26/03/2019 23:51
728 x 90

Azərbaycan universitetlərində imtahanlara ictimai nəzarət mexanizmi gücləndirilir

“Ali təhsil müəssisələrində imtahan sessiyasının gedişini izləmək məqsədilə monitorinqin keçirilməsi şəffaflığı və obyektivliyi təmin edir”

img

Kamran Əsədov: “… xüsusilə də ali təhsilin inkişafı üçün mühüm addımdır”

 

Son zamanlar ali məktəblərdə keçirilən qış və yay imtahan sessiyaları ictimaiyyət nümayəndələrinin müşahidəsi əsasında həyata keçirilir. İctimaiyyət nümayəndələri ali təhsil müəssisələrində imtahanın gedişatını izləyir. Bu proses bir neçə ildir həyata keçirilir.

Tanınmış ictimai xadimlər ölkənin nüfuzlü ali təhsil ocaqlarında keçirilən imtahan prosesini diqqətdə saxlayırlar. Bəllidir ki, hazırda universitetlərdə qış imtahan sessiyası keçirilir. Bu günlərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasını müşahidə etmək üçün mediatur keçirilib. Universitetdə imtahan prosesinin izlənməsində Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və mətbuat nümayəndələri iştirak ediblər.

Müşahidəçi qismində imtahanda iştirak edən təhsil eksperti Kamran Əsədov ictimaiyyət nümayəndələrinin iştirakı ilə imtahan prosesinin keçirilməsinin əhəmiyyəti barədə sualımıza bunları dedi: “İlk  növbədə qeyd edim ki, artıq bir necə ildir ali təhsil müəssisələrində imtahan sessiyasının gedişini izləmək məqsədilə monitorinq keçirilir. Bu tip tədbirlər imtahan sessiyasında şəffaflığın və obyektivliyin təmini məqsədilə həyata keçirilir.

Mənim Təhsil Xidmətlərinin Araşdırma Mərkəzinin rəhbəri və təhsil üzrə ekspert olaraq qatıldığım monitorinqlərdə imtahanlar test, yazılı və bəzi ixtisaslardan (memarlıq və dizayn) qabiliyyət üzrə təşkil olunub. Mənə verilən məlumatlardan məlum olur ki, müəllimlər imtahanqabağı konsultasiyalar təşkil edir, aydın olmayan suallar üzərində tələbələrlə birgə işləyirlər. Diplomçular üçün "diplom otaqları" yaradılıb, burda da diplom rəhbərləri tələbələrlə birgə diplom işinin üzərində çalışırlar. İmtahanlarda şəffaflığı, obyektivliyi təmin etmək məqsədilə apelyasiya qərargahı fəaliyyət göstərir, nəticələrdən narazı qalan tələbələr qərargaha müraciət edib məsələni aydınlaşdırırlar. Eyni zamanda, imtahan sessiyası zamanı universitetlərin İKT şöbəsi onlayn müraciət etmək üçün tələbələrə imkan yaradır, onlar birbaşa rektora müraciət edib şikayətini, narazılığını bildirir”.

K.Əsədovun sözlərinə görə, müşahidə apardığı bütün universitetlərdə imtahan sessiyası mövcud normativ sənədlər əsasında təşkil edilib, imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həllini təmin etmək məqsədilə universitetlərdə operativ qərargah, münaqişə komissiyası, eyni zamanda, “qaynar xətt” yaradılıb: “Mənə verilən məlumata görə, universitetlərdə qərargahın yaradılmasının məqsədi imtahanların gedişində obyektivliyi və şəffaflığı, valideynlərin imtahan prosesinin bütün mərhələlərində fəal iştirakını təmin etməkdir, qərargahın fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə vaxtaşırı məlumat verilir.

Hesab edirəm ki, imtahan sessiyası müddətində tələbələrin valideynlərinin, ictimaiyyət nümayəndələrinin, media təmsilçilərinin imtahanların gedişini izləmələri üçün lazımi şərait yaradılması təhsilin, xüsusilə də ali təhsilin inkişafı üçün mühüm addımdır”.

Günel CƏLİLOVA 

Son xəbərlər