23/01/2019 18:32
728 x 90

Azərbaycan vətəndaşlarının vizasız getdikləri ölkələrin say artımı nə deməkdir…

“Ötən illə müqayisədə vizasız səfər üzrə Azərbaycanın bir pillə irəliləməsi müsbət hal kimi qiymətləndirilməlidir”

img

Azər Allahverənov: “Xarici ölkələrə səfər edən azərbaycanlıların sayının artması həm dövlətlərarası dialoqun daha geniş şəkildə qurulmasına, həm də iqtisadi əlaqələrin möhkəmlənməsinə səbəb olacaq”

 

Azərbaycan vizasız səfər üzrə indeksdə bir pillə irəliləyib. "Henley & Partners" şirkəti dünya ölkələrinə vizasız səfər üzrə son dəyişiklikləri əks etdirən yeni pasport indeksini açıqlayıb. İndeksin lideri Yaponiyadır. Bu ölkənin vətəndaşları 190 ölkəyə vizasız gedə bilərlər. Bir il əvvəl birinci yeri Almaniya (177 ölkəyə vizasız səfər) tuturdu. Hazırda Almaniya Fransa ilə 3-cü yeri (188 ölkə) bölüşür. İkinci mövqedə Cənubi Koreya və Sinqapur qərarlaşıb (189 ölkə).

Bildirək ki, 2019-cu ilin əvvəlində Azərbaycan vətəndaşları 3 ay əvvəl olduğu kimi, 66 ölkəyə vizasız səfər etmək imkanına malikdirlər. Azərbaycan bu göstərici ilə indeksdə bir pillə irəliləyərək 104 ölkə arasında 74-cü yeri tutur. Bir il əvvəl azərbaycanlılar 63 ölkəyə vizasız səfər edə bilərdilər.

Vizasız səfər üzrə Azərbaycanın irəliləməsinə münasibət bildirən miqrasiya sahəsi üzrə ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, miqrasiya proseslərində fəal iştirak edən dövlətlər zamanla miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi, viza sisteminin sadələşdirilməsi ilə bağlı islahatlar həyata keçirirlər. Bu islahatların əsas elementlərindən biri ölkə ərazisinə gediş-gəliş üçün şərait yaradılmasıdır: “Bu gün dünyanın bir sıra dövlətləri müəyyən islahatlar həyata keçirirlər. Onu da deyim ki, bu gün Azərbaycan vətəndaşları miqrasiya proseslərində fəal iştirak edirlər. Təbii ki, bu proses birtərəfli baş vermir. Azərbaycanda xarici ölkə vətəndaşları üçün sadələşdirilmiş viza tətbiq edilir. Belə olan halda,  miqrasiya prosesində iştirak edən şəxslərin sayında artım qeydə alınır”.

Ekspertin sözlərinə görə, ötən illə müqayisədə vizasız səfər üzrə Azərbaycanın bir pillə irəliləməsi müsbət hal kimi qiymətləndirilməlidir: “Məlumdur ki, əvvəllər xarici ölkələrə viza alınması üçün müəyyən prosedurlardan keçmək lazım idi. İnsanlar müəyyən əngəllərlə üzləşirdilər. Bu da onları narazı salırdı. Ona görə də viza prosedurunun sadələşdirilməsi təqdirəlayiq haldır. Viza sisteminin sadələşdirilməsi nəticəsində ölkələr arasında miqrasiya prosesi sürətlənəcək. Xarici ölkələrə səfər edən azərbaycanlıların sayının artması həm dövlətlərarası dialoqun daha geniş şəkildə qurulmasına, həm də iqtisadi əlaqələrin möhkəmlənməsinə səbəb olacaq”.  

Günel CƏLİLOVA

Son xəbərlər