23/02/2019 05:36
728 x 90

Respublika Təhsil Şurasında mərhum sədrdən sonra nələr baş verir…

İlhamə Rəsulova: “Samir Mehdizadə və atamın çörəyini yeyib ona xəyanət edən Böyükağa Mikayıllı iddia edirlər ki Təhsil Şurası tam onlara aiddir”

img

Nadir İsrafilov: “Respublika Təhsil Şurası ətrafında baş verənlərə görə təəssüf hissi keçirirəm”

 

Azərbaycan təhsilinin dayaqlarının möhkəmlənməsində mərhum təhsil xadimi, professor Əjdər Ağayevin yaratdığı Respublika Təhsil Şurasının rolu danılmazdır. Qeyd edək ki, qurum 1998-ci ildə mərhum prezident Heydər Əliyevin təklifi ilə, Azərbaycan müəllimlərinin XI qurultayında professor Əjdər Ağayev tərəfindən yaradılıb. Professor Ağayevin vəfatından sonra Respublika Təhsil Şurası ətrafında müəyyən söz-söhbətlər yaranıb. Son günlər sosial şəbəkələrdə təhsil mütəxəssislərinin ən çox diqqət yetirdiyi məsələlərdən biri budur. Respublika Təhsil Şurasında nə baş verir?

Ə.Ağayevin qızı İlhamə Rəsulova “Bakı-Xəbər”ə bildirdi ki, fevralın 16-da Dövlət İqtisad Universitetində Təhsil Şurasının iclası keçirilməlidir. O qeyd etdi ki, bu iclası keçirməkdə israrlı olan şəxslər həqiqətə uyğun olmayan məlumatlar yayaraq, təhsil ictimaiyyətini çaşdırmaq istəyirlər. Onun sözlərinə görə, məktəblərdən birinin direktoru olan Samir Mehdizadə və Böyükağa Mikayıllı iddia edirlər ki, Təhsil Şurası tam olaraq onlara aiddir. Həmin adamlar Şuraya S.Mehdizadənin sədr olmağını istəyirlər. “Samir Mehdizadə və atamın çörəyini yeyib ona xəyanət edən Böyükağa Mikayıllı iddia edirlər ki, Təhsil Şurası tam onlara aiddir. Bu qədər müəllim, professor nə üçün onların rəhbərliyi altında fəaliyyət göstərməlidir? Fevralın 16-sı Təhsil Şurasının sədrliyinə seçim olacaq. Hesab edirəm ki, normal, analiz etmək qabiliyyətinə malik olan insanlar düzgün seçim edəcəklər” - deyə İ.Rəsulova qeyd etdi.

Təhsil Şurasında baş verənlərə tanınmış təhsil eksperti Nadir İsrafilovun da münasibətini öyrəndik. O, “Bakı-Xəbər”ə bildirdi ki, daxili məsələ daxildə həll olunmalıdır:”Respublika Təhsil Şurası ətrafında baş verənlərə görə təəssüf hissi keçirirəm. Bu hal, ən azından, Əjdər müəllimin ruhuna hörmətsizlikdir.

Mən Şura üzvü deyiləm, sadəcə olaraq, son ümumi yığıncaqda dəvətli kimi qonaq qismində iştirak etmişəm. Məndən başqa digər dəvətlilər də olub. Həmin yığıncaqda məruzə və çıxışlardan sonra Təhsil Şurasının İdarə Heyəti və yeni sədri seçilmişdi. İndi bəyan edilir ki, “17 noyabr 2018-ci ildə bir qrup şəxs Təhsil Şurasının ümumi yığıncağı adı ilə qanunsuz iclas keçirib. Həmin iclasda Təhsil Şurasının qanuni sədri, sədr müavini və katibi iştirak etməyib”. İddiaya görə, “həmin iclasda iştirak etməyən, Şura üzvü olmayan bəzi kənar şəxslər İdarə Heyətinə daxil edildiyi halda, uzun illər Şuranın inkişafında böyük əməyi olan şəxslərin iştirakı olmadan, onların fikirləri dinlənmədən, heç bir məlumat verilmədən onlar İdarə Heyətindən uzaqlaşdırılıblar”. Əlbəttə, Şuranın daxili işlərinə müdaxilə xarakterli mövqe sərgiləmək mənim səlahiyyətim çərçivəsində olmadığından, artıq ictimailəşdirilən iddialara subyektiv münasibət bildirməyim də kimlərəsə yersiz görünə bilər. Bu, Təhsil Şurasının daxili məsələsidir və onun İdarə Heyətinin daxilində də həll olunmalıdır. Görünür, Şuranın yaradıcısı və əvəzsiz sədri olmuş Əjdər müəllimin səhhəti ilə bağlı o vaxt ümumi yığıncağın işində iştirak edə bilməməsi hadisələrin belə bir məcraya yönəlməsinə gətirib çıxarıb. Onu bilirəm və bilavasitə şahidiyəm ki, 1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayında ümummilli lider Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə təsis olunmuş, mərhum pedaqoqumuz Əjdər Ağayevin rəhbərliyi ilə ilk fəaliyyətə başlamış, öz məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, Azərbaycan təhsilinin, məktəb problemlərinin həllində yaxından iştirakının təmin edilməsi, ölkənin bir çox görkəmli və tanınmış elm və təhsil xadimlərinin, xüsusilə də qabaqcıl müəllimlərinin bir araya gətirilməsi və onların fəaliyyətinin örnək olaraq öyrənilməsi və geniş təbliği kimi məsələlər Təhsil Şurasının işində mühüm yer tutmaqla yanaşı, bu gurumu geniş təhsil ictimaiyyəti üçün nüfuzlu qeyri-hökumət statuslu bir təşkilata çevirib”.

Onun qeyd etdiyinə görə, bu mənada, Respublika Təhsil Şurası böyük pedaqoqumuzun adını, nüfuzunu, əməllərini yaşatmağa borcludur. O bildirdi ki, Əjdər müəllim, hadisələrin hansı məcraya yönəlməsindən asılı olmayaraq, bundan sonra da böyük əmək və zəhmət hesabına yaratdığı bu Şuranın fəxri sədri olaraq xatirələrdə yaşayacaq. “Hesab edirəm ki, tezliklə İdarə Heyətinin  istər keçmiş, istərsə də yeni üzvləri bir araya gəlməli, birgə səylərini birləşdirməli, yekdil mövqe nümayiş etdirərək, dialoq yolu ilə məsələnin yeni aspektlərdən hallandırılmasının, hüquqi və digər müstəvilərə daşınmasının qarşısını almalıdırlar. Çünki qarşıdurma zəminində prosesi gərginləşdirmək vəziyyətdən çıxış yolu deyil. Məsələyə xeyli sayda sosial şəbəkə istifadəçisinin də cəlb olunduğunu nəzərə alsaq, belə bir gedişat nəinki Respublika Təhsil Şurasına, bütövlükdə, ölkənin təhsil ictimaiyyətinə başucalığı gətirməz. Ümid edirəm ki, vəziyyət tezliklə normallaşacaq və öz əvvəlki axarı ilə davam edəcək”.

İradə SARIYEVA

Son xəbərlər