26/03/2019 23:55
728 x 90

Reklam çarxlarının hazırlanmasında dilçilərin də iştirak ideyası var

Reklam şirkətləri Dilçilik İnstitutu, yaxud ali məktəblərin dilçilik kafedraları ilə əməkdaşlıq müqavilələri bağlamalı və dilçi mütəxəssisləri bu işə dəvət etməlidirlər”

img

Sevda Məmmədova: “Problemin həlli yolu…”

 

Cəmiyyətin bütün sferalarında Azərbaycan dilinin işləkliyinin təmin edilməsi dövlətin əsas hədəflərindəndir. Dövlət bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. Şübhəsiz ki, ictimai təşkilatlar da bu sahəyə fayda verməlidirlər. Məlumdur ki, son illər televiziya və radiolarda, o cümlədən də reklamların hazırlanmasında ciddi dil xətalarına yol verilir. Bu halın qarşısının alınması üçün aidiyyəti qurumlar müəyyən təşəbbüslər göstərir, ana dilinin işləkliyi sahəsində qarşıya çıxan problemlərin həllinə nail olmağın yollarını axtarırlar.

Bu gün ana dilimizin qaydalarının ən çox pozulduğu sahələrdən biri reklamlardır ki, reklam mətnlərinin hazırlanmasında dil qaydalarına çox vaxt əhəmiyyət verilmir. Bu da reklamların hazırlanması işində dilçi mütəxəssislərin iştirakının vacibliyini gündəmə gətirir. Reklamların hazırlanmasında dilçilər iştirak etmədiyi üçün, mətnlərdə işlənilən sözlər, ifadə vasitələri uyğun seçilmir. Bu da faktdır ki, reklamlar çox vaxt rusdilli şəxslər tərəfindən tərtib edilir. Hətta onların səsləndirilməsində də əsasən rusdilli şəxslər iştirak edirlər.

Dilçi-mütəxəssis Sevda Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, dilçilərin reklamların hazırlanmasına cəlb edilməsi müsbət nəticələr verər. Onun sözlərinə görə, dilçilər mütəmadi olaraq reklamlarda mövcud olan problemləri gündəmə gətirib və onların bu sahədə iştirakının təmin edilməsini istəyiblər. O hesab edir ki, Dövlət Reklam Agentliyi özü bu məsələdə maraqlı olmalıdır ki, dilçilər bu sahədə təmsil olunsunlar. “Bizdə reklam mətnləri əsasən yazılmır, rus və digər əcnəbi dillərdən tərcümə edilərək verilir. Tərcümə naşı adamlar, dili bilməyənlər tərəfindən edilir və bu səbəbdən də reklamların çoxunda istifadə edilən sözlər baş-ayaq olur. Bildiyim qədər, Dilçilik İnstitutu reklamların dili ilə bağlı bir neçə dəfə monitorinq aparıb. Bu müsbət haldır. Amma reklam verən qurumlar monitorinqlərin nəticələrinə əhəmiyyət vermək istəmirlər. Bu ondan irəli gəlir ki, bu qurumlar peşəkar mütəxəssisləri reklamların hazırlanmasına cəlb etsələr, daha çox pul xərcləməlidirlər, bu üzdən də Azərbaycan dilinin incəliklərindən, qayda-qanunlarından xəbəri olmayan əməkdaşlarının xidmətindən istifadə edirlər. Hesab edirəm ki, reklam şirkətləri Dilçilik İnstitutu, yaxud ali məktəblərin dilçilik kafedraları ilə əməkdaşlıq müqavilələri bağlamalı və dilçi mütəxəssisləri bu işə dəvət etməlidirlər. Problemin həlli yolu ancaq dilçilərin reklamların hazırlanması prosesinə cəlb edilməsindən keçir. Dilçilər bu sahədə olan dil problemini asanlıqla aradan qaldıracaq və bu həm dilimizin işləkliyinin təmin olunmasına şərait yaradacaq, həm də o şirkətlərin nüfuzuna müsbət təsir göstərəcək”. Mütəxəssis vurğuladı ki, dilçilərin reklamlarla bağlı irad və təkliflərinə ciddi fikir verilməlidir. Onun sözlərinə görə, reklamlar efir və ekranda daha çox yayımlandığı, təbliğ edildiyi üçün, burada Azərbaycan dilinin bütün qaydaları daha çox qorunmalıdır. “Reklam şirkətləri dilçi mütəxəssislərlə əməkdaşlıq etməkdən çəkinməməlidirlər.  Çünki dilçilərin onların işinə ancaq faydası dəyə bilər” - deyə o qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər