23/02/2019 05:41
728 x 90

AMEA-da intizamsızlıqla bağlı araşdırma bizi daha ziddiyyətli problemlərə gətirib çıxardı

“Alimlərin işə davamiyyətinin zəif olması onların əməkhaqlarının aşağı olması amili ilə də bağlıdır”

img

İlqar Orucov: “Hesab edirəm ki, elm sahəsində ciddi islahatlar həyata keçirilməlidir ki, burada sağlam elmi mühit formalaşsın”

 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) başlanan struktur islahatlarının ilkin işartıları görünməkdədir. Hazırda AMEA əməkdaşlarının əmək intizamına münasibəti müzakirə edilir. Bu qurumda elmi işçilərin əmək intizamına riayət etməsi üçün müxtəlif mexanizmlər tətbiq edilib. Onlardan biri binaya daxil olan əməkdaşların kart sistemindən istifadə etməsidir. Yəni əməkdaş işə gələrkən ona verilən və işə gəldiyini təsdiq edən kartı xüsusi cihaza vuraraq keçməlidir ki, onun həmin gün işdə olub-olmaması bilinsin.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli mətbuta bidirib ki, işçilərin heç də hamısı əmək intizamına əməl etmir və işdən yayınma, elmi işçilərə yaradılan yaradıcılıq şəraitindən sui-istifadə halları mövcuddur.

İ.Həbibbəyli hesab edir ki, elmi işçilərin həftənin bütün günlərində işə gəlməsini tələb etmək onların yaradıcılıq imkanlarının məhdudlaşdırılması demək deyil. Çünki AMEA-nın bütün institutlarında elmi işçilərin kitabxanalara getmədən, işlədiyi müəssisədə elmi fəaliyyətlə məşğul ola bilməsi üçün şərait yaradılıb.

O qeyd edir ki, alimlər işdən yayınmaqlarının səbəbini kitabxanalarda olmaları ilə əlaqələndirirlər. Halbuki, bunun üçün bütün institutlarda kitabxanalar və oxu zalları yaradılıb, institutların çoxunda isə hətta müasir elektron kitabxanalar təşkil edilib. “Kitabxana rəhbərləri institutların işçiləri üçün lazım olan kitabların sifarişini qəbul edirlər. Kitabxanalar həmin kitabları Mərkəzi Elmi Kitabxanadan gətirirlər, daha sonra isə onu işçiyə verirlər. Belə imkan hesabına işçilərin kitabxanalara getmə zərurəti aradan qaldırılır. Əgər kitabı əldə etmək mümkün olmursa, işçini rəsmi məktubla elmi işə görə arxivlərə, digər mərkəzi kitabxanalara göndəririk. Akademiyada bəziləri işə gəlmir və soruşanda da deyir ki, kitabxanada idim. Yoxlayanda isə məlum olur ki, kitabxanada olmayıb. Təbii ki, bu, hamıya aid deyil. Əgər kimsə hər gün kitabxanalara getmək üçün “yaradıcılıq günləri”nin olmasını istəyirsə, onda, demək, kitabxana onlar üçün bəhanədir. Çünki kitabxana ilə bağlı hər cür şərait var. Düşünürəm ki, bunu etmək istəyənlər əmək intizamından yayınmaq istəyənlərdir. Düzdür, bunu inzibati qaydada etmirik, amma istəyirik ki, akademiyada əmək intizamına əməl edilsin, çünki bundan sui-istifadə edilməsi halları var. Bunu hamıya şamil etmək olmaz, amma belə hallar var və onun qarşısı alınmalıdır” - deyə o bildirib.

Akademiya işçilərinin işdən yayınması nə ilə bağlı ola bilər? Onların işə davamiyyətinin pozulması şəraitsizliklə, əməkhaqlarının aşağı olması ilə, yoxsa elm sahəsinə maraqlarının azlığı ilə bağlıdır? Həyata keçirilən struktur islahatları nəticəsində işə davamiyyəti zəif olan əməkdaşlar ixtisara düşə bilərmi?

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, dünyanın heç bir yerində elm adamlarına münasibət bu cür deyil. “Əgər Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında çalışan alimlər, elmi işçilər işə gəlmirlərsə, bu səbəbsiz deyil, bunun ciddi səbəbləri var. Alimlərin işə davamiyyətinin zəif olması onların əməkhaqlarının aşağı olması amili ilə də bağlıdır. Reallıq budur ki, Azərbaycan elmi dünya elmi ilə müqayisədə xeyli geri qalır. Çox təəssüf olsun ki, vaxtilə yaradılan elmi məktəblər dağılmaqdadır. Bir neçə ildir orada yeni sistem tətbiq edilib və işçiləri zorla işdə saxlamaq istəyirlər. Bu isə yanlış tendensiyadır. Fikirləşirəm ki, bu, doğru olmayan bir yoldur. Hətta SSRİ dövründə belə alimlərə müəyyən sərbəstlik verilirdi. Xüsusən də humanitar və ictimai elmlər sahəsində çalışan alimlərə 2 və 4-cü günlər sərbəstlik verirdilər. Yəni həmin günlər onların “yaradıcılıq günləri” idi. Onlar kitabxanalarda, digər yerlərdə elmi araşdırmalarla məşğul olurdular. Akademiyada xeyli sayda “ölü can” var, onlar da, ümumiyyətlə, ortada görünmürlər. Əmək intizamının pozulması bir qrup alimə qarşı təzyiq kimi istifadə edilir. Deyirlər ki, kimlər işləyir işləsin, kimlər də işləmir çıxıb getsin. Gerçəklik budur ki, akademiyada işə davamlı gələn insanların da çoxu, əslində, heç elmlə məşğul deyil, onlar bura gün keçirməyə gəlirlər. Alimlərin işə davamiyyətinin zəif olmasının səbəblərinə gəlincə, bu sistemdə əməkhaqqı çox azdır. Savadlı, istedadlı elm adamları müxtəlif müəssisələrdən gəlib burada müdafiə edib gedirlər, yəni maaş az olduğu üçün, onlar burada işləmək istəmirlər. Özünü elmə bağlamaq istəyən adamlar da çıxıb xaricə gedirlər. Elm adamları üçün mühit çox vacibdir” - deyə İ.Orucov qeyd etdi. Onun sözlərinə görə, hətta bu gün Rusiyanın özündən də Cənubi Koreya, ABŞ kimi ölkələrə alim axını mövcuddur.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında gerçək elmi mühitin olmadığını deyən İ.Orucovun sözlərinə görə, baxmayaraq ki, ölkə başçısı bu qurumun maddi-texniki bazasının gücləndirilməsi üçün müvafiq qərarlar verir, AMEA müasir cihazlarla təmin edilib, burada müasir elektron kitabxana sistemi qurulub, lakin alimlər bu kitabxanaya üz tutmurlar. “Akademiyada əsasən o adamlar qalıb işləyirlər ki, onlar başqa yerlərdə iş tapa bilmirlər və ümidlərini bura bağlayıblar. Onların arasında isə çox az sayda elm fanatı var ki, həqiqətən onlar bu quruma bağlıdırlar. Bu alimlər başqa yerlərdə özlərini görə, realizə edə bilmirlər. Xeyli sayda gənc alim tanıyıram ki, çox istedadlı və savadlı idilər. Akademiyada elmi mühit olmadığı üçün, onlar burada, sadəcə, elmi iş müdafiə edib sonra çıxıb getdilər. İllər boyu demişəm ki, elmə münasibət belə olmalı deyil. Elə məmurlar var ki, nəinki özlərinin, hətta həyat yoldaşlarının, qızlarının və gəlinlərinin də akademiyada elmi iş müdafiə etməsinə nail olublar. Onlar istəyirlər ki, adlarının qarşısında elmi dərəcə olsun. Bunu da elmi ictimaiyyətdə hər kəs bilir. Belə olduğu halda, alimin işə gəlməsinə, elmlə məşğul olmasına heç bir stimul yoxdur. Hesab edirəm ki, elm sahəsində ciddi islahatlar həyata keçirilməlidir ki, burada sağlam elmi mühit formalaşsın, əsl elm adamları da əmək intizamına əməl edərək həvəslə işə gəlsinlər. Təəssüf ki, bürokratik yollarla əməkdaşların əmək intizamına riayət etməsinə nail olmaq olmaz” - deyə İ.Orucov vurğuladı. O, həmçinin, bildirdi ki, AMEA-da həyata keçirilən struktur islahatları şəffaf keçirilməli və hər şey elmin xeyrinə həll edilməlidir.

Cəmiyyət sədrinin AMEA sistemində elmi mühitlə bağlı dedikləri kifayət qədər ciddi və həm də əhəmiyyətli olduğu üçün, onların ətrafına əlavə müzakirənin açılması vacibdir. Buna görə də AMEA-nın məsələ ilə bağlı geniş açıqlamalarını da dərc etməyə çalışacağıq. Əslində, Cəmiyyət sədrinin fikirləri ilə İsa Həbibbəylinin dedikləri arasında çox ziddiyyət var. Belə ki, İsa Həbibbəylinin dediyi kimi, əgər bütün institutlarda lazımi şərait təmin edilibsə, o zaman İlqar Orucovun “elmi mühit yoxdur” sözləri uyğunsuz səslənir. Ancaq bir sıra məqamlara, hər halda, yenidən qayıtmağa ehtiyac var. Məsələn, əməkhaqqı ilə bağlı deyilənlər və sair...

İradə SARIYEVA 

Son xəbərlər