Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Baki Xeber - News
23/02/2019 05:40
728 x 90

Azərbaycanda “könüllü prokurorlar”…

“Gənclərin könüllü qismində peşəkar hüquqşünas ordusunun yanında fəaliyyət göstərməsi gələcəkdə onların qabaqcıl, nəzəri və praktik baxımdan peşəkar hüquqşünaslar kimi formalaşmasına şərait yaradacaq”

img

Şəmsəddin Əliyev: “Bu həm də prokurorluq orqanlarında yeni kadrların yetişdirilməsinə təkan olan amildir”

 

Son zamanlar gənclərin könüllülük prinsipi əsasında müxtəlif fəaliyyət növlərində çalışmağa meyl göstərməsi geniş vüsət alıb. Bu gün “ASAN xidmət” də daxil olmaqla, bir sıra dövlət qurum və təsisatlarında könüllü şəkildə gənclər çalışır. Artıq prokurorluq orqanlarında da gənclərin könüllü çalışması üçün imkanlar açılıb. 837 gənc prokuror könüllü hərəkatına qoşulub. Məlumatlara görə, ali təhsil müəssisələrində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr prokurorluq orqanlarının fəaliyyətinə ictimai köməkçi qismində cəlb ediləcək.

Qeyd edək ki, Baş prokuror Zakir Qaralov cari il fevralın 6-da “Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” Təlimatı təsdiq edib. Həmin Təlimata əsasən, hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan gənclərin institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili üçün prokurorluq orqanlarının fəaliyyətinə ictimai köməkçi qismində könüllü olaraq cəlb edilmələri nəzərdə tutulur. Məqsəd həm də könüllülər hərəkatının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində aparılan islahatların prokurorluq orqanlarında da davamlılığının təmin olunmasıdır.

Bildirilənə görə, prokurorluq orqanlarına 2018-ci ildə müsabiqə yolu ilə 85, ümumilikdə isə 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə üzrə qulluğa qəbul edilmiş 873 gənc hüquqşünas hazırda prokurorluğun kadr korpusunun 67 faizini təşkil etməklə, onlardan bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilib, o cümlədən 21 nəfəri ilk dəfə olaraq müstəqil rayon, şəhər və ərazi hərbi prokuroru vəzifələrinə təyin edilib.

Prokurorluq orqanlarında ictimai köməkçi qismində fəaliyyət prokurorluqda kadr siyasətinin həyata keçirilməsi üçün ictimaiyyətlə qarşılıqlı əlaqələrin qurulması, yüksək peşə hazırlıqlı kadr ehtiyatının formalaşdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərə bu dövlət orqanının fəaliyyətinin məzmunu və iş şəraiti ilə tanışlıq imkanının yaradılması, onların bilik, bacarıq və peşə vərdişlərinin artırılması məqsədi daşıyır.

Hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, gənclərin prokurorluq orqanlarında könüllülük prinsipi ilə işləməsinin əhəmiyyəti böyükdür. O hesab edir ki, bu, yeni nəsil savadlı, bilikli, ədalətli hüquqşünasların yetişməsində mühüm rol oynayacaq. “Bu çox yaxşı təşəbbüsdür. Əslində, buna çoxdan başlanmalı idi. Özlərini gələcəkdə peşəkar hüquqşünaslar sırasında görmək istəyən gənc hüquqşünasların bu gün könüllü qismində prokurorluq orqanlarında fəaliyyət göstərməyə meyl etməsi çox müsbət haldır. Bugünkü könüllülər bu addımı atmaqla həm nəzəri bilik əldə edəcəklər, həm də təcrübə qazanacaqlar. Bu da o deməkdir ki, bu gənclərin fəaliyyətində nəzəriyyə və təcrübə vəhdət təşkil edəcək. Bilirsiniz ki, insanda nəzəri bilik nə qədər güclü olsa da, onun praktik təcrübəsi yoxdursa, həmin insanlar iş zamanı müəyyən çətinliklərlə üzləşirlər. Hesab edirəm ki, gənclərin könüllü qismində peşəkar hüquqşünas ordusunun yanında fəaliyyət göstərməsi gələcəkdə onların qabaqcıl, nəzəri və praktik baxımdan peşəkar hüquqşünaslar kimi formalaşmasına şərait yaradacaq. Mən onlara uğurlar arzu edirəm. Bu layihənin, təşəbbüsün meydana çıxmasına şərait yaradanların bu işi alqışalayiqdir. Onu da deyim ki, bu həm də prokurorluq orqanlarında yeni kadrların yetişdirilməsinə təkan olan amildir” - deyə bildirən Ş.Əliyev hesab edir ki, bugünkü könüllülər sabahın savadlı, bilikli, peşəkar prokurorluq işçiləri kimi xalqımıza, dövlətimizə xidmət edəcəklər.

Ş.Əliyevin sözlərinə görə, könnülü kimi prokurorluq orqanlarında fəaliyyət göstərən gənclər çətinliklərin öhdəsindən gəlməyi, eləcə də sərbəstliyi öyrənəcəklər. “Hesab edirəm ki, bu kifayət qədər örnək bir yoldur və gənclər bundan bacarıqla istifadə edə bilsələr, həm dövlətimiz, həm də cəmiyyətimiz bundan fayda görəcək. Ölkəmizdə gənc hüquqşünasların, gənc prokurorların, müstəntiqlərin sayı artacaq” - deyə Ş.Əliyev qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər