23/02/2019 05:40
728 x 90

Bakıda “Brend” deyilən ətir və paltarlara qarşı ictimai şübhə dalğası başlayır…

img

Eyyub Hüseynov:Xüsusən Bakıda məşhur brendlər adı altında saxta məhsullar satan mağazalar var”
Seymur Quliyev: “Brend dükanlarda satılan geyimlər, əslində, Çin, Vyetnam, Hindistandan gətirilib və üzərinə brend firmaların etiketi vurulur”

 

Görəsən aldığımız məhsul brenddir, yoxsa saxta? Yəqin ki, bir çoxlarımız hər hansı geyim alarkən bu sualı veririk. Hər hansı bir məşhur geyim, parfumeriya mağazasında satılan geyim və ya aksesuarın saxta olduğunu düşünə bilmirik. Çünki aldığımız məhsul tanınmış brendin adına daşıyan dükanda satılır. Təbii ki, o dükanlarda satılan geyim və ya aksesuarın satış qiyməti hər ailənin büdcəsinə uyğun olmur. Sadə köynək və ya hər hansı bir əşya həmin mağazalarda azı 80-100 manat civarında satılır.

Ekspertlər bildirirlər ki, aşağı keyfiyyətli paltarlara "Chanel”, "Fendi”, "Dolce & Gabbana”, "Valentino”, "Chiristian Dior”, "İtterre” və dünyaca məşhur digər brendlərin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə müştərilərə təqdim edilib.

Qeyd edək ki, bu günlərdə Çin istehsalı olan paltarlara dünyaca məşhur firmaların etiketlərini vurub, satışını həyata keçirən mağazalar şəbəkəsi ifşa olundu. Bu hadisə paltarlara yapışdırılan etiketlərin orijinallığı məsələsini gündəmə gətirib. Şəhərdə brend geyimlərin, ətir və ya aksesuarların satışı ilə məşğul olan dükanlarda satılanların orijinal olmasına şühbə yaranır. Belə olan halda, həmin mağazalarda satılan geyim, aksesuarların orijinal olub-olmadığını necə müəyyən etmək olar?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində qeyd etdi ki, saxta geyimin brend adı altında satılması faktı mövcuddur: “Əksər hallarda geyim Azərbaycanda hazırlanır, üzərinə xarici etiket vurulur. Çində sifariş verilir. Deyir ki, mənə bu cür etiket vur gətir. C varinatı da var, sadəcə olaraq, hansısa ölkədən malı alırlar, gətirib etiketi dəyişdirərək ən brend firmaların etiketlərini vururlar”.

Həmsöhbətimiz onu da vurğuladı ki, bir çox müştəri paltarların üzərindəki etiketlərin orijinal olub-olmadığını müəyyənləşdirməkdə çətinlik çəkir. Xüsusilə də brend firmalara məxsus etiketlərin peşəkarlıqla sex mallarının üzərinə tikilərək satışa çıxarılması müştəriləri çaş-baş salır. Nəticədə aldadılan müştəri xeyli miqdarda ziyana düşür.

E.Hüseynov onu da vurğuladı ki, bu günlərdə saxta geyim markalarını brend adı altında satan “Lady Sharm” mağazalar şəbəkəsi ifşa olunub: “Bu geyim dükanı ilə bağlı mütəmadi olaraq rəhbərlik etdiyim quruma çoxsaylı şikayət daxil olur. Gərək bu günə kimi "Lady Sharm” mağazalar şəbəkəsinin qanunsuz əməllərini ifşa edərdim. Onlarla bağlı bizə daxil olan şikayətləri danışıq yolu ilə həll edə bilməmişik və əksinə, bizə kobudluq edirdilər.

Onu da bildirim ki, xüsusən Bakıda məşhur brendlər adı altında da saxta məhsullar satan mağazalar var: “Ən məşhur brendlər adı altında saxta məhsullar satırlar. Ayaqqabı biznesində çox ciddi problemlər var. Demək olar ki, sənaye məhsullarının bütün seqmentində bu problemlər var. Bizdə biznes adamları üçün çox yaxşı şərait yaradılıb. Amma təəssüflər olsun ki, bəziləri bundan sui-istifadə edir. Mən dəfələrlə demişəm, MDB (Rusiya, Ukrayna və digər) ölkələrində reketlər gəlib biznesmenlərin əlindən pullarını, qazanclarını alırlar. Azərbaycanda isə bu yoxdur. Lakin biznes qurumları bunu qiymətləndirə bilmirlər”.

"Fox Dijital” agentliyinin rəhbəri, marketinq üzrə mütəxəssis Seymur Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, paytaxtın mərkəzi küçələrində mövcud olan brend satış geyim mağazalarında satılanların heç də hamısı orijinal məhsul deyil: “Brend dükanlarında satılan geyimlər, əslində, Çin, Vyetnam və Hindistandan gətirilib. O ölkələrdən gətirilən məhsulların üzərinə brend firmaların etiketi vurulur. Əgər dükanda məşhur brendə məxsus geyim satılırsa, o libasın sertifikatı olmalıdır. Ancaq təəssüf ki, buna rast gəlmək çətindir. Xarici ölkələrdə “Adidas” firmasına məxsus geyimi satmaq üçün şirkətin icazəsi alınmalı və onun sertifikatı olmalıdır. Bizdə isə istənilən şəxs hansısa ölkədən geyim və ya aksesuar gətirib sata bilər. Hətta malı gətirən şəxs geyimin üzərinə etiketi vura bilir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, bu kimi məsələlərdə müştəri özü də diqqətli olmalıdır: "Saxta mal anlayışı yoxdur, saxta brend anlayışı var. Yəni hansısa malın üzərində brend adını yapışdırmaq. Yaxşı olar ki, istehlakçılar məhsul alarkən brendin orijinallıq sertifikatını tələb etsin və ya malın üzərindəki holoqramı nəzərdən keçirsinlər. Brend malın qiyməti seqmentinə uyğun olaraq baha olur. Əgər bahalı bir markanın köynəyi 50 manata satılırsa və satanda "outlet” deyilsə, bu zaman müştəri onun brend olmadığını bilməlidir. Yəni hər bir alıcı özü də diqqətli olmalıdır”.

Günel CƏLİLOVA

Son xəbərlər