23/02/2019 05:43
728 x 90

GÖZLƏR YOLDAN YIĞILARMI...

img

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə Kitabı" Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz" seriyasından yeni bioqrafik sənədli povestin çapına başlayır. Xatırladaq ki, bundan öncə yenə həmin birgə layihə çərçivəsində "Gözlə gələcəyəm" adlı kitab uğurla yekunlaşdırılaraq təqdim edilib. Son illərdə bütün təbiətinin ecazkar koloriti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum yenə. Bu dəfə bu yurdun itkin-şəhidinin axtarışına çıxmışam. Respublika "Xatirə Kitabı"nın redaksiyası və "Bakı-Xəbər" qəzetinin birgə layihəsi əsasında baş redaktor Nəzakət xanım Məmmədovanın bir qədər kövrək, bir qədər duyğusal təklifindən qaynaqlanır bu səfərim. Qarşıda məni və oxucuları hansı yaşantılar gözləyir?!.. Tələsməyin. Sizi bir Vətən övladının kitab-dəftərə sığmayacaq taleyinin bəzi epizodları ilə tanış edəcəyəm. İtkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovla ilgili, onlu-onsuz tale yolu, axtarışları ilə...

 

Ağ kağıza qara bəxti necə yazsın yazı yazan?

 

(Doqquzuncu yazı)

 

Bilirəm, Qasımla gerçək yaşantılardan bəhs edən söhbətimiz sizləri də həyəcanlandırır. Xüsusilə müharibənin alov saçan dəhşətləri, faciələri və vətənpərvər eloğlularımızın sanki yox imiş sayaq itkin düşdüyünü eşitdiyim, qeyd etdiyim hissələri sadəcə adlayıb keçmək mənim üçün də olduqca çətindi. Yazılar hissə-hissə media qurumlarında çap olunub ictimailəşərkən həmkarlarımızdan birinin zəng edərək “Qasım, Fərhadla Xəqanini apardılar!!!..” bölümünü gecə oxumağa başladığını, amma dəhşətə gəldiyindən, bir az da qorxub-üşəndiyindən kompüteri söndürüb oxumağı səhər davam elədiyini” söyləməsi, başqa bir həmkarım, AzTV-nin əməkdaşı Dilşad Tahirqızı Mirzəyevanın isə həyəcanla “Nəzirməmməd, dayana bilmədən ilk üç yazını birnəfəsə oxudum” söyləməsi xalqımızın Xəqaninin itkin taleyinə nə qədər acıdığının tutarlı sübutudur. Bu əsnada zənglər, yanaşmalar çoxdu. Sadəcə, sizlərə mənzərəni aydınlaşdırmaq üçün onlardan ikisini misal gətirdim. Bu həm də ölkə vətəndaşlarının Qarabağımıza və onun uğrunda qurban gedən oğullarımıza hədsiz məhəbbətinin parlaq nümunəsidir. Əziz oxucular, əziz qədirbilən soydaşlarımız, Qasımla söhbətimizin növbəti hissəsinə keçid aldığımız bu məqamı sizlərin bu olaya isti, məxsusi doğmalıqla yanaşmanızın ümumiləşdirilmiş obrazını yüksək sənətkarlıqla qələmə alan tanınmış şairə Nəzakət xanım Məmmədovanın Xəqaniyə, onun timsalında Qarabağda itkin düşmüş bütün döyüşçülərimizə həsr etdiyi “Məzarsız şəhid” poemasından bir hissəni bölüşməklə davam etdirmək istəyirəm. Müharibə, qan-qada, şəhidlik, ən nəhayət və ən ağrılısı insan itkinliyi - düşmən əlində əsir-girov qalmağın ürəkləri parçalayan fəlsəfi izahına diqqət kəsilin, lütfən:

- “Qara kağız” yazılmadı ağ kağıza,

Yollarını gözləyənlər ümidini itirmədi.

Qapısını “qara kağız” döymədiyi ünvanlarda

Ümidlərin qapıları üzlərinə örtülmədi.

Ağ kağıza yazılmayan acı-acı taleləri

qalaq-qalaq ürəklərə yeridənlər

Kül içində köz axtardı

Ömürləri bir şam kimi əridənlər.

Gözlərini bu yollardan çəkmədilər,

Ürəkləri sökülüncə, sərv boyları bükülüncə

                                                  gözlədilər.

Yollardaca qara saçı ağ hördülər,

                                                  gözlədilər.

Bir zərrənin işığına yürüdülər,

                                                  gözlədilər.

Son ümidin yaxasından əllərini üzmədilər,

                                                  gözlədilər.

Ömürlərin bu yollarda paralayıb azanlar da,

Ürəyindən qanlar axan, ağı üstə dil-dil ötən

                                                      ozanlar da,

Qəbirlərin öz əlilə yad ellərdə qazanlar da

                                                       gözlədilər.

Taleləri – qələmini bəxt yazandan

                            oğurlayıb yazanlar da

                                                      gözlədilər.

Nəmli-nəmli baxışları donub qalan uzaqlarda,

                                         uzaqlarda əsir düşdü

                                           donub qalan sazaqlar da.

Harayına heç gəlməsin

                                 ağ kağıza bəxti yazan.

Ağ kağıza qara bəxti necə yazsın

                                       yazı yazan?

Qara bəxtin yazısını yazmaqdansa

                                           ümid gözəl...

Bu ümidi itirməyən gözləməyin

                                                özü gözəl.

Qoy gözləri hey yollarda haraylasın

                                                bəxt yazanı.

Qurban olum, yazın hanı???

Qışın ötdü, yazın hanı?  

İqtibas gətirdiyimiz hissənin xüsusi şərhə ehtiyacı qalmır. Təkcə elə “qara bəxtin yazısını yazmaqdansa ümid gözəl...” və “qəbirlərin öz əlilə yad ellərdə qazanlar da gözlədilər” ifadələrinin fikir tutumu əsirliyin, itkinliyin bütün vahiməli təfərrüatı ilə bərabər, əsirin nə vaxtsa dönəcəyi inamının heç vədə sönməyən ümid qığılcımını da gözlərimiz önündə canlandırır. Qasımla söhbətimizin bu sonuncu hissəsində həmçinin əsirlikdən qurtulanlar, Xəqaninin də təmsil olunduğu batalyonun keçdiyi döyüş yolu, kəşfiyyat tapşırıqlarını yerinə yetirməsi üzrə bəzi epizodlar, bir azca da Qarabağ döyüşlərinin təfərrüatlarından danışdıq.

Xəqanini sonuncu dəfə mən görmüşəm

...Hava qaralıb, şər qarışır. Soyuqlu-sazaqlı qış axşamında bayırda dayanmadan yağan yağış keçmiş döyüşçü, gəncliyinin oğlan çağını Qarabağ savaşında xərcləmiş keçmiş cavan Qasımla bir qədər isti, həddən ziyadə həyəcanlı söhbətimizə spesifik bir ahəng qatır. Pəncərəni aramsız döyən yağış damcıları elə bil özü ilə qışın sazağını içəriyə doldurmaq istəyir ki, bu ümumiləşmiş dərdimizi bir qədər soyuda bilsin. Bacararmı?!.. Bu  qədər gərgin auranın hökm sürdüyü bir şəraitdə Qasımla söhbətimiz davam edir. Görüşümüzdən faydalanıb Xəqani haqqında mümkün qədər çox məlumat almaq istəyirəm ondan. Yaddaşını müxtəlif suallarımla oyatmaq istəyimlə bərabər, onu da Xəqaninin axtarışları ətrafında ondan kənarda baş verən olaylarla daha çox məlumatlandırıram ki, bəlkə qəhrəmanımızın taleyinə bağlı ipuclarının tapılmasında o da bir məsləhətli mövqe sərgiləyə bilsin. Onun mövqeyi bəlkə çətinə düşmüş bu düyünün açılmasında mühüm bir vasitəyə çevrilə bilər!.. Axı “məsləhətli don gen olar” deyib ata-babalarımız.

Qasımı Badamdar qəsəbəsindən olan Əhməd adlı bir keçmiş əsirin verdiyi açıqlama ilə təəccübləndiririk. Xəqaninin qardaşı Elçinin Əhmədlə çox çətinliklə ayaqüstü görüşməsini, Əhmədin Xəqanini şəkildən tanıyıb üç gün öncə onunla Xankəndidə görüşdüyünü, hətta ona Qarabağa gedərkən Bakının Sabunçu rayonunda zavod direktorunun müavini olan qardaşı ilə birlikdə işlədiyini, ali məktəbdə oxuduğunu söylədiyini bildirirəm. Və bu zaman Qasımın yaddaşını silkələyə biləcək daha bir məqamı - həmin zaman onun qolunun da sarıqlı olmasını dilə gətirirəm:

- Bu görüş baş verib Xəqaninin itkin düşməsindən təxminən iki-üç il sonra. Yəqin xatırlayırsız ki, həmin son döyüş zamanı da Xəqaninin qolu sarıqlı olub. Ola bilsin bu elə həmin sarıq olub, ola bilsin başqa bir səbəbdən, bunu biz dəqiq bilə bilmərik. Əhməd onu da deyib ki, Xəqani ermənilərin onunla bərabər bir qrup əsiri Qırmızı Xaçın siyahısına saldırmamaları səbəbindən onların Azərbaycana təhvil verilməsi ehtimalının çox az olduğunu da söyləyibmiş. Amma onu da deyibmiş ki, qardaşlarını, doğmalarını görərsə, onun sağ olduğunu söyləsin. İndi bu Əhməd adlı keçmiş əsiri tapmaq çətindir. Bir neçə instansiyaya müraciət etmişik, hələ ki nəticə vermir axtarışlarımız. Media vasitəsilə də bir daha səslənib onun özünün və ya tanıyanlarının diqqətini cəlb etmək istəyirəm. Ola bilsin bu adam sağdır, yaşayış yerini dəyişib, ola bilsin heç həyatda yoxdur, çünki Elçinin dediyinə görə, o zaman bu əsirlər taqətdən düşmüş durumda olublar, normal danışmaq gücündə belə olmayıblar. Hər halda, bu şəxsi tapardıqsa, o bizim üçün çox maraqlı bir mənbə olardı...

- Əhmədin dediklərinə mən konkret heç bir münasibət söyləyə bilmərəm. Amma hə, Xəqaninin qolunda sarıq var idi o zaman. Yüngül yaralanmışdı məncə. Vallah, nə bilim. Bir onu deyə bilərəm ki, Xəqanini qeyd etdiyim o durduğu yerdə sonuncu dəfə mən görmüşəm, mənim yanımdan gedib, Fərhadla dediyim şəkildə orda durublar, elə ordan da yoxa çıxıblar. Döyüş qurtarandan 3-4 saat sonra da həmin dediyim ağdamlı oğlan gəlib mənə məruzə eləyib ki, ay Qasım, bax haqq-hesab belə oldu, belə oldu. Sonra biz aydınlaşdırmaq istədik axı vəziyyəti. Xeyli çabaladıq, ölçdük-biçdik. Amma burdan anarı (o tərəfə - N.Z.) heç kim heç nə deyə bilmədi onlar haqqında.

- Qasım, başqa bir məqama da diqqət yetirəyin, mümkünsə. Bəlkə də bu sualı düzgün ünvanlamıram, amma hər halda əgər Xəqani əsirlikdədirsə, niyə ermənilər başqaları kimi məlumat verməsinlər onun haqqında əsir kimi?! Eləcə də Qırmızı Xaça... 

- Vallah, bununla da bağlı dəqiq bir şey demək çətindi. Ancaq mən sizə bir məsələni deyim. Bizim Şəmkir uşaqlarının əksəriyyəti Moskvanın bazarlarında, Rusiyanın başqa yerlərində yaşayıb işləyirlər. Ermənistanda da ərik meyvəsi çox olur. Moskvada İrəvandan gətirilmiş ərik latokunun (yeşik) aşağı hissəsindən onlar bu ötən yayda bir məktub tapıblar.Azərbaycan dilində yazılmış həmin məktubda qeyd olunubmuş ki, biz burda neçə min adamıq, azərbaycanlılar. Ermənilər əsirlikdə saxlayıb bizi işlədirlər. Bu da bir faktdır da. Yəni hər şey mümkün ola bilər. Xəqani də onların içərisində və ya başqa belə yerlərdə saxlanıla bilər. Elə bəlkə Fərhad da.

“Şuşa həbsxanasında 44 əsir idik...”

Ömrünün böyük bir hissəsi itkin qardaşının axtarışlarına sərf olunan Qinyaz da Qasımın bu dediyi məktub məsələsi barədə elə axtarışları zamanı təsadüfən məlumat aldığını söylədi. Sonra müsahiblərim birlikdə bu xüsusda olan bir neçə faktı da danışdılar. Xüsusilə ermənilərin əsir kimi evlərdə soydaşlarımızı saxlayıb-işlətmələri, onlara münasibət hallarını əhatə etdi  söhbətlərimiz. Qasım bildirdi ki, onun dostunun qardaşını da əsir götürübmüşlər. Onlar da bir xeyli axtarmalı olublar. Amma Primakov əsirləri gətirən həmin vaxtı onu da gətiriblər. Onu saxlayan erməninin də oğlu bizim tərəfdə əsir imiş. Ona görə də erməni məsələ qaldırıbmış ki, ya onun da övladını gətirib təhvil versinlər, ya da o azərbaycanlını ömürlük evində saxlayacaq. Həmin əsir bir o qədər də narazılıq etməyib saxlandığı şəraitdən. Yeyib-içməyinin, yaşayışının qaydasında olduğunu söyləyib. Bircə axşam yatanda zirzəmiyə salırmışlar. Qalan vaxtı ev adamı kimi təsərrüfat işlərinə kömək edirmiş, odun yarırmış və sairə.

Qinyaz bizə Xəqanini soraqlayarkən daha bir keçmiş əsirlə söhbətləşdiyini və onun əsirlikdən qurtulmasının detallarını nəql edir :

- Dünən əsirlikdən gələnlərdən biri ilə danışdım. Beyləqandan idi. Adı Anardı. Keçmişdə sovxoz adlanan ərazidə yaşayır. 1992-ci ilin sentyabr ayının 22-də əsir düşüb. 1994-cü ilin noyabr ayında o, daha iki nəfər əsirlə birlikdə əsirlikdən qaça bilib. Dediyinə görə, əsir düşəndə 11 nəfər olublar. Onlardan bir neçəsini güllələyiblər. Qalanlarını aparıblar Şuşa həbsxanasına. Həbsxanada 44 nəfər azərbaycanlı əsir saxlanırmış. Həbsxanada məftillərlə, su şlanqları ilə döyüb zülm edirmişlər onlara. Deyir bir gün əsirlərə dedim gəlin qaçağın. 44 nəfərdən ancaq dördü razılıq verir qaçmağa: “Güclü yağış yağırdı. Təsadüfə bax ki, ermənilər qəfildən gəlib həmin qaçmağa razılaşanların 3-nü ayırdı ki, bunları aparın Ağdamdan daş və əhəng gətirsinlər. Beləliklə, Amili, məni və Afrini, bu üç nəfəri ayırdılar. Səhər saat 6-da durub yemək yeyib içimizdə sevinc hissi ilə yola düşəndə ermənilərdən biri qayıtdı ki, Anar, sən getmə, sən burdakı işi çox yaxşı bacarırsan. Ordakı iş isə Füzulidəki hərbi hissə komandirinə məxsus istixanaların üstünü plyonka ilə yapışdırıb basdırmaqdan ibarət idi”. Amma Anar ermənini inandıra bilir ki, axşama qayıdıb onu da yapışdıracaq. Beləcə, möhkəm leysan yağıışının altında onları KAMAZ-la gətirirlər Ağdama. Anar dedi ki. o bu əraziləri tanıyırmış nisbətən. Ağdam ərazisinə çatanda erməninin biri Amilə deyir ki, sənin yaxşı səsin var, bir-iki ağız mahnı oxu. Amil başlayır Məmməd Arazın məşhur sözlərini oxumağa:

- Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman, salamat qal, dağ, salamat qal.

Arxamca su səpir yoxsa buludlar,

Leysan salamat qal, yağ, salamat qal.

Bu mahnını eşidən ermənilər Amildən şübhələnməyə başlayırlar. Öz aralarında müzakirə edəndə ki, Amil bununla nə demək istəyir, Anar artıq erməni dilini öyrəndiyindən onları sakitləşdirir ki, elə bir şey demək istəmir, sadəcə uzun müddət qapalı şəraitdə yaşadığından çöl-bayırı, dağ-dərəni, bir sözlə təbiəti görməsi, üstəlik də yağış onu bir qədər ruhlandırdı deyə, o da bu mahnını oxudu. Ermənilər sakitləşirlər. Burda qoşqunu açırlar. Anar dedi ki, biz qoşqunu mişar daşı ilə doldurmağa başladıq. KAMAZ sürücüsünün arvadının həmin gün ad günü imiş:“O, aldığı üç şüşə arağı maşına qoymağa apardı. Bu zaman hesabımızı götürdük ki, üstümüzdə dayanan ermənini tutaq. O, avtomat əlində üzüaşağı dayanmışdı. Uşaqlara göz elədim ki, hərəkətə keçsinlər. Özüm bunu necə tutdumsa, avtomatı işə sala bilmədi. Əl-qolunu yanmış məftillə bağladıq. Necə sıxmışdıqsa, gördük əlləri göyərir, bir az açıb boşaltdıq. 10-15 dəqiqə keçdi. Yoldaşının gəlmədiyini görən KAMAZ-dakı erməni üç dəfə siqnal verdi. Mən də avtomatı çaxdım gördüm açıldı, bildim ki, içində güllə var. Ermənilərin ikisini də öldürdük, KAMAZ-ı sürüb gəlib çıxdıq Ağdama. Bir çay var deyir orda. Çayın içində maşını saxladıq, düşdük çayın axarı ilə gəlib gecə ilə qaça-qaça çıxdıq bizim tərəflərə (əslində elə ikisi də bizim tərəflərdi – N.Z.)”.

Anar deyib ki, adam dəyişən erməni vardı – Abo (xatırlayırsınızsa, biz Xəqaninin axtarışları ilə bağlı əsirləri, meyitləri dəyişən Abo haqqında məlumat vermişdik –N.Z.). Bir nəfər yaralı əsir onun NİVA maşınını qaçırıb özü ilə bərabər keçiribmiş bizim tərəfə. Anarın atası da həmin maşını alıb təmir etdirib saxlayırmış ki, onu oğlu ilə dəyişsin. İki il oğlunun axtarışlarına çıxarkən Abo-ya da bu barədə xəbər çatdırıbmış. Abo deyibmiş ki, mənə rast gəlməyib. Anar bax, bu şəkildə gəlib çıxıb evlərinə. İndi də deyir, Abo-nun NİVA-sı onlardadı. Bax belə zirək, bacarıqlı uşaqlar olub ki, canlarını qurtara biliblər erməni əsirliyindən.

Anar Qinyaza onu da deyib ki, onlar Şuşa həbsxanasında 44 nəfər olublar. Gündüzləri aparıb onları işlədirmişlər, axşam qaytarıb gətirib salırmışlar içəriyə. Xəqanini soruşanda belə bir adamı görmədiyini söyləyib Anar. Onu da deyib ki, biz Qırmızı Xaçın siyahısında idik. Ona görə bizə təzə paltarlar, ayaqqabılar, normal yemək-içmək vermişdilər. Fikir verirsinizmi, yenə də Qırmızı Xaç məsələsinin önəmi özünü göstərmiş oldu... Bəlkə Xəqani üçün bu təşkilatın mərkəzi ofislərinə təkrar-təkrar hüquqi baxımdan əsaslandırılmış müraciətlər qəbul edilsin?!..

“Xəqani qənimət insanlardan idi”

Qasım Xəqani kimi oğulun itkin düşməsi, şəhid olması və ya erməni əsirliyində qalmasından son dərəcə təəssüfləndiyini bildirdi. Dedi təbii ki, uyğun taleni yaşayan hər bir azərbaycanlı bizim üçün doğmadı, əzizdi. Ancaq Xəqanini daha yaxından tanıdığından onun kimi yaxşı oğulun, yaxşı əsgərin, həm də gözəl yoldaş kimi qənimət insanın düşmən əlində qalmasını düşünəndə.... Onun bütün döyüş tapşırıqlarını məsuliyyətlə qarşıladığını, heç nədən çəkinmədiyini, gülərüzlü, mehriban xasiyyətli və öz yerini bilən mərifətli, qabiliyyətli bir gənc olduğunu söyləyən komandir xəyalən o günlərə dönəndə onun çöhrəsində yaranan məyusluğu sezməyin özü də nə qədər dözülməz, nə qədər çətin idi...

“Əsgərlərimiz döyüşüb, bunu danmaq olmaz”

Qasım kəşfiyyat epizodlarından da misallar gətirdi. Söylədi ki, orda döyüşlərdə iştirak edən Həsən Sarıyev yəqin ki, indi də etiraf eləyər, Bakıdan bir ləzgi oğlanı mənə qoşub dedi ki, guya bu koordinat göstərəndi, siz gedib Qasımın karyerinin aşağı hissəsinə keçin, o ordan koordinatları verəcək, biz burdan həmin nöqtələri vuracağıq: “Razılaşdım. Balamın canına and olsun, kanalın o tərəfinə keçəndə baxdım ki, ləzgi oğlan yanımda yoxdu, çıxıb aradan. Təzədən qayıdıb gəldim. Axşam Zelenko mənə dedi ki, o, Əfqanıstanda belə tapşırıqları çox görüb. “Lesnitsa” deyilən əməliyyat növü var. Sən koordinatları verirsən, sonra elə “lesnitsa” formasında həmin koordinatları vururlar, səni isə bir növ gedər-gəlməzə göndərirlər, başına nə gələr-gələr... Qasımın karyeri deyilən yeri isə dəqiq görmək üçün mən tamamilə o biri tərəfə keçməli idim. Çünki bəri yan açıqlıqdı, orda dayanıb ermənilərin mövqelərini görmək mümkün deyildi axı...

Nə isə. Mən getdim deyilən əraziyə. Rabitəni də onsuz da daim açıq saxlamaq olmaz, tez-tez açıb bağlayırdım. Birdən rabitə əlaqəmi tutdular. Volodya, dediyim kimi, tapşırmışdı ki, Qasım, mütləq “lesnitsa” olacaq, özünü gözlə. Bunu danışmışdıq. Bu da nə demək idi o zaman? Deməli, hər 500 metrdən bir QRAD-la məni vuracaq idilər. Qasımın karyerindən. Gördü getməkdə israrlıyam, bircə onu söylədi ki, “s boqom Qasım”. Amma dediyim kimi getdim, “Lesnitsa” zamanı QRAD-ın biri gəlib qulağımın dibindən keçdi. Burda Zelenko atla gəlib məni ordan götürüb uzaqlaşdırdı. Yenə də Zelenkonun tapşırıqlarına əməl etməyim sayəsində bax belə-belə karyerin böyrünə gəlib salamat çıxa bildim. Ona görə bayaq söhbətimizdə Fərhadın dikbaşlığını, sözə baxmamasını söyləmişdim. Bax, görürsünüz, müharibə həqiqətən də nizam-intizamsızlığı, bir qədər də sərt söyləsək, dikbaşlığı sevmir. Bu hərb sənətidi, təcrübədi və onu qaydaya salan nizam-intizamdı. Xaotik şəkildə müharibə aparıb nə salamat qalmaq, nə də qalib gəlmək mümkün deyil. Bunu ona görə deyirəm ki, kəşfiyyatçılığın belə əzab-əziyyətləri çox olub. Hər axşam o qarda, o soyuqda bizim əsgərlər gedib-gəlibdi ermənilər olan tərəflərə. Ancaq o vaxt yaxşı komandirlərimiz olmayıb, yaxşı yol göstərənlərimiz olmayıb, əsgərlərimizsə, necə deyirsən, könüllü döyüşüblər, bunu danmaq olmaz”.  

Deyilənlərə inansaq, ermənilərin “kürkünə birə salan”, ölkəmiz üçün belə həvəslə vuruşan, əsgərlərimizə can yandıran, nəhayət yaralanaraq geri göndərilən Ukrayna əsilli Volodya Zelenko ilə görüşmək, onun da haqqında qeydlər aparmaq istəyimi bildirdim Qasıma. Dedim bu sabiq peşəkar hərbçinin Vətənimiz və xalqımız qarşısında xidmətlərini qələmə almaq, həm də Xəqani barədə danışdırmaq istəyirəm. Düşünürəm ki, onun bu əvəzsiz xidmətləri xalqlarımız arasında da bir dostluq meyarı kimi dəyərləndirilə bilərdi. Həm dövlətimiz, həm də vətəndaşlarımız tərəfindən. Lakin Qasım komandirin artıq Ukrayna Respublikasına köçüb getdiyini söylədi...

(ardı var)

Nəzirməmməd ZÖHRABLI

Son xəbərlər