23/02/2019 05:40
728 x 90

Bakıda bir nömrəni müxtəlif avtomobillərdə işlədən sürücülər...

Əgər dəyişiklik, sadəcə, şəkil çəkdirmək üçündürsə...

img

Vaqif Əsədov: “Bu əməl qanuni məsuliyyət və inzibati xəta tərkibi yaradır”
“Həmin avtomobil başqa qeydiyyat nişanı ilə hərəkət etdiyi üçün, yol hərəkətindən kənarlaşdırılır”

 

Son iki gün ərzində Bakıda baş verən bir yol hadisəsi geniş müzakirələrə yol açmış oldu. Həmin məlumatda bildirilirdi ki, Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bu haqda Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu məlumat yayıb. Məlumata əsasən, fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü Sunay Vəliyev idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq öldürüb və hadisə yerindən qaçıb.

Faktla bağlı Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. Məlum olub ki, qəzanı törədən şəxs “Laçın” ticarət mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. O, bahalı maşın kolleksiyalarını sosial şəbəkələrdə yaymaqla tanınıb. Sosial şəbəkələrdə yaydığı fotolara əsasən, 99 VS 999 dövlət nömrə nişanı həm də S.Vəliyevə məxsus son model “Lexus” avtomobilinin üzərindədir. Müzakirələrə səbəb olan mövzulardan biri də məhz budur. Dəfələrlə oliqarx övladlarının və digər zəngin balalarının maşın kolleksiyalarında bu cür hallara rast gəlindiyi üçün insanlar sual edir: eyni nömrə və seriya bir neçə avtomobilin üstündə necə gəzdirilə bilər?

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələyə yalnız bir aspektdən yanaşmaq olmaz: “Gəlin məsələyə kompleks yanaşaq. İndiyə kimi də belə hallarla bağlı müxtəlif KİV-lərdə materiallar yayılıb. Ancaq burada məsuliyyət dərəcəsinin dəqiq müəyyənləşməsinə ehtiyac var. Tutaq ki, siz və ya mən belə bir hərəkət edirik. Özümüzə aid olan avtomobilimizin bəlli nömrəsini qarajda çıxarıb başqa bir avtomobilin üzərinə taxıb şəkil çəkdiririk. Burada DYP hansı cəzanı tətbiq edə bilər? Təəssüf ki, bu cür hallarda ilkin olaraq hədəf kimi DYP seçilir. Belə halın yaşanmasında DYP heç bir cərimə tətbiq edə bilməz. Ancaq nəqliyyat vasitəsinə verilən dövlət nömrə nişanının üzərindən çıxarılıb başqa avtomobilin üzərinə vurularaq sürülməsi qanunla qadağandır. Bu əməl qanuni məsuliyyət və inzibati xəta tərkibi yaradır. Həmin avtomobil başqa qeydiyyat nişanı ilə hərəkət etdiyi üçün, yol hərəkətindən kənarlaşdırılır”.

Vaqif Əsədov kənarlaşdırılma dedikdə, avtomobilin cərimə meydançasına aparıldığını nəzərdə tutduğunu bildirdi: “Bundan sonra qanunvericiliklə müəyyən edilmiş cərimə tətbiq edilir. Yəni bu məsələdə hərəkətdə olan avtomobillə, qarajda fotosu çəkilən nəqliyyat vasitəsi arasında fərq qoyulmalıdır. İstənilən halda, heç elə fotoların çəkilməsi də düzgün deyil. Mən vətəndaşlarımızdan xahiş edirəm ki, bu cür qanunsuz əməlləri təbliğ etməsinlər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər