23/01/2019 18:33
728 x 90

Boşanmalar artırsa, buna internet nə etsin – komitənin mövqeyi birmənalı qarşılanmır…

“Sosial şəbəkə insanları tənhalaşdırmır, əksinə, onların çox insanla ünsiyyətdə olmasına səbəb olur”

img

Könül Vaqifqızı: “Sosial şəbəkə həm insanları birləşdirmək, həm də müxtəlif tip sosial problemləri həll etmək baxımından çox effektivdir”

 

XXI əsr internet əsridir desək, yanılmarıq. Çünki artıq hər kəsin əlində telefon və hər kəsin evində, iş yerində kompyuter var. Hər kəs rahatlıqla internetdən istifadə edir.

Texnologiya hər ötən gün inkişaf etdikcə, insanlar məsafədən asılı olmayaraq, rahat ünsiyyət qururlar. İnsanlar texnologiya vasitəsilə tək ünsiyyət qurmur, eyni zamanda, məlumat əldə edir, maariflənir, ümumiyyətlə, internet vasitəsilə istifadəçilər əhəmiyyətli məlumatlar əldə edirlər. Bu gün ölkə əhalisinin 90 faizi internet istifadəçisidir. Yaşından asılı olmayaraq, hər kəs internetin faydasından yararlanır.

Ancaq bu günlərdə belə bir fikir səslənib ki, internetin inkişafının tənha insanların sayının artmasına və boşanma prosesinə təsiri var. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov media nümayəndələrinə açıqlamasında qeyd edib. O deyib ki, Azərbaycanda internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənir: “Bütün ölkələrdə boşanmaların sayı çoxalır. BMT-nin statistik məlumatlarına əsasən, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Almaniyada bağlanan nikahların 35-45 faizi, Bolqarıstan, Türkiyə, Yunanıstan və Macarıstanda isə 25-28 faizi boşanma ilə nəticələnir.

Bu gün ailənin hər hansı problemi olanda gənclər onun həlli yolunu ya evi tərk etməkdə, ya da boşanmaqda görürlər. Amma həmin problemin həllinə dair tərəflər arasında razılaşma olmur. Buna yanaşma tərzi dəyişib, gənclərdə özünə qapanma var. Çünki gənclər internet cəmiyyətinin içində formalaşaraq qapalı olublar. Digər dövlətlərin təcrübəsinə baxdıqda görmək olur ki, internet cəmiyyəti tənhalığa gətirib çıxarır. Ona görə Azərbaycanda da internet cəmiyyətinin insanların həyatına, insanların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək”.

Ancaq ekspertlər boşanmanın artması səbəbinin tək internetlə bağlı olduğunu düşünmürlər. Onların fikrincə, bu gün boşanmaların sayının artması gənclərin bir-birini tanımadan ailə qurması ilə bağlıdır. Daha sonra sosial çətinlik, məişət problemləri bu sahədə səbəb kimi göstərilir.

Həmçinin, internetin insanları tənhalaşdırması fikrinin düzgün olmadığı da iddia olunur. Bildirilir ki, bu gün insanlar sosial şəbəkə vasitəsilə ünsiyyət qurur, özlərinə yeni dost qazanırlar.

Onu da qeyd edək ki, internet üzərindən insanlar təkcə məlumat qəbul etmir, həmçinin, gəlir də əldə edirlər. 

Psixoloq Könül Vaqifqızı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, XXI əsr texnologiya dövrüdür. Bu səbəbdən, yaşından asılı olmayaraq, hər kəs internetdən istifadəyə maraq göstərir: “Bu gün ölkəmizdə də sosial şəbəkə istifadəçilərinin sayı getdikcə artmaqdadır. İstifadəçilərin bu şəbəkəyə baxışı isə müxtəlifdir. Bu gün əksər istifadəçi “Facebook” və ya “Tvitter”dən istifadə etməklə gündəlik xəbər oxumaq istəyir. Bəllidir ki, bəzi insanlar xəbəri sayt vasitəsilə deyil, məhz sosial şəbəkə vasitəsilə oxumağa üstünlük verirlər. Həmçinin, heç cür bir araya gəlmək imkanı olmayan insanlarla asan və tez bir şəkildə əlaqə saxlamaq baxımından olduqca əlverişlidir. Bəzən real həyatda insanlarla ünsiyyət qura bilməyən insanların sosiallaşması baxımından da yararlıdır. Daha bir məsələ də var ki, hansısa problemlə bağlı köməyə ehtiyacı olan insanlara yardım göstərilməsində də sosial şəbəkələrin rolu əvəzsizdir. Hansısa xəstəlikdən əziyyət çəkən insana yardım olunması üçün sosial şəbəkədə məlumat paylaşılır. Beləliklə, həmin şəxsin müalicəsi üçün maliyyə toplanır”.

Həmsöhbətimiz hesab edir ki, hazırkı şəraitdə insanların sosial şəbəkədən istifadəsini məhdudlaşdırmaq düzgün olmaz. Çünki sosial şəbəkə həm insanları birləşdirmək, həm də müxtəlif tip sosial problemləri həll etmək baxımından çox effektivdir: “Nəzərə almaq lazımdır ki, sosial şəbəkələrin olmadığı dövrlərdə insanlar hansısa ağır problemlə qarşılaşdıqda maddi çətinlik ucbatından onu həll edə bilmirdilərsə, hazırda sosial şəbəkələr vasitəsilə, xeyirxah insanların köməkliyi ilə çox vaxt bunun öhdəsindən gəlirlər. Bundan əlavə, Azərbaycanda sosial şəbəkələr vasitəsilə müəyyən hüquqi, fiziki şəxslə bağlı reklamın aparılması, online satışın həyata keçirilməsi ən çox yayılanlar içərisindədir. Qeyd edim ki, bu üsul televiziyadan daha effektivdir”.

Psixoloq onu da əlavə etdi ki, sosial şəbəkə insanları tənhalaşdırmır, əksinə, onların çox insanla ünsiyyətdə olmasına səbəb olur: “Əvvəllər elə insanlar var idi ki, onlar bütün günü evdə tək olmaqdan bezirdilər. Özlərinə məşğuliyyət tapmaqda çətinlik çəkirdilər. Ancaq indi insanlar sosial şəbəkədən istifadə etməklə həm tək olmadıqlarını anlayır, həm də evdə oturmaqla gəlir əldə edirlər”.  

Günel CƏLİLOVA

Son xəbərlər