23/01/2019 18:29
728 x 90

Otellərimizin Avropa ulduzu – Azərbaycanın dünya inteqrasiyasında növbəti pillə...

“Hazırda Azərbaycan otellərinin ulduz təsnifatında müəyyən problemlər yaşanır”

img

Elçin Rüstəmov: “Otellərə ulduzun Avropa standartı əsasında verilməsi turizmin inkişafına da səbəb olacaq”

 

Xəbər verildiyi ki, Azərbaycandakı otellərə ulduzlar Avropa standartları ilə veriləcək. Bu barədə media nümayəndələrinə açıqlamasında Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib.

O bildirib ki, Azərbaycanda otellərin ulduz alması prosesi könüllüdür: “Otellərin təsnifatlaşdırılması prosesi könüllü olsa da, ulduz almaq günün tələbi olacaq. Ulduzu olmayan bir otelin müştərisi də az olacaq. Turist oteldən yer sifariş edəndə ulduza fikir verir. Azərbaycanda bu gün otellərə ulduzların verilməsini şərtləndirən mexanizm yoxdur. Ona görə də Azərbaycan Otellər Assosiasiyası yaradılıb və bu prosesin həyata keçirilməsi həmin qurum tərəfindən reallaşdırılacaq”.

K.Quluzadə qeyd edib ki, otellərdə təsnifatlaşdırmanı avropalı mütəxəssislər aparacaq ki, heç kimin tərəfkeşliyə şübhəsi qalmasın. Proses şəffaf olacaq.

Ölkədə fəaliyyət göstərən otellərə ulduzların Avropa standartları ilə verilməsinin vacibliyi barədə “Bakı-Xəbər”ə açıqlama verən "New ERA Travel” şirkətinin direktoru, turizm eksperti Elçin Rüstəmov qeyd etdi ki, hazırda Azərbaycan otellərinin ulduz təsnifatında müəyyən  problemlər yaşanır: “Məlumdur ki, xarici ölkələrdə oteldə ulduzların xidmət səviyyəsini müəyyən edən xüsusi yoxlama komissiyaları var. Həmin yoxlama komissiyaları mütəmadi olaraq otellərin ulduzlarını xidmət səviyyəsinə görə araşdırır. Otelin xidmət səviyyəsi standarta uyğun deyilsə, dərhal ulduz sayı azalır. Ökəmizdə isə oteldə ulduzların təsnifatlaşdırılmasında müəyyən problemlər mövcuddur. Bəzi otellərdə xidmət səviyyəsinin standarta uyğun olmadığını tək yerli turistlər deyil, ölkəmizə gələn əcnəbilər də təsdiq edirlər. Təbii ki, bu hal ölkənin turizm sektoruna da təsir edir. Adətən turistlər qaldığı otelə əsasən ölkənin imicini formalaşdırırlar. Bu səbəbdən də hesab edirəm ki, otellərə ulduz Avropa standartı əsasında verilməlidir. Göstərilən xidmət müasir standartlara cavab verməlidir. Otellərdə müştəriyə göstərilən xidmətə görə ulduz verilməlidir. 4-5 ulduzlu otel müəyyən müddət keçdikdən sonra göstərdikləri xidmətin keyfiyyəti aşağı düşərsə, o zaman bu, ulduz sayına təsir etməlidir. Otellərə ulduzun Avropa standartı əsasında verilməsi turizmin inkişafına da səbəb olacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər