23/02/2019 05:35
728 x 90

Prezident ictimai rəyin öyrənilməsinə xüsusi önəm verdiyini ayrıca bir fərmanla göstərdi

Cavid İmamoğlu:“Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasına ona görə ciddi ehtiyac vardı ki, indiyə qədər Azərbaycan cəmiyyətinin, insanının fikri əsasən ayrı-ayrı özəl təşkilatlar, yaxud xaricdəki bəzi qurumlar tərəfindən öyrənilirdi”

img

“Artıq əhali arasında ictimai rəy sorğusu, sosioloji tədqiqatlar dövlət tərəfindən yaradılan və maliyələşdirilən bir institut tərəfindən həyata keçiriləcək”

 

Ölkədə həyata keçirilən  sosial layihələrlə, eləcə də dövlət əhəmiyyətli qərarlarla bağlı ictimai rəyin öyrənilməsi olduqca zərurudir. Onu da vurğulayaq ki, Prezident İlham Əliyev görülən işlərlə bağlı hər zaman xalqın rəyinə, ictimaiyyətin fikrinə böyük əhəmiyyət verir.

Prezident İlham Əliyevin müvafiq fərmanı ilə  Sosial Tədqiqatlar Mərkəzinin yaradılması da ictimai rəyin öyrənilməsi, tədqiq edilməsi sahəsində fəlaiyyət göstərəcək bir sosioloji institutdur. Bununla bağlı Prezident tərəfindən imzalanan sənəddə bildirilir ki, ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirmək məqsədilə Sosial Tədqiqatlar Mərkəzi yaradılsın.

Yeni təsisatın daşıyacağı vəzifəyə gəlincə, müəyyən edilir ki,  Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.

Qeyd edək ki, sosioloqlar Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasına müsbət yanaşır. Onlar hesab edirlər ki, bu mərkəzin yaradılmasına ciddi zərurət vardı və Prezident fərmanı ilə belə bir təşkilat yaradıldı. Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasətin müsbət nəticələrindən biri kimi qiymətləndirilən yeni təsisatın yaradılmasını sosioloqlar xaricdəki bəzi qüvvələrin Azərbaycanla, Azərbaycan xalqı və Azərbaycan cəmiyyəti ilə bağlı hazırladıqları saxta rəy sorğularının qarşısını alacaq təsirli vasitə sayır. Bu gün müxtəlif xarici təşkilatların Azərbaycanla əlqədar açıqladığı həqiqəti əks etdirməyən sosioloji rəylərin, fikirlərin böyük əksəriyyəti ölkəmizə qarşı təxribatdır.

Sosioloq Cavid İmamoğlu “Bakı-Xəbər”ə bildirdi ki, Sosial Tədiqatlar Mərkəzinin yaradılması ölkəmizdə həyata keçirilən bütün layihələr haqqında xalqımızın, cəmiyyətimizin nə düşündüyünü aşkara çıxaracaq. C.İmamoğlu hesab edir ki, belə bir mərkəzin yaradılmasının həm dövlətə, həm də xalqa böyük faydası var. C.İmamoğlunun sözlərinə görə, bu Mərkəzin yaradılması həm də əhalidə düzgün unformasiya formalaşdıracaq. “Ümumiyyətlə, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması ölkədə idarəçiliyin daha da yaxşılaşdırılmasına xidmət edəcək. Bu qurum verilən qərarlarla, həyata keçirilən layihələrlə bağlı cəmiyyətin fikrinin öyrənilməsi üşün çox vacibdir. Həyata keçirilən layihələrin sosial tədqiqatlara əsaslanan layihələr olması cəmiyyətin xeyrinədir. Məqsəd isə insanların sosial rifahını artırmaqdır. Yəni bir yol tikintisi həyata keçirilməzdən əvvəl, yaxud hansısa bir sosial proqram hazırlanarkən əhalinin vəziyyəti, sosial durumu, fikir və münasibəti barədə sosioloji tədqiqatlar aparılacaq. Eyni zamanda da o layihədən faydalanacaq insanların həyatında baş verən dəyişikliklər öyrəniləcək.  Sonra isə əhaliyə məlumatlar veriləcək ki, onların yaşayışında, həyatında, sosial və psixoloji, mənəvi durumunda nə kimi dəyişikliklər baş verib.  Bilirsiz, indiyə qədər bu proses sistemli şəkildə deyildi. Sosial Tədqiqatlar Mərkəzinin yaradılması çox müsbət haldır. Bu, Azərbaycan dövlətinə və cəmiyyətinə böyük fayda verəcək. Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasına ona görə ciddi ehtiyac vardı ki, indiyə qədər Azərbayacan cəmiyyətinin, insanının fikri əsasən ayrı-ayrı özəl təşkilatlar, yaxud xaricdəki bəzi qurumlar tərəfindən öyrənilirdi. İndi isə artıq əhali arasında ictimai rəy sorğusu, sosioloji tədqiqatlar dövlət tərəfindən yaradılan və maliyələşdirilən bir institut tərəfindən həyata keçiriləcək”- deyə C.İmamoğlu bildirdi. Bunun Azərbaycan rellığı üçün yeni bir mərhələ olduğunu vurğulayan ekspert qeyd edir ki, bu da şəffaflığa xidmət edir. C.İmamoğlunun sözlərinə görə, idarəetmənin bir prinsipi də ictimai nəzarətlə bağlıdır. O qeyd edir ki, bu sorğular nəticəsində ictmai rəy öyrəniləcək və ona uyğun addımlar atılacaq.

İradə SARIYEVA

Son xəbərlər