23/01/2019 18:36
728 x 90

Yol təhlükəsizliyi proqramında uşaq şəhərcikləri və uşaq avtomeydançaları da nəzərdə tutulub

“Yaxın illər ərzində bizdə uşaqların təhlükəsizliyi baxımından onlar üçün xüsusi avtoşəhərciklər salına bilər”

img

Ərşad Hüseynov: “Uşaq avtoşəhərcikləri və ya avtomeydançalarında sürücülük yaşına çatmayan şəxslərə yol hərəkəti qaydaları öyrədilir, işarələrin mənaları başa salınır”

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramında yol hərəkəti iştirakçılarının təhlükəsizliyi ilə bağlı bir sıra məqamlara yer ayrılıb. O cümlədən, uşaqların təhlükəsizliyinin təmin olunması üçün Azərbaycanda uşaq avtoşəhərcikləri və avtomeydançalarının yaradılması qeyd olunub.

Sənəddə vurğulanır ki, yol hərəkəti iştirakçıları kimi uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol hərəkətini tənzimləyən qanunvericilik təkmilləşdiriləcək.

Həmçinin, 2019-2020-ci illərdə uşaqların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün uşaq avtoşəhərciklərinin, avtomeydançalarının, digər əyləncə-təlim məkanlarının yaradılması, yerləşdirilməsi qaydası hazırlanacaq, belə yerlər ölkənin müxtəlif ərazilərində yaradılacaq.

Azərbaycanda uşaq avtoşəhərcikləri və avtomeydançalarının yaradılmasının vacibliyi barədə danışan yol-nəqliyyat sahəsi ekspert Ərşad Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın əsas hədəfi qanunvericiliyə riayət etməklə yol hərəkəti qaydalarına təhlükəsiz şəkildə əməl etmək, eyni zamanda, müasir dövrün tələblərinə cavab verən texnikadan istifadə etməkdir: “Kiçikyaşlı uşaqlara yol hərəkəti qaydaları ilə bağlı vərdişləri qapalı yerlərdə, xüsusi meydançalarda, avtomeydançalarda öyrətmək olar. Həmin ərazilərdə sürücülük yaşına çatmayan şəxslər üçün xüsusi şərait yaradılır. İlk öncə həmin şəxs müəyyən avtomobil atraksionlarının qarşısına keçərək onlardan sistemli şəkildə istifadə edir. Eyni zamanda, qapalı məkanda real yola bənzəyən şərait yaradılır. Həmin yola işıqfor quraşdırılır, yerüstü xətlər çəkilir. Beləliklə, uşaqlara həm yolda təhlükəsizliyin necə təmin olunması, həm də yoldakı hər bir element başa salınır”.

Həmsöhbətimizin sözlərinə görə, əksər xarici ölkələrdə uşaqlar üşün avtoşəhərcik, avtomeydançalar yaradılıb: “Xarici ölkələr gələcəkdə sürücülərin peşəkar olması, onların yol hərəkəti qaydalarına riayət etməsi üçün xüsusi avtoşəhərciklərin salınmasında maraqlıdırlar. Yaxın illər ərzində bizdə uşaqların təhlükəsizliyi baxımından onlar üçün xüsusi avtoşəhərciklər salına bilər”.

Günel CƏLİLOVA

Son xəbərlər