26/03/2019 23:53
728 x 90

Bakının hər növ marşrutunda gediş üzrə vahid formada bilet hansı məsələlərdə effektli olacaq…

“Vahid bilet sistemi tək şəhərlərarası nəqliyyatda deyil, digər ictimai nəqliyyat növlərində də tətbiq oluna bilər”

img

İlqar Hüseynli: “… bu sistem özünü qısa müddətdə doğruldar”

 

Sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək. Yəni sərnişinlər bir biletlə bütün ictimai nəqliyyat vasitələrindən istifadə edə biləcəklər. Qeyd edək ki, yeni sistem təkcə online bilet mexanizminin ikitərəfli tətbiqini deyil, ölkənin avtovağzallarında dispetçer fəaliyyətinin yaradılması və gediş-dönüş biletlərinin rahat şəkildə alınmasını, şəhərlərarası nəqliyyat xətləri ilə şəhərdaxili nəqliyyat xətlərində istifadə edilən bilet sisteminin inteqrasiyasını təmin edən bir sistem olacaq.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova media nümayəndələrinə açıqlamasında bildirib ki, vahid bilet sistemi gələcəkdə yerüstü ictimai nəqliyyat növləri arasında da inteqrasiyanı təmin edəcək özül yaratmış olacaq: “Bununla yanaşı, taksi, eləcə də qeyri-müntəzəm daşımalarda yeni platformanın yaradılması istiqamətində yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparılaraq onları vahid platformada birləşdirmək, bu sistemin iştirakçıları arasında olan münasibətləri tənzimləmək, onların dövlət qarşısında olan öhdəliklərini, vəzifələrini vahid bir məkanda nizamlamaq planlaşdırılır. Sözügedən sistemin Vahid Milli Taksi Platforması şəbəkəsində birləşdirilməsi nəzərdə tutulur”.

Sərnişindaşımada vahid bilet sisteminin tətbiq olunmasının ictimai nəqliyyata nə kimi xeyri olacağını öyrənmək məqsədilə sosial sahə üzrə ekspert İlqar Hüseynliyə müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bir çox xarici ölkələrdə nəqliyyatda vahid bilet sistemi tətbiq olunub: “Sərnişindaşımada vahid biletin olması yaxşı olar. Vahid bilet sistemi tək şəhərlərarası nəqliyyatda deyil, ictimai nəqliyyatın digər sahələrində də yarana bilər. Məsələn, gəmidən istifadə ilə bağlı bilet sistemi tətbiq oluna bilər. Əksər ölkələrdə tətbiq olunan vahid bilet şəhərlərarası və şəhərdaxili daşımalarla yanaşı, gəmi nəqliyyatında da istifadə olunur. Eyni qayda bizdə də tətbiq oluna bilər”.

Həmsöhbətimizin sözlərinə görə, ictimai nəqliyyatda tətbiq olunan kart sistemi artıq özünü doğruldub.  Azərbaycanda tətbiq olunan şəhərlərarası nəqliyyatda vahid biletin tətbiq olunması özünü doğruldar.

Günel CƏLİLOVA 

Son xəbərlər