26/03/2019 23:51
728 x 90

GÖZLƏR YOLDAN YIĞILARMI...

Şəhidin məzarı təsəllidirsə...itkinin...

img

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə Kitabı" Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz" seriyasından yeni bioqrafik sənədli povestin çapına başlayır. Xatırladaq ki, bundan öncə yenə həmin birgə layihə çərçivəsində "Gözlə gələcəyəm" adlı kitab uğurla yekunlaşdırılaraq təqdim edilib. Son illərdə bütün təbiətinin ecazkar koloriti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum yenə. Bu dəfə bu yurdun itkin-şəhidinin axtarışına çıxmışam. Respublika "Xatirə Kitabı"nın redaksiyası və "Bakı-Xəbər" qəzetinin birgə layihəsi əsasında baş redaktor Nəzakət xanım Məmmədovanın bir qədər kövrək, bir qədər duyğusal təklifindən qaynaqlanır bu səfərim. Qarşıda məni və oxucuları hansı yaşantılar gözləyir?!.. Tələsməyin. Sizi bir Vətən övladının kitab-dəftərə sığmayacaq taleyinin bəzi epizodları ilə tanış edəcəyəm. İtkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovla ilgili, onlu-onsuz tale yolu, axtarışları ilə...

(Beşinci yazı)

Yazılarımın başlanğıcında “ecazkar təbiəti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum” ifadəsini işlətmişdim. Son illərdə məni bu bölgənin əhalisinə ən çox bağlayan zəmanəmizin böyük ziyalısı, əsərlərində və şəxsiyyətində təpədən-dırnağa azərbaycançılığı, Vətən sevgisini yaşadan çağdaş şairimiz Musa Yaqub poeziyası ilə daha dərindən tanışlıq imkanlarım olub. Mən böyük şairimizin bir neçə kitabının redaktoru və bu təkrarsız poetik nümunələr haqqında bir sıra yazıların müəllifiyəm. Bu məqamda onun çox məşhur dördlüyünü yazıya əlavə etməmək ədalətsizlik olardı:

- Bəlkə də borcundan çıxmadım, Vətən,

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də, qoynunda qoy ölüm ki mən,

Çürüyüm, bir ovuc torpağın artsın.

Musa Yaqub “Vətəndə yaşayıb Vətəndə ölməyi, Vətən torpağına bir ovuc qədərində də olsa fayda verə bilməyi” xoşbəxtlik sayıla biləcək ədəbi nümunə ilə yaddaşlara həkk edib. Azərbaycan ədəbi cameəsinin və ümumən xalqımızın əksər qisminin dilində bir himnsayağı əzbərə çevrilib bu sətirlər. Şair Vətən torpağında çürüməyi belə özü üçün xoşbəxtlik sindromu kimi abidələşdirib. Başqa bir şeirində qeyd edib ki:

- Heç isti görmədim bir yad nəfəsdə,

Ürəyim, kamını bu eldən istə.

Vətənin bir qarış torpağı üstə

Yaşaya biləydim ölənə kimi.

Vətən sevgisinin tərənnümünün bundan böyük məzmunda nümunəsi ola bilərmi?! Əlbəttə, formaca müxtəlif yazılar ortaya qoyula bilər, qoyulub da, amma sonucda hamısı bu məzmunun ehtiva etdiyi dəyərlərə doğru can atıb mütləq. Vətənçün şəhid olmaq istək, Vətənçün şəhidlik məqamını qazanmaq xoşbəxtlikdi, şübhəsiz. Bu da hər kəsin qismətinə yazıla bilməz. Seçilmişlər keçir bu yoldan. Ancaq şəhidin ən azı bir məzar yeri var, ziyarət yeri var, doğmalar, dostlar, sevənlər, başa düşərək qiymətləndirənlər, qananlar burda gəlib təskinlik tapırlar, onun ruhu ilə söhbətləşirlər, dualar oxuyurlar. İtkinlik bu anlamda daha ağır dərd yüküdü, əvvəldə qeyd etdiyim kimi, çəkməklə bitib-tükənməz. Şəhidin ən azı məzarını görürsən, ziyarət edirsən, itkininsə... İllər öncə Şamaxının millət vəkili Elxan Süleymanov Bakının Bakıxanov qəsəbəsindəki qəbristanlıqda itkinlər üçün ümumi bir qəbir düzəltdirdi. Mən onun açılışında iştirak etmişəm. Ora xeyli itkin ailəsi, doğmaları cəm olunmuşdu açılışda. Təsəlli tapırdılar sanki. Ancaq heç kim oranı özü üçün tamamilə doğma hiss edə bilmirdi. O zaman onların bir neçəsi ilə söhbətləşdim bu aspektdə. Səbəblər müxtəlif idi. Hamısı millət vəkilinə təşəkkür borclarının olduğunu dilə gətirsə də, biri doğmasının nəşinin məhz burda uyumaması səbəbindən o məzara çox da isti yanaşa bilməyəcəyini söylədi, digəri itkininin ölümünə inana bilməməsi, meyitini görmədiyindən bu faktla barışa bilməməsindən danışdı. Deməli, itkinlik şəhidlikdən fərqli olaraq həm də öləziməyən bir ümid yeridi. Xəqani yoxluğu da yaddaşlarda beləcə möhürlənərək zamanını sürdürür. Burası çox çətindi, çəkilməzdi... Amma necə çəkilir? Onu yeri gəldikcə doğmaların dilindən eşidəcəksiniz...

“O qədər meyitlərə baxmışdım, üşənirdim...”

İndi Xəqaninin axtarışları istiqamətində göstərilən çabaları və bundan dolayı baş verən bəzən rahat, bəzən tükürpədici yaşantıları diqqətinizə çatdırmaqla davam edək. Qinyaz:

- Atəşkəsin imzalandığı 12 may 1994-cü il tarixinə qədər mütəmadi olaraq, demək olar ki, hər iki gündən bir - ən azı həftədə bir dəfə gedirdim cəbhə boyu. Bax, Beyləqana getmişəm. Orada onun döyüş yoldaşlarından hərbçi var idi, onunla, eyni zamanda bizə qohum sayılan digər bir hərbçi ilə burda görüşdüm. Qəribə burası idi ki, onlar hamısı eyni sözü təkrarlayırdı: biz gözümüzlə görmədik Xəqani necə oldu. Bizim bəxtimiz gətirdi qayıtdıq, amma o iki nəfər kəşfiyyatçıdan xəbərimiz olmadı. Fərhaddan da indiyə qədər heç bir xəbər yoxdu. Sonra Ağcabədiyə getdim, tanışlıq vasitəsilə maraqlandım, orda da eyni sözləri təkrarladılar. May ayına qədər axtarışlarımı davam etdirdim. Hətta meyitləri dəyişənlərin yanına qədər gedib çıxdıq.  Ağdamın Cəvahirlər kəndi ilə üzbəüz “les polosa” deyirdilər, bax o meşə zolağında dəyişmə məntəqəsi yerləşirdi. Ora Rəsul dayımla (söhbət Xəqaninin doğma dayısı, Ali Məhkəmənin sabiq hakimi, hazırda təqaüddə olan Rəsul Səfərovdan gedir. Qarşıda onunla söhbətimizi də oxuculara təqdim edəcəyik – N.Z.) birlikdə getmişdik. Rəsul dayım ölkədə çox məsul vəzifələrdə çalışıb. O dövrdə Bakı Apelyasiya Məhkəməsində hakim işləyirdi. O da mənimlə həmin əraziyə getmişdi. Özüm bir dəfə də tək getdim. Ağcabədi ilə Beyləqanın arasında Haramı Düzü deyilən ərazi var. Meyitlərin dəyişirdirildiyi nöqtələrdən biri də bura idi. Burda həmçinin məlumatlar qarşı tərəfə ötürülürdü ki, harda kim var və sairə. Qarşı tərəfin danışıqlarını Abo adında bir erməni aparırdı. Azərbaycanca bilirdi. Ondan soruşmuşduq. Başqa bir vaxt Ağcabədinin Boyat kəndinə getmişdim. Ordan da əmioğlum Mustafanın maşını ilə getdik hərbi hissəyə, lap ön mövqelərə. Gördüm ki, Mingəçevirdən bir neçə nəfər gəliblər qardaşlarının meyitini alıb aparsınlar. Qardaşları isə, sən demə, çox cəsur batalyon komandiri olubmuş, kapitan rütbəsində. Səhv eləmirəmsə adı Həsən idi. Bu komandir ermənilərə qan uddururmuş. Onu ermənilər pusub-pusub nəhayət minomyotla vurub başını bədənindən ayırmışdılar. Təsəvvür edin ki, təkcə onun meyitini almağa 3-4 ay vaxt sərf olunmuşdu. Ermənilər meyiti çətinliklə qaytarmışdılar. Onu görmək çox müdhiş bir mənzərə idi. Amma nə edək ki, taleyimizə belə dəhşətləri görmək də yazılıbmış...

Qinyaz daha sonra söylədi ki, o qədər müxtəlif meyitlərə baxmaqdan üz-gözü yararsız hala düşmüş, başqa əzaları dağılmış meyit görəndə üşənirmiş: “Bir dəfə dayımla gedəndə artıq özümdə güc tapmadım, o çıxdı maşında bir yekəpər erməninin meyitinə baxdı. Meyit də yanmışdı. Hansı səbəbdənsə, həmin gün meyitlərin dəyişdirilməsi prosesi baş tutmadı. Çünki ermənilər tərəfdən atəş açıldı, bir neçə əsgərimiz yaralandı, qayıtdıq gəldik. Ancaq yenə də hər ehtimala qarşı ad-soyadını bizim yerli adamlara verdik”.

- Ermənilərlə birbaşa təmaslarınız olurdu?

- Yox. Əsasən bizim tərəfdən bu işin həvalə olunduğu adamların vasitəsilə danışırdıq. Amma, məsələn, mən özüm də Boyat kəndindən ön cəbhəyə gedəndə ermənilərlə bizimkilərin danışdığının şahidi oldum. Ermənilər deyirdilər ki, bizim meyit nəyimizə lazımdı, meyit öz sahibinə lazımdı ki, aparıb dəfn eləsin, bizə benzin lazımdı.

- Sonra nə baş verdi axtarışlarınızda?

- May ayına qədər dəfələrlə gedib-gəldim, cəhd elədim, ancaq heç bir konkret nəticə əldə edə bilmədim. Nə sağ olması, nə ölməsi barədə heç bir məlumat vermədilər. Bunlara Sabunçu batalyonu deyirdilər. O dövrdə ağır döyüşlərdən çıxmış batalyonlara müəyyən müddətə istirahət verirdilər. Sabunçu batalyonuna da Xəqaninin də itkin düşdüyü o dəhşətli döyüşdən sonra Gəncədə Nizami Gəncəvi Məqbərəsinin yaxınlığında çadırlar quraraq belə bir istirahət imkanı yaratmışdılar. Getdim onlarla da görüşdüm. Onlar da elə həmin sözləri təkrarladılar ki, döyüşə belə getdik, belə vuruşduq, bu iki nəfərdən heç bir xəbər tuta bilmədik və s. Zelenko da təriflədi bunların hər ikisini. Dedi ki, hətta Fərhada “Rembo” ləqəbi veribmişlər yaxşı döyüşçü olduğuna görə. O da elə Xəqani ilə həmyaşıd olub. 1968-ci il təvəllüdlü.

- Dövlət qurumları səviyyəsində axtarışlarınız oldumu?

Əlbəttə. Əsir, İtkin Düşmüş Vətəndaşlarla İş Üzrə Dövlət Komitəsinə getdim. Bakıda Ədliyyə Nazirliyində İbrahim müəllim var idi bu işə məsul. Ona məlumat verdim. Ardınca bax bu qəzetlərdə elan verdik (elan mətnlərini göstərir – N.Z.). Ötən ilsə Respublika Xatirə Kitabında Xəqaninin itkin düşməsi barədə məlumat yerləşdirildi.

1995-ci ildə Pusiya Federasiyasının Xarici işlər naziri olmuş Yevgeni Primakov 95 nəfər əsiri özü ilə bərabər gətirdi. Birbaşa hava limanında düşdülər. Qardaşım Elçin getmişdi onların qarşılanmasına. Düzdür, bunları çox yaxına buraxmayıblar. Amma Badamdar qəsəbəsindən bir əsir oğlan deyib ki, Xəqanini Xankəndidə görüb, qolu da sarıqlı imiş. Əgər bu faktdırsa, iki il sonra onun qolunun sarıqlı olması ya qolun sınması, ya da yaranın hələ də sağalmaması səbəbindən ola bilər. Elçini də həmin əsirlə çox danışmağa qoymamışdılar (bu barədə Elçinlə söhbətimizdə təfsilatlı məlumat vermişəm – N.Z.). Ondan sonra daha heç bir məlumatımız yoxdu.

- Nişanlı olub Xəqani cəbhəyə gedəndə...

- Biz burda onu nişanlamışdıq. Elə həmin ərəfədə. Qız da məktəbimizdə fizika müəlliməsi işləyirdi. Xəqanidən sonra 11 ilə yaxın ərə getmədi. Sonra Göyçayın İncə kəndindən gəlib aldılar o qızı. Qızın qardaşı Hafiz müəllim də elə mənimlə yaşıddı, yaxşı münasibətimiz var.

- Qız özü istədi ailə qurmağı?

- Yox. Bu barədə anam özü sizə daha yaxşı məlumat verər. Amma bir onu deyim ki, illərin keçdiyini görüb mən özüm də nəhayət anama dedim ki, bizim oğlumuz getdi, taleyi belə oldu, Vətən yolunda itdi, həlak oldu, öldüsü-qaldısı da bilinmir, qız niyə bədbəxt olsun?!.. Qız da BDU-nun fizika fakültəsini bitirmişdi, çox savadlı müəllimə idi. Nişanlamışdıq, üzük də aparmışdıq. Anama dedim ki, ona verdiklərini geri almasın. Heç bilmirəm aldı, almadı...

- Xəqaniyə şəhid statusu nə zaman tanındı?

- 2002-ci ilə qədər gözlədik, axtardıq. 2002-ci ildə məhkəməyə müraciət etdik anamın adından. Məhkəmə araşdırdıqdan sonra Xəqaniyə şəhidlik statusu verdi. O vaxtdan müvafiq prezident sərəncamı ilə şəhid ailəsi kimi anama təqaüd də kəsildi.

Çox təmiz adam, vətənpərvər gənc kimi qalıb Xəqani onu tanıyanların xatirində. Bakıda təhsil ala-ala zavodda çilingər işləyirmiş. Qeyd etdiyimiz kimi, elə buradan da ərizəsini yazaraq döyüş bölgəsinə yollanıb. Vətən darda olanda...

Sənədlərinə baxıram itkin-şəhidimizin. Tələbə bileti, qiymət kitabçası, partiya bileti, hərbi bilet, təltif mükafatları, hələ Sovet Ordusunda xidmət edərkən aldığı zərbəçi mükafatı... hər biri Xəqaninin əlamətlərini özündə əks etdirən, özündə yaşadan ayrı-ayrı tarixi bilgilərdi. Hər biri yaşayır ondan sonra. Ondan sonramı... 

Respublikanın Əməkdar Müəllimi Sərxan Bəbirov Xəqaninin xatirəsinə  “Sonbeşik” adlı bir poema həsr edib. Poemanı Xəqaninin qardaşları xüsusi ehtiramla çap etdirib evlərinin ən görkəmli yerlərində qoruyurlar. Həmin poemadan bir neçə bəndi diqqətinizə çatdırmaqla növbəti yazımızı tamamlayaq: 

- Bu xəbər ölümdən, inan, betərdi,
İşıq sürətilə vaxt gəldi-keçdi.
Bu qədər itkilər xalqa yetərdi,
Bəxt özü Telliyə bu yolu seçdi.

Atası Eyvaz da sanki daş oldu,
Əyildi qaməti, beli büküldü.
Diriykən ölüyə o yoldaş oldu,
Göy sanki başına uçub-töküldü.

Dinib-danışmadı mərdanəlikdən,
Qəzanın işinə nə deyəcəkdi?!
Oğlunu əlindən almışdı Vətən,
Ağlamaqla gedən gəlməyəcəkdi.

Telli ana idi. Onu ovutmaq,
Bu işi bacarmaq yaman çətindi.
Sonbeşik övlada bağlısa ocaq,
Oğul itkin düşdü – ata yetimdi.
Dünyanın bir ucu ölüm-itimdi.

(Ardı var)
Nəzirməmməd ZÖHRABLI

Son xəbərlər