23/01/2019 18:31
728 x 90

Bakıda “avtoparkinq” qiymətlərinin yüksək olması barədə iradlar səslənməyə başlayıb…

img

Mais Ağayev: “Tariflərlə bağlı yeni bir qərar olacağı halda, təbii olaraq, ictimaiyyətə əvvəlcədən məlumat veriləcək”
Ərşad Hüseynov: “Gündəlik parkinq xidmətindən yararlanan sürücülərə biraylıq yox, hətta birillik zərf təklif etmək lazımdır, özü də elə qiymətə ki, onu 12 aya böləndə hər ayın haqqı indiki aylığın yarısı və ya üçdə biri qədər olsun”

 

Bakıda sürücülərin üzləşdiyi əsas problemlərdən biri də park yerləri ilə bağlıdır. Məlumdur ki, parklanma yerində sürücülər, saatından asılı olaraq, 1 manatdan başlayan ödənişlər etməyə vadar edilir. Şəhərdə elə yerlər var ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsini 1 saat müddətinə park etmək üçün 2 manat ödəməli olur.

Avtomobillərin park olunması üçün tələb olunan məbləğin yüksək olması dəfələrlə müzakirə olunub. Hətta məbləğin endirilməsi təklif olunub. Məbləğin endirilməsi əvəzinə, parkinq qiyməti qaldırılıb.

Son günlər Bakı şəhərində parkinqlərdə qiymətlərin artırıldığına dair məlumat yayılıb. Sosial şəbəkə istifadəçiləri "Qış Parkı” və Azadlıq meydanının altında yerləşən parkinqlərdə qiymətlərin 2 dəfə artırıldığını qeyd ediblər: "Qış Parkı”nda yerləşən parkinqdə 9:00-21:00 radələrində maşın saxlamaq üçün aylıq abunə haqqı 30 manatdan 60 manata qaldırılıb. Hökumət evi yaxınlığında isə parkinqdə aylıq abunə haqqı artıq 80 manatdır”.

Avtomobillərin park olunmasına tələb olunan məbləğin endirilməsi təklif edilir. Belə bir təklifi Oxu.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev deyib. O qeyd edib ki, indiki mərhələdə parkinqlərə görə aylıq ödənişləri qaldırmaq doğru deyil: “Çünki problemlər tamamilə başqa yöndədir. Dünya təcrübəsinə görə, küçələrdə olan parkinqlə müqayisədə, yeraltı və yerüstü parkinqlər daha bahadır. Bunun səbəbi var. Bu, praktiki olaraq, ona səbəb olur ki, insanlar küçədə deyil, kənar parkinqlərdən istifadə edirlər. Problem ondadır ki, küçə sahəsi məhdud resursdur və həmişə problem olur. Eyni zamanda, küçələrdə parkinq ucuz olsa, bu, tələbin artımına gətirib çıxarır. Nəticədə parkinqlər məşğul olur və boş yer tapmaq olmur. Tələb və təklifin tarazlığı olmalıdır. Küçədə kimin qısamüddətli bir işi varsa, parkinqdə maşını saxlayan zaman qiymət münasib olmalıdır. Qiymət yüksək olduğu halda, daha çox qapalı parkinqlərə üz tuturlar. Parklanma siyasətində qiymət tərtibetmə ona yönəlir ki, insanlar avtomobil saxlamaqdan maksimum imtina etsinlər”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı bildirdi ki, təmsil etdiyi qurum tərəfindən qiymət siyasəti müəyyən edilməyib: “Hazırda əsas diqqət Füzuli və Mirzəağa Əliyev küçələri arasında, eyni zamanda, Neftçilər prospekti - Hökumət evinin qarşısında yerləşən yeraltı avtomobil qarajlarında təhlükəsizlik və digər vacib məqamlarla bağlı zəruri infrastrukturun yaxşılaşdırılmasına yönəldilib. Bu istiqamətdə ciddi iş aparılmaqdadır. Bu işlər yekunlaşdıqdan sonra qiymət siyasətinə baxılacaq. Tariflərlə bağlı yeni bir qərar olacağı halda, təbii olaraq, ictimaiyyətə əvvəlcədən məlumat veriləcək”.

Yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirdi ki, dövlətə məxsus yeraltı parklanma yerlərində qiymətlərlə bağlı qarışıq məlumatlar yayılır: “İndiki vaxtda həmin qiymətləri artırmaq və ya müxtəlif güzəştli xidmət zərflərini ləğv etmək çox ciddi səhv olar. Əsasən bu iki məqama diqqət edilməlidir. Birincisi, Bakının küçə və prospektlərində parklanmalarla, o cümlədən qanunsuz parklanmalarla bağlı ciddi problem var. Bəzi yerlərdə bu səbəbdən hərəkət iflic olur, xaos və tıxac yaranır. Belə şəraitdə şəhərin mərkəzində parklanma yeri axtaran sürücüləri yeraltı parklanmalardan istifadəyə sövq etmək lazımdır. Elə güzəştli qiymətlər və həvəsləndirici şərtlər tətbiq etmək lazımdır ki, heç kəs həmin parklanmalardan istifadədə tərəddüd etməsin.

Ancaq hesab edirəm ki, qiymətin qaldırılması və güzəşt zərflərinin ləğvi və ya ağırlaşdırılması bunun əksini edəcək. Belə olsa, indi oradan istifadə edənlərin xeylisi yuxarıda - mərkəzdəki küçə və prospektlərdə parklanma yeri axtaracaq. Belə yer isə yoxdur. Deməli, ikinci cərgədə və qadağan olunan yerlərdə parklananların sayı artacaq. Nə qədər sərt mübarizə aparılsa da, bu, qaçılmaz olacaq. Başqa sözlə, mərkəzdə parklanma xaosu bir az da artacaq”.

Həmsöhbətimizin sözlərinə görə, gündəlik parkinq xidmətindən yararlanan sürücülərə biraylıq yox, hətta birillik zərf təklif etmək lazımdır, özü də elə qiymətə ki, onu 12 aya böləndə hər ayın haqqı indiki aylığın yarısı və ya üçdə biri qədər olsun. Həmin parklanma yerlərindən epizodik istifadə edənlər üçün də maraqlı həvəsləndirici ideyalar düşünmək lazımdır.

Ekspert onu da vurğuladı ki, sürücülər parklanma yerlərinin qiymətini qaldıranlar və ya qanunsuz pul yığanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.

Günel CƏLİLOVA

Son xəbərlər