23/01/2019 18:32
728 x 90

Diaspor Komitəsindən maraqlı təşəbbüs – dünya azərbaycanlıları üçün ana dilində onlayn dərslər...

“Çalışırıq ki, Azərbaycan dili dərslərindən daha çox insanın xəbəri olsun ki, faydalana bilsinlər”

img

Vəsilə Vahidqızı: “Getdikcə Azərbaycan dili dərslərinin daha maraqlı formatda təqdimatını edəcəyik”

 

Xaricdə yaşayan soydaşlarımızın taleyi Azərbaycan dövlətini ciddi maraqlandırır. Həmvətənlərimizin hansı ölkədə yaşamasından asılı olmayaraq, onların Azərbaycan dövlətinə, dövlətçiliyinə və milli məfkurəyə bağlı olması əsas məqamlardan biridir. Bu gün dövlət səviyyəsində xaricdə yaşayan azərbaycanlılarla bağlı bir sıra layihələr həyata keçirilir. Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılar üçün onlayn Azərbaycan dili dərsləri təqdim edir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı “Bakı-Xəbər”ə bildirdi ki, sözügedən layihə Diaspor TV vasitəsilə həyata keçirilir. V.Vahidqızının sözlərinə görə, Diaspor TV yaranan gündən bu ideya olub. “Mən televiziyada çalışdığım vaxtlarda da xaricdə yaşayan azərbaycanlıların belə bir arzusunun olduğunu bilirdim. Hətta TV-də də belə dərslərin açılması üçün təkliflər vermişdim. Göründüyü kimi, bu işi Diasporla İş üzrə Dövlət Komitəsinin onlayn TV-si olan Diaspor TV-də reallaşdırmaq mümkün oldu. Xaricdə yaşayan bir çox azərbaycanlı ailə evdə Azərbaycan dilində danışır, ana dilini qorumağa çalışır. Amma bu hər ailədə mümkün deyil. Xüsusilə xaricdə doğulan insanlar dili mənimsəməkdə çətinlik çəkirlər. Elə ailələr var ki, orada valideynlərdən biri azərbaycanlıdır. Onlar ingilis və ya başqa bir xarici dildə anlaşmağa məcburdurlar. Başqa bir səbəb odur ki, bəzi soydaşlarımız tək yaşayır və hər zaman xarici dillərin danışıldığı ortamda olurlar. Bu da, istər-istəməz, dilin unudulmasına gətirib çıxarır. Biz xaricdə yaşayan azərbaycanlılara məhz bu baxımdan kömək etməyi borc bilirik. Azərbaycan dilinin öyrədilməsinə əlifbadan başladıq. Dərslər çox qısa hazırlanır və olduqca sadədir. Belə hesab edirik bu, qavranılmanı asanlaşdıracaq. Getdikcə Azərbaycan dili dərslərinin daha maraqlı formatda təqdimatını edəcəyik. Hətta xaricdə yaşayan gənclər arasında dil müsabiqələri belə təşkil etmək kimi planımız var.Yeri gəlmişkən, Azərbaycan Dillər Universitetinə təşəkkür edirik. Universitetin müəllimi Səbinə Əliyeva dil dərslərini həvəslə keçir. Dərs zamanı bəzən diaspor üzvlərinin virtual əlaqələrindən istifadə olunur, onlar “Facebook” və “Skype” üzərindən dərslərə qatılırlar. Çalışırıq ki, Azərbaycan dili dərslərindən daha çox insanın xəbəri olsun ki, faydalana bilsinlər. Dərslər Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor.gov.az saytında, Diaspor TV-də yerləşdirilir. Eyni zamanda, Azərbaycan dili dərslərinin daha çox insan üçün əlçatan olmasından ötrü sosial şəbəkələrdə də yayımını təşkil eidirik”.

O, həmçinin, qeyd etdi ki, Azərbaycan dili dərsləri ilə bağlı həm ölkə daxilindən, həm də xaricdən rəy və təkliflər alırlar və hər biri də diqqətdə saxlanır. “Xüsusilə bəzi millət vəkilləri bu mövzunu olduqca müsbət qarşılayıb və daim diqqətdə saxlayırlar. Xaricdə yaşayan azərbaycanlıların istəkləri necə olacaqsa, dərslər də o tələblərə cavab verəcək. İndiki təqdimatı bir az da test dövründə hesab edirik. Bizim işimiz yaxşı nəticəyə hesablanır və keyfiyyət nəticə ilə ölçüləcək”- deyə V.Vahidqızı bildirdi.

İradə SARIYEVA

Son xəbərlər