23/02/2019 05:41
728 x 90

24 yaşlı fiziki qüsurlu Babək çox istedadlı toxucuya çevrilə bildi - FOTO

img

Heç kim istəməz ki, həyata fiziki qüsurla gəlsin. Hamı sağlam yaşamaq istəyir. Amma əfsuslar olsun ki, həyatda bəziləri üçün bu, əlçatmaz arzuya çevrilir.

Amma təbii ki, həyata necə gəlməyimiz əsas deyil, başlıcası odur ki, sağlam düşüncəli olasan. Sevindirici haldır ki, fiziki məhdudiyyətli olsa da, onu özünə dərd etməyən gənclərimiz var. Babək İsmayılov da onlardan biridir. Qollarının anadangəlmə qüsurlu olmasına baxmayaraq, o, həyatda istədiklərini mümkün qədər reallaşdırmağa can atır. Ürəyinin hökmü və iradəsi ilə hərəkət edir.

İsmayılov Babək Baba oğlu 1993-ci il yanvarın 17-də Lənkəran rayonunun Veravul kəndində anadan olub. O, boş oturmağı və kiminsə ona qüsurlu olduğuna görə maddi yardım göstərməsini heç vaxt özünə sığışdırmayıb. Əlil olmağına baxmayaraq, bacardığı qədər əlindən gələni edir və az da olsa, istədiklərini reallaşdıra bilir. Babək 1 saylı İmkanları məhdud olan gənclərin peşə-reabilitasiya mərkəzinə müraciət edib və orada toxuma sənəti ilə tanış olaraq, bunu çox bəyənib. Toxumağa həvəsi artıb, öyrənmək qərarına gəlib. Əvvəlcə əllərinə görə çətinlik çəksə də, sonradan tam toxumağı öyrənib. Hazırda gözəl əl işləri toxumağı bacarır. Öz üzərində isə var qüvvəsilə işləyir və çalışır ki, bacarıqlarını durmadan təkmilləşdirsin. Çünki bu sənəti çox sevib. Babək deyir: “Mən xoşlamıram əlimin qüsuruna görə oturub gözləyim və kiminsə mənə nəsə verməsilə kifayətlənim, axı mənim gələcəyim var, inşallah, gələcəkdə evlənəndə, ailə başçısı olanda ailəmin dolanışığı üçün öyrəndiyim bu sənətdən bəhrələnəcəyəm. İndi arzum budur ki, mənim sənətimə dəyər versinlər və satış üzrə dəstək olsunlar. Mənim üçün elə bir yer təşkil etsinlər ki, öz əl işlərimi sata bilim. Beləliklə, mənə həm maddi, həm də mənəvi dəstək olarlar”.

Babək təkcə toxuculuq sənəti ilə də kifayətlənməyib, aktyorluğa da maraq göstərir. Bu yaxınlarda Türkiyəyə yaradıcı fəaliyyətə görə dəvət alıb, orada mötəbər tədbirlərdə uğurla iştirak edib və sertifikatla təltif olunub.

Babəkin həyat sevgisi bir çox fiziki məhdudiyyətli gənclərə örnəkdir. Bizlər də bacardığımız qədər onun kimi vətəndaşlarımıza dəstək olmalıyıq. Çünki bizim həssas münasibətimiz, anlayışımız və qayğımız onlara mənəvi ruh verər, özlərini cəmiyyətə gərəkli hiss etmələrinə səbəb olar.

Ülviyyə GÜLBABAQIZI

Son xəbərlər