17/02/2019 21:02
728 x 90

Məktəb dərsliklərinin hazırlanmasında peşəkar rəssam problemi – Dədə Qorqud sanki “siqaret çəkir”…

img

Ziyadxan Əliyev: “Avropa ölkəsinə aid şəkilləri internetdən götürüb kitablara salmaq olmaz”
Rauf Əbülhüseynoğlu: “Dərsliklərə baxanda adama elə təsir bağışlayır ki, burada işləyən rəssamlar sanki tariximizdən xəbərsizdirlər”

 

Dərsliklərin yalnız məzmununda deyil, eyni zamanda, burada mövzularla əlaqədar yer alan görüntülərdə də milliliyi ifadə edən çalarlar olmalıdır. Əvvəllər bu məsələyə xüsusi əhəmiyyət verilsə də, son dövrlər dərsliklərə salınan şəkillərin forma və məzmununa elə də diqqət yetirilmir. Hər bir xalqın öz antropoloji quruluşu var.

Bəzən görürsən ki, dərsliklərimizə salınan şəkillərdə Azərbaycan antropologiyasından əsər-əlamət yoxdur. Tutalım, “Azərbaycan tarixi” və “Ədəbiyyat” dərsliklərində milli adət və ənənələrimizlə, tarixi qəhrəmanlarımızla bağlı mövzuların mətnlərinə elə şəkillər daxil edilir ki, onun bizimlə yaxından-uzaqdan heç bir əlaqəsi olmur.

Elə götürək 5-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyini. Ana kitabımız olan “Kitabi-Dədə Qorqud” ədəbi abidəsi, eposu ilə bağlı mövzuda xalqımızın müdriklik, aqillik, ozanlıq simvolu olan Dədə Qorqudun şəkli tamamilə onun missiyasına uyğun olmayaraq təsvir edilib. Dədə Qorqudun 5-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyinin üz qabığında təsvir olunan şəkli sosial şəbəkələrdə ciddi şəkildə müzakirə edilməkdədir. Məsələ burasındadır ki, həmin şəkildə sol əlinin barmaqlarını çənəsinə tutan Dədə Qorqud sanki siqaret, ya da siqar çəkirmiş kimi baxır. Dədə Qorqudun qopuzu isə fotoda tamamilə əks olunmayıb.

Ekspertlər hesab edirlər ki, dərsliklərin düzgün tərtib edilməsi olduqca vacibdir. Onlar qeyd edirlər ki, çox zaman dərslik nəşri ilə məşğul olan nəşriyyatlar, bir qayda olaraq, dərsliklərə salınan fotoşəkilləri internetdən əldə edirlər. Bəzən heç onun müəlliflərinin kim olduğu da bilinmir. Kitab tərtibatı sahəsində ciddi problemlər olduğunu deyən əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Ziyadxan Əliyevin sözlərinə görə, bütün dərsliklərdə illüstrasiyaların çəkilməsində kompyuter qrafikasından deyil, rəssam işindən istifadə edilməlidir. O hesab edir ki, dərsliklərdə yer alan şəkillər mövzuya uyğun şəkildə milli obrazlarda təqdim edilməlidir. “Bu gün kitab rəssamlığı, demək olar ki, sıradan çıxmaq üzrədir. Kompyuter qrafikasının mövcudluğu kitab rəssamlığına olduqca mənfi təsir göstərib. Dərslik çapı ilə məşğul olan bir sıra nəşriyyat və naşirlərimiz rəssamlara sifarişlər vermək əvəzinə, internetdən müxtəlif şəkilləri götürüb kitablarda istifadə edirlər. Rəssamların potensialından, yaradıcılığından istifadə edilməməsi nəticəsində mövcud problemlər yaranır. Düşünürəm ki, Azərbaycanın tarixi qəhrəmanları ilə bağlı mövzuların mətnlərində hansısa Avropa ölkəsinə aid şəkilləri internetdən götürüb kitablara salmaq olmaz. Dərsliklərdə kitab qrafikasından istifadə edilməlidir”-deyə o qeyd etdi.

Rəssam Rauf Əbülhüseynoğlu da hesab edir ki, dərsliklərin üz qabıqları, eləcə də içərisindəki şəkillər mövzulara uyğun verilməlidir. Onun sözlərinə görə, tarixi qəhrəmanlarımız milli obrazda verilməlidir. Onları başqa cür təqdim etməyin yolverilməz olduğunu deyən rəssam hesab edir ki,  qəhrəmanlarımızın milli obrazda verilməsi şagirdlər tərəfindən sevilməsinə səbəb olur. “Tarixlə, ədəbiyyatla bağlı dərsliklərin üz qabıqlarının hazırlanmasına xüsusi önəm verilməlidir. Qəhrəmanlarımız olduğu kimi təsvir edilməlidir. Dərsliklərdə Azərbaycan tarixini, ədəbiyyatını dərindən bilən rəssamların, kitab qrafikası ilə məşğul olan rəssamların işlərindən istifadə edilməlidir. Lakin dərsliklərə baxanda adama elə təsir bağışlayır ki, burada işləyən rəssamlar sanki tariximizdən xəbərsizdirlər. Bu gün rəssamlarımızın çoxu Dədə Qorqud, Koroğlu, Babək və s. mövzularda gözəl əsərlər çəkiblər. Bu əsərlərdə milli kolorit özünü göstərir. Kompyuter qrafikası rəssam işini əvəz edə bilməz. Biz dərsliklərin üz qabığını milli ideologiyamıza uyğun şəkildə tərtib etməliyik. Bu məsələyə dərslik çap edən nəşriyyatlar xüsusi fikir verməlidirlər” - deyə rəssam qeyd etdi.

İradə SARIYEVA 

Son xəbərlər