23/02/2019 05:43
728 x 90

Bakı ictimai nəqliyyatında ehtiyatlı olun - it-pişikdən 20 cür virus tapa bilərsiniz...

Kamal Həsənov: “Ev heyvanı saxlayanlar it və pişiklə, yaxud meymunla metroya, avtobusa daxil olarkən insanların reaksiyasını nəzərə almalı, onların təhlükəsizliyi haqqında düşünməlidirlər”

img

“Heyvanlarda olan parazit qurdların təxminən 20-dən artıq növü müxtəlif vasitələrlə insana da  keçir”
“Odur ki, ictimai nəqliyyatda sərnişinlərlə birgə daşınan it, pişik və meymunların xəstəlik daşıyıcısı olması şübhə doğurmur”

 

Bəzən elə xoşagəlməz hallarla qarşılaşırıq ki, buna qarşı etirazımızı bildirəndə “bu, qeyri-insani, qeyri-humanist davranışdır” deyə bizi susdurmağa çalışırlar. Əslində isə belə deyil. Son zamanlar yeni bir “ənənə” peyda olub. Nədir bu “ənənə”, biz deyək, siz də bilin. Ev heyvanlarının, konkret olaraq it və pişiyin çöldə, bayırda, parkda, küçədə gəzdirilməsi tamamilə təbiidir, ancaq onların ictimai nəqliyyatda daşınması isə qətiyyən qəbuledilən deyil.

Müxtəlif insanların nəqliyyat vasitələrinə öz ev heyvanları ilə daxil olduğunu görürük. Bunu istər avtobuslarda, istərsə də metroda sıx-sıx müşahidə etmək olar. Xüsusi bəzədilmiş, geydirilmiş it və pişiklər metro və abtobuslarda görünərkən bu, sərnişinlərə müsbət təsir etmir. Onlar heyvan sahiblərinə “bu heyvanları niyə avtobusda və metroda daşıyırsınız” deyəndə, onlar bunu çox aqressiv qarşılayırlar. Deyirlər ki, Allahın heyvanıdır, onların da ictimai nəqliyyatda getmək haqları (?) var. Heyvan sahibləri iddia edirlər ki, onların iti, pişiyi tez-tez baytarlıq mütəxəssisləri tərəfindən müayinə edilir. Hətta bir çoxu deyir ki, it-pişiyini heyanlar üçün fəaliyyət göstərən “gözəllik salonları”nda bəzədirlər, özləri ilə birgə hamamda yuyundururlar. Əlbəttə, sonuncular onların öz şəxsi işidir. Biz heç kəsə heyvanınla “xoş davranma, onun qayğısına qalma” deyə bilmərik. Heyvanlara şəfqət göstərmək hər birimizin insanlıq borcudur. Amma ictimai nəqliyyata daxil olan heyvanların nəfəsi insan nəfəsi ilə təmasda olur, bu da insanların müxtəlif infeksiyaya yoluxması risqini artırır. Maraqlıdır ki, heyvan sahibləri itlərini bəzədikləri halda, ona buruntaq taxmağı unudurlar. Halbuki onlar itlərini buruntaqsız nə küçədə, parkda gəzdirməli, nə də ictimai nəqliyyata mindirməlidir. Ev heyvanları saxlayanlar  

çox zaman insanların təhlükəsizliyini nəzərə almaq istəmirlər. Onlara elə gəlir ki, heyvanlarını istədikləri yerə apara və istədikləri yerdə gəzdirə bilərlər. Bəzən deyirlər ki, əcnəbilər də ictimai nəqliyyata ev heyvanları ilə daxil olurlar. Bəli, olurlar, lakin onlar heyvan saxlayan şəxslərin riayət etməli olduğu bütün göstəricilərə sayğı ilə yanaşırlar. Bu günlərdə avtobus marşrutlarından birində sərnişinlər it hürüşməsindən narahat olublar. Gözlənilməz vəziyyətdə sərnişinlərdən birinin torbaya salıb apardığı it hürüb. Bu da marşrut avtobusundakı uşaqları əndişəyə salıb.

Baytar-həkim Kamal Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, hazırda şəhər mühitində evlərdə saxlanan heyvanların, demək olar, hamısının infeksion xəstəliklər yaymaq təhlükəsi var. Onlar vaxtlı-vaxtında baytar müayinəsindən keçməlidirlər.

K.Həsənov qeyd etdi ki, bir çox hallarda, ictimi nəqliyyatda sərnişinlərlə birgə daşınan it və pişiklər baytar nəzarətindən kənarda qalanlardır. Ev heyvanları saxlayanların heç də hamısının it və pişiyini müvafiq baytarlıq klinikalarına gətirmədiyini deyən müsahibimiz hesab edir ki, bu ev heyvanları potensial xəstəlik daşıyıcısıdır.

O qeyd etdi ki, bütün araşdırmalar göstərir ki, ictimai nəqliyyatda it və pişiklər sərnişinlərə problem yaradır. Onun sözlərinə görə, buruntaqsız it avtobusa mindirilərsə o, sahibinin ehtiyatsızlığı ucbatından kimisə cırmaqlayarsa, bu, həmin insanın xəstələnməsinə, infeksiyaya yoluxmasına səbəb ola bilər. “Elə bakteriyalar var ki, onlar heyvanların tükündə, nəfəsində, tüpürcəyində yaşayır və yayılır. Bu, insanlarda ciddi xəstəliklər yarada bilər. İt və pişiklər nəzarətdən kənarda qalanda onlar müxtəlif parazitlərin meydana gəlməsinə səbəb olur. Bilirsiniz, bir adam qucağında it ictimai nəqliyyata daxil olur və ola bilsin, o itdə gənə, yaxud bir başqa parazit var. O, istər-istəməz, insanlara keçir. Heyvanlardan keçən qurdların, infeksiyaların isə sağalması çox çətin olur. Bu yaxınlarda mən özüm avtobuslardan birində müşahidə etdim ki, bir kişi qucağında pişik içəri daxil oldu və keçib bir gənc qızın yanında əyləşdi. Qız ona dedi ki, dayı, zəhmət olmasa, pişiyinizi məndən uzaq tutun, pis oluram, qorxuram. Kişi qızın üstünə elə qışqırdı ki, avtobusdakı bütün insanlar həmin kişidən avtobusu tərk etməyi tələb etdi. Pişik də çirk içində idi. Açıq görünürdü ki, onu küçədən tutub. Belə hallarla çox rastlaşırıq. Heyvanlarda olan parazit qurdların təxminən 20-dən çoxu müxtəlif vasitələrlə insana da  keçir. Bu reallıqdır. Odur ki, ehtiyatlı olmalıyıq. Hesab edirəm ki, təkcə baytarlar deyil, zooloq mütəxəssislər də cəmiyyətə bununla bağlı maarifləndirici mesajlar ötürməlidirlər. Çünki bu gün maarifləndirməyə ciddi ehtiyac var. Ev heyvanı saxlayanlar it və pişiklə, yaxud meymunla metroya, avtobusa daxil olarkən insanların reaksiyasını nəzərə almalı, onların təhlükəsizliyi haqqında düşünməlidirlər. Təbii, heyvan saxlayan “mənim heyvanımda xəstəlik yoxdur” deyəcək, amma reallıq tamam başqa şey deyir. Odur ki, ictimai nəqliyyatda sərnişinlərlə birgə daşınan it, pişik və meymunların xəstəlik daşıyıcısı olması şübhə doğurmur” -deyə ekspert bildirdi. 

Yeri gəlmişkən, AMEA-nın Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Reyhan İbrahimova da deyib ki, it və pişiklərdən insanlara keçən parazit qurdlar - "Dipylidium caninum", "Dirofilaria repens", "Echinococcus granulosus", "Ancylostoma caninum", "Toxascaris leonina", "Uncinaria stenocephala" və s.-dır. O, həmçinin, qeyd edib ki, bu parazitlər insanların dərisinin altında, göz qapaqları altında, ağız, burun boşluğunda, qara və ağ ciyərlərdə, bağırsaqlarda, beyində, toxumalarda yerləşərək orqanizmə ciddi zərər vurur.

İradə SARIYEVA

Son xəbərlər