olunmalıdır” .

E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycan mediası Könüllülük hərəkatının stimullaşdırılması ilə bağlı konkret nümunələr təqdim etməklə prosesin özünə dəstək verə bilər.

Günel CƏLİLOVA

Son xəbərlər