23/02/2019 05:39
728 x 90

Baş prokuror Azərbaycanda islam dövləti qurmaq istəyənlərlə radikal müxalifətin işbirliyindən danışdı

img

Fevralın 7-də Azərbaycan Respublikası Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2018-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Kollegiya iclasında giriş nitqi ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, son zamanlar antimilli destruktiv qüvvələrin aktivləşməklə möhkəm özüllər üzərində təməli qoyulan ictimai-siyasi sabitlik və əminamanlığı pozmağa yönəlmiş hərəkətlərinin, icazəli mitinq keçirmək adı ilə vətəndaşların istirahət hüquqlarını, həmçinin Ümumxalq hüzn günündə şəhidlərimizin ruhuna hörmətsizlik edərək ictimai asayişi kobud şəkildə pozmaq cəhdlərinin, sosial şəbəkələr üzərindən etdikləri təhqir və böhtanlarının, ekstremist çağırışlarının qarşısı polis orqanları tərəfindən qətiyyətlə alınıb.

Xalqın dəstəyindən məhrum olan, nüfuzunu, sosial dayaqlarını tamamilə itirmiş, ölkəmizdə İslam dövləti yaratmaq xəyalında olan radikal-terrorçu qüvvələrlə işbirliyi qurmuş, ermənipərəst xarici dairələr tərəfindən idarə olunmaqla qanunsuz maliyyələşən AXCP və digər radikal müxalifət partiyaların ənənəvi inkarçı və qərəzli mövqedən çıxış edərək varlıqlarını sübut etmək naminə diqqəti özlərinə cəlb etməklə gündəmdə qalmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə etməyə çalışmaları diqqətə çatdırılıb.

Hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yüksək göstəricilərə nail olunmaqla 431 vəzifəli şəxs barəsində 278 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, həmin işlər üzrə 53.3 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilməklə 34.2 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Bildirilib ki, hesabat dövründə Baş Prokurorluğun Daxili İşlər Nazirliyi və digər əməliyyat qurumları ilə həyata keçirdiyi birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 159 qəsdən adam öldürmə cinayətindən 153 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş və əksəriyyəti xüsusilə ağır cinayət olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 69 hadisənin “isti izlərlə” açılması təmin olunub. Qeydə alınmış 71 qəsdən adam öldürməyə cəhd cinayətindən 70 hadisənin açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 98,6 faiz təşkil edib.

Xüsusi olaraq, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxs barədə Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə ibtidai istintaqı aparılmış cinayət işi qeyd edilməklə, uğurla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının təxribat və terror fəaliyyətinin qarşısının alındığı, cinayət işi üzrə ibtidai istintaqın tamamlanaraq baxılması üçün müvafiq hərbi məhkəməyə göndərildiyi və həmin işlər üzrə cinayət məsuliyyətinə cəlb edilmiş bütün şəxslərin təqsirli bilinərək layiqli cəzalara məhkum edilmələri diqqətə çatdırılıb.

Qeyd edilib ki, çox ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində 31 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 16-na töhmət və şiddətli töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 8 nəfər vəzifədən azad edilib, 6 nəfər isə prokurorluq orqanlarından xaric olunub. 

Kollegiya iclasına yekun vuran Baş prokuror prokurorluq orqanlarının kollektivi adından Prezident İlham Əliyevi əmin edib ki, Azərbaycan Prokurorluğunun kollektivi öz qüvvələrini səfərbərliyə almaqla, bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə əlaqəli şəkildə dövlətçilik maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əminamanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi yolunda öz xidmətlərini göstərəcək.

Son xəbərlər