23/01/2019 18:36
728 x 90

Azərbaycanda dövlət siyasətinin yeni sferası – innovativ inkişafın koordinasiyası...

“Sərəncam innovativ inkişaf sahəsində effektivliyin artırılmasına, koordinasiyanın təminatına xidmət edəcək”

img

“Xüsusən də gənc nəslin, texnoloji baxımdan yaradıcılığa meylli tələbələrimizin qarşısında yeni üfüqlər açılır”

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Prezidentinin, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanlarının yaratdıqları publik hüquqi şəxslər, o cümlədən, dövlət ali təhsil müəssisələri, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər (bundan sonra – koordinasiya subyektləri) elmi nailiyyətlər, bilik və rəqəmsal yeniliklər bazasında məhsul, xidmət, texnologiya, proses və həllərin hazırlanmasına, təqdim olunmasına və istifadəsinə əsaslanan innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxsi (müvafiq qurumun rəhbərinin müavini və ya qurumun idarəetmə orqanlarında təmsil olunan digər şəxs səviyyəsində) on gün müddətində təyin edərək bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat versinlər.

Prezident Administrasiyasına tapşırılır ki, koordinasiya subyektlərinin innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində gördükləri işlərin əlaqələndirilməsini təmin etsin. O cümlədən sözügedən məsələ ilə əlaqədar digər işlərin görülməsi ilə bağlı müvafiq qurumlara tapşırıq verilib.

Əslində, dövlət siyasətinin yeni sferasının açılması kimi də başa düşülən prosesin hansı praktik nəticələri ola bilər?

Məsələyə münasibət bildirən Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalının sözlərinə görə, sərəncam innovativ inkişaf sahəsində effektivliyin artırılmasına, koordinasiyanın təminatına xidmət edəcək: “Sərəncama görə, koordinasiya subyektləri innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxsi təyin edəcək; innovativ inkişafın dəstəklənməsi sahəsində mövcud durum haqqında bilgilər hazırlayacaq. Bir sözlə, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanları, AMEA, publik hüquqi şəxslər, dövlət ali təhsil müəssisələri yeni bir mexanizmlə daha üstün çalışma müstəvisi, yaxud yeni fəaliyyət platforması qazanırlar. Burada həm kömək göstərmək, həm də hesabatlılıq var, həm təcrübə mübadiləsi imkanları genişlənir, həm problemləri çevik aradan qaldırmaq mümkün olacaq.

Bu yeni koordinasiya işi elmlə sosial-siyasi həyatın daha da qaynayıb-qarışmasını, İKT-nin tətbiqi və informasiya təhlükəsizliyi məsələlərinə də öz töhfəsini verəcək deyə düşünürəm. Düşünürəm ki, milli brendlərin yaranması, Azərbaycan mərkəzli elekron proqramlarının yayılması perspektivləri də göz önündə tutulmaqdadır. Belə sərnəcamlar dövlət orqanlarının, elm-təhsil müəssisələrinin koordinasiyalı fəaliyyəti üçün yeni imkanlarla yanaşı, yeni vəzifələr də müəyyənləşdirir və bu vəzifələr ölkənin inkişafına xidmət edəcək. Kosmos ailəsinin üzvü olan, yüksək texnologiyaların yaradılması və tətbiqinə məsul mərkəzi icra hakimiyyəti orqanı yaradılmış bir respublika olaraq, cənab Prezidentin belə qərarları ilə daha konkret məsuliyyət bölgüsü əsasında, cəmiyyətimizin yeni uğurlara səsləndiyinə inanıram. Xüsusən də gənc nəslin, texnoloji baxımdan yaradıcılığa meylli tələbələrimizin qarşısında yeni üfüqlər açılır.

Koordinasiya subyektləri işçilərinin innovasiya təşəbbüskarlığının, rəqəmsal texnologiyalardan istifadə bacarıqlarının təşviq edilməsi ilə bağlı tədbirlərin də sərəncamda göstərilməsi çox müsbət amildir. Bu sırada, hər dəfə innovativ inkişafla yanaşı, “startap” fəaliyyətinə dövlət dəstəyinin ifadə edilməsi çox xoşdur. “Startap” dedikdə daha çox gənc ixtiraçılarımız, texnoloji yaradıcılığa könül vermiş gənclərimiz göz önünə gəlir və bu sahədə çalışma, avtomatik olaraq, beynəlxalq aləmə çıxış imkanlarını, təcrübə paylaşımını, maddi və mənəvi qazancı da özü ilə gətirir və əlbəttə, bunların hamısı alqışalayiqdir”.

Vidadi ORDAHALLI

Son xəbərlər