23/03/2019 12:08
728 x 90

Uşaqlara tütün, içki satışına görə hüquqi cəzalandırmalar başladı…

“Obyekt sahibi ilə yanaşı, uşağı siqaret, spirtli içki almaq üçün dükana göndərən valideyn də cəzalandırılmalıdır”

img

Fatimə Hacıbəyli: “Valideynin məsuliyyətsizliyi nəticəsində uşaq zərərli vərdişə yiyələnir”

 

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində daxil işlər orqanları tərəfindən tədbirlər davam etdirilir. Növbəti belə tədbir Baş İctimai Təhlükəsizlik İdarəsi, Nərimanov və Nizami rayon polis idarələrinin əməkdaşları tərəfindən həyata keçirilib.

Tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk aşkar edilib. Tədbir zamanı Nərimanov rayonu A.Neymətulla, F.Yusifov və F.X.Xoyski küçələri, həmçinin, Nizami rayonu Q.Qarayev prospektində orta məktəblərin yaxınlığında yerləşən köşklərin də bir neçəsində yetkinlik yaşına çatmayan şəxslərə siqaret satıldığı müəyyən edilib. Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə ediliblər.

İctimaiyyət nümayəndələri yetkinlik yaşına çatmayan şəxslərə siqaret və alkoqollu içkiləri satanların qanunvericiliyin tələbinə uyğun olaraq cəzalandırılmasını təqdir edirlər.

“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, azyaşlı uşaqlara siqaret və spirtli içki satılması qanunla qadağandır: “Yetkinlik yaşına çatmayanlara spirtli içki və tütün məmulatlarının satışı ilə məşğul olan şəxslərin cəzalandırılması yaxşı haldır. Bəzi valideynlər övladını spirtli içki və ya siqaret almağa göndərir. Satıcı müştərinin yaşına baxmadan ona istədiyi malı satır. Onlar satdığı siqaret və ya alkoqollu işkinin uşağın gələcək həyatını məhv edəcəyini düşünmürlər. Satıcını tək düşündürən onun əldə etdiyi gəlirdir. Bu səbəbdən azyaşlı uşağa siqaret və ya spirtli içki satan həm obyekt sahibi, həm də satıcı cəzalandırılmalıdır.

Obyekt sahibi ilə yanaşı, uşağı siqaret, spirtli içki almaq üçün dükana göndərən valideyn də cəzalandırılmalıdır. Valideyn evində istirahət edəcək, uşaq isə buna siqaret alacaq. Bu kimi hallarda müəyyən müddət keçəndən sonra həmin uşağın özü siqaret istifadəçisi olur. Valideynin məsuliyyətsizliyi nəticəsində uşaq zərərli vərdişə yiyələnir. Bu səbəbdən də təklif edirəm ki, azyaşlı uşağını siqaret və ya spirtli içki almaq üçün dükana göndərən valideyn də cəzalandırılsın”.

Həmsöhbətimiz onu da bildirdi ki, polis əməkdaşları tərəfindən məlum reyd paytaxtla yanaşı, bölgələrdə də həyata keçirilməlidir.

Günel CƏLİLOVA

Son xəbərlər