23/02/2019 05:45
728 x 90

Özəl klinikalarda müxtəlif analizlərin qiyməti inanılmaz həddə çatıb

“Azərbaycanda özəl klinikalarda analiz qiymətlərinin baha olmasının iqtisadi əsası yoxdur”

img

Vüqar Bayramov: “Ölkədə dərman preparatlarının qiyməti tənzimlənsə də, xidmətlərin qiyməti tənzimlənmir”

 

Azərbaycanda özəl klinikaların sayı durmadan artsa da, bu, həmin klinikalarda qiymətlərin azalmasına təsir göstərmir. Adətən sayın çox olması klinikalar arasında rəqabətə, bu da öz növbəsində, qiymətlərin aşağı düşməsinə gətirib çıxarmalıdır.

Vətəndaşlar xüsusilə özəl klinikalarda müayinə və həkim məsləhəti üçün tələb olunan məbləğin həddən artıq yüksək olmasından şikayətlənirlər. Bir neçə il əvvəl özəl tibbi mərkəzlərdə qiymətlərin bahalığına bir çox amil təsir edirdi. Bu onların yerləşdikləri yerdən, texniki avadanlıqlarının göstəricisindən, reaktivlərin alınma qiymətlərindən, rəqabətli tibbi xidmətdən və tibbi personalın peşəkarlıq səviyyəsindən asılı idi. Hətta hər hansı bu kimi klinikada bir neçə tanınmış professor çalışırdısa, bu faktor oradakı qiymətlərə avtomatik olaraq təsir edirdi. Ancaq sonralar bu amilin rolu azaldı. Özəl klinikalar, necə gəldi, qiymətləri artırdılar. Xüsusən də özəl klinikalarda aparılan analizlərin qiymətləri çox bahadır. Həkim konsultasiyası 30-80 manat arasında dəyişir. Bir pasiyent orta hesabla 150-200 manat xərcləyir. Analizlər isə 50-100 manatdan başlayır. Elə analizlər var ki, qiymətləri 350-500 manatdır. Bəzən klinikalar pasiyentləri “soymaqdan” ötrü onları lüzumsuz yerə analiz verməyə yönəldirlər. Halbuki, görürsən çox vaxt buna heç bir ehtiyac olmur. Özəl klinikalarda bu problem özünü son illər daha çox göstərir. İş ondadır ki, analizlərin qiymətinin baha olması azmış kimi, xəstələrin yersiz analiz verməyə yönləndirilməsi halları da artmaqdadır. Bu səbəbdən bir çox pasiyent analiz verməkdən ötrü İrana gedir. Çox vaxt özəl klinikalar analizlərin bahalığını avadanlıqların baha olması ilə əsaslandırmağa çalışırlar. Ancaq müşahidələr göstərir ki, onlar, əslində, bu amildən sui-istifadə edirlər.

Bütün hallarda, Azərbaycanda özəl klinikalarda analiz qiymətləri niyə bahadır?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, özəl klinikalarda analiz qiymətlərinin baha olmasının iqtisadi əsası yoxdur: “Özəl klinikalarda ümumən qiymətlər, həmçinin, analizlərin qiyməti çox təəssüf ki, vətəndaşların gəlirlik səviyyəsinə uyğun deyil. Vətəndaşlara daha baha qiymətə xidmətlər təklif olunur. Baxmayaraq ki, özəl klinikalarda analizlərin qiyməti yüksəkdir, bəzi hallarda həkimlər məqsədyönlü şəkildə xəstələri bu klinikalara yönəldirlər. Dövlət xəstəxanasında işləyən həkimlər pasiyentləri özəl klinikaya yönəldirlər. Bu da həkimlərlə özəl klinikalar arasında qeyri-rəsmi sövdələşmənin olmasından xəbər verir. İstənilən halda, Azərbaycanda özəl klinikalarda analiz qiymətlərinin baha olmasının iqtisadi əsası yoxdur. Bu sahədə qiymətlər kifayət qədər yüksəkdir. Ölkədə dərman preparatlarının qiyməti tənzimlənsə də, amma xidmətlərin qiyməti tənzimlənmir. Bununla belə, süni qiymət artımı qanunvericiliklə qadağan olunsa da, özəl klinikalar buna əməl etmirlər. O baxımdan hesab edirəm ki, birmənalı şəkildə, bu istiqamətdə monitorinqin keçirilməsinə ehtiyac var. Süni qiymətlərin tətbiq olunduğu klinikalarda qiymətlərin aşağı salınması istiqamətində, ən azından, tövsiyə xarakterli tədbirlərin həyata keçirilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, özəl klinikalarda qiymətlərin baha olması səbəbindən vətəndaşlar bundan istifadə edə bilmirlər. Bir sıra hallarda vətəndaşlar borclanmaya gedib analiz verməyə məcbur olurlar. Ona görə də bütün bunların qarşısını almaq üçün qiymətlərin optimallaşdırılmasına və monitorinqin aparılmasına ehtiyac var”.

Vidadi ORDAHALLI

Son xəbərlər