23/01/2019 18:32
728 x 90

Gözlər yoldan yığılarmı... IV yazı

Xəqaninin axtarışları... ziddiyyətli məlumatlar...

img

Qardaşı Elçin: “Əhməd adlı əsir dedi ki, 3 gün qabaq bir yerdə idik...”

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə Kitabı" Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz" seriyasından yeni bioqrafik sənədli povestin çapına başlayır. Xatırladaq ki, bundan öncə yenə həmin birgə layihə çərçivəsində "Gözlə gələcəyəm" adlı kitab uğurla yekunlaşdırılaraq təqdim edilib. Son illərdə bütün təbiətinin ecazkar koloriti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum yenə. Bu dəfə bu yurdun itkin-şəhidinin axtarışına çıxmışam. Respublika "Xatirə Kitabı"nın redaksiyası və "Bakı-Xəbər" qəzetinin birgə layihəsi əsasında baş redaktor Nəzakət xanım Məmmədovanın bir qədər kövrək, bir qədər duyğusal təklifindən qaynaqlanır bu səfərim. Qarşıda məni və oxucuları hansı yaşantılar gözləyir?!.. Tələsməyin. Sizi bir Vətən övladının kitab-dəftərə sığmayacaq taleyinin bəzi epizodları ilə tanış edəcəyəm. İtkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovla ilgili, onlu-onsuz tale yolu, axtarışları ilə...

(Dördüncü yazı)

Qinyaz müəllimlə söhbətimizin davamını yeri gəldikcə təqdim edəcəyik. Xəqaninin axtarışları, eyni hadisələrdə, eyni yerlərdə qarşılaşdığımız nisbətən fərqli, müxtəlif, bəzən hətta biri digərini təkzib edəcək məqamları sizlərə daha yaxından anlatmaqdan ötrü axtarışların da müxtəlif istiqamətlərini diqqətinizə çatdırmaq istəyirəm. Çox istərdim ki, elə bu yazılar vasitəsilə Xəqani ilə bağlı hər hansı məlumata sahib olan keçmiş döyüşçülər, keçmiş əsirlər, istənilən şəxs bizimlə əlaqəyə çıxsın. Onların da bizi məlumatlandırması həm faktları zənginləşdirər, həm də bu müəmmalı taleyə aydınlıq gətirilməsində yardımçımız olar.

Xəqaninin digər qardaşı, hazırda Bakının Dədə Qorqud yaşayış məskəninin sakini Elçin Əkbərovun evinə yollandım. Burda, başda 25 illik oğul itkisinin iztirablarını canında-qanında, iliyində gəzdirən Telli xala olmaqla, Xəqaninin doğmalarının bir qismi  ilə də görüşə bildim. Onlarla söhbətim dəyirmi masa xarakteri alsa da, hadisələrə ardıcıllıqla aydınlıq gətirmək məqsədilə bu söhbətlərin müəyyən frazalarını ayrı-ayrı çalarlara bölməyə məcburam. Elçin müəllimlə söhbətimi ona görə bu arada sizlərə çatdırmağa məcburam ki, o da Xəqaninin axtarışlarına bir neçə gün fərqi ilə elə Ağdamın Güllücə kəndindən başlayıb, o da Qinyaz kimi Xəqaninin döyüşdüyü hərbi hissədə olub, o da Xəqani ilə döyüş yoldaşlarının əhatəsində görüşüb, o da itkin qardaşının axtarışlarına çıxıb. Xəqaninin itkin düşdüyü döyüş meydanında nələrin baş verdiyini isə komandiri Qasım Həsənov vasitəsilə sizlərə nəql edəcəyik. Hələlik itkin əsgərin - itkin qardaşın axtarışları ilə davam edək. Elçinin də bu hərbi hissəyə bağlılığını özündə ehtiva edən faktlara kiçik ekskurs etdikdən sonra axtarışlarla bağlı onun da başına gələnlərin şahidi olacaqsınız.

Artıq bildiyimiz kimi, Xəqani Bakıda qardaşı Elçinin direktor müavini olduğu zavodda işləyirdi, onun evində qalırdı. Ona görə Elçin Xəqaninin rayondakılardan gizlədib, könüllü ərizə yazaraq cəbhəyə getməsi anının da bilavasitə şahididir:

- Xəqani 1993-cü il noyabrın 15-i günü gəlib dedi ki, gedirəm cəbhəyə.  Mən onu burdan yola saldım. Bakının Qala qəsəbəsindəki hərbi hissədə yığışmışdılar.

- Xəqani axı son gedişində Gəraybəylidən - kənddən gedib cəbhəyə?

- Yox, mən lap birinci gedişini deyirəm. Dekabrın 10-da isə işlə əlaqədar olaraq mən getdim onun yanına. Bizim zavodun orda hərbi texnikaları vardı. Həmin texnikalarda problemlər yaranmışdı. Hərbi hissə isə Sabunçu batalyonu adlanırdı, əksəriyyəti də bizim zavodun işçiləri idi döyüşçülər. Mən də Sabunçu rayonunda Yusif Qasımov adına Bakı Sabunçu Maşınqayırma Zavodunda direktor müavini işləyirdim deyə, rayonun nümayəndəsi kimi gəldim Ağdama, hansı ki, batalyon dislokasiya olunmuşdu. Hərbi texnikamızın təmirinə görə Bakıdan ustalar, çilingərlər götürüb getmişdim hərbi hissəyə. Daha dəqiqi, tanketkalarımız var idi orda, bu tanketkaları hərbçilərin ərzağını daşımaq üçün bron götürmüşdük. Ayın 12-də bir təmir briqadası ilə həmin yerdə olduq. Güllücədə. Gördüm Xəqani yoxdu hərbi hissədə. Komandirləri Zelenkonun yanına getdim. Onlar bilmirdi ki, mənim qardaşım burda vuruşur. Sadəcə nümayəndə heyətinin bir üzvü kimi məni qəbul elədi. Biz, dediyim kimi, həm təmir işləri görürdük orda, həm də hər gedişimizdə yardım aparırdıq hərbçilərə. Orda artıq dedim ki, mənim qardaşım da burda vuruşur, adı-soyadı Xəqani Əkbərovdu. Dedi hə, onlar dünəndən gediblər kəşfiyyata, gəlməyiblər. Dallarınca adamlar göndərmişəm, ancaq heç kəs dəqiq bir məlumat gətirə bilməyib. Təşviş keçirdim, şübhəsiz. Amma neyləmək olardı?! Mən də onlarla bərabər gözlədim. Gecə saat 12-də, təxminən bir sutka yarımdan sonra gəldilər. İki nəfər idilər. Bir nəfər Sabunçudan olan əsgər yoldaşı ilə (Bu zaman yanımızda oturan Xəqaninin anası Telli xala eşitdikləri əsasında xatırladır ki, söhbət Fərhaddan gedir. Elçin müəllim Fərhadı tanıdığını, ancaq həmin əsgərin Fərhad deyil, erməni dilini təmiz bilən bir başqası olduğunu söyləyir - N.Z.) kəşfiyyata yollanıbmışlar.

Kəşfiyyat yorğunçuluğundan sonra...

Burda söhbət Xəqaninin gedib salamat qayıtdığı başqa bir kəşfiyyatdan gedir. Onunla o zaman kəşfiyyata getmiş əsgərsə Fərhad deyil, özgəsi imiş. Hətta Elçin onun Xəqani ilə birgə çəkilmiş fotosunu da mənə göstərdi. Həmin əsgər erməni dilində təmiz danışa bilirmiş...

Belə məqamlarla bağlı diqqətli olun, əziz oxucular! İndi özünüz də görürsünüz ki, mənim kəşfiyyatçılıqla ilgili şübhələrim heç də yersiz deyilmiş. Bu sualımı yazılarım boyu bir neçə dəfə təkrarlasam da, bunu qeyri-peşəkarlıq kimi qəbul edib usanmayın, narahat olmayın, o yalnız həqiqətləri daha dərindən üzə çıxarmaq istəyimin nəticəsində müxtəlif ünvanlara eyni məzmunda müraciət etməyimə görə yaranır (Hələ gələcəkdə biləcəksiniz ki, batalyon bütövlükdə kəşfiyyat batalyonu imiş - N.Z.). Elçini də bu aspektdə danışdırıram:

- Bax elə məni də bu məqam daha çox narahat edir. Xəqanini kəşfiyyatçı edə biləcək bir ciddi səbəb yox idi axı. O nə bu ərazilərə bələd idi, nə erməni dilini bilirdi, nə də buradakı əsgərliyinin zamanı elə çox idi ki, artıq bir peşəkar kəşfiyyatçı kimi yetişsin...

- Elə onun üstünə gəlirəm mən də. Mənim bildiyim qədər, o sabunçulu oğlanın erməni dilini bilməsi səbəb olub Xəqanigili ona qoşub kəşfiyyata göndərmələrinə.

- Olar. Yaxşı gəlib nə danışdılar kəşfiyyatdan?

- Dedilər ki, görüblər ərazidə bir tank var, 12 nəfər də erməni əsgəri. İstəyiblər gəlib tez xəbər versinlər, amma hiss ediblər ki, geri qayıdanda ermənilər onları görə bilər. Xəqani danışdı ki, məcbur olub gecəni orda qaldıq. Ərzağımız da “suxoy payok” şəklində var idi. Alatoran vaxtı çıxmaq istəyəndə gördük çoxaldılar. Çıxmağımız çətinləşdi. Görə bilərdilər bizi. Hava tam açılanda gördük ki, 50 nəfərə yaxın erməni var. Sürünə-sürünə gəlib düşdük Qarabağ kanalı deyilən yerə. İstədik burdan gəlib xəbər verək vəziyyəti, ancaq qayıdanda 4 nəfər erməni ilə üzbəüz çıxdıq. Ara məsafəmiz də təxminən 30-40 metr. Bu zaman yanımdakı əsgər onlarla erməni dilində danışdı, başlarını aldatmaq üçün dedi ki, biz bu tərəfə gedirik-filan, nə isə razılaşdılar ki, hərəmiz bir tərəfə gedək, bu minvalla biz qayıdıb öz hərbi hissəmizə gəlib çıxa bildik. Komandir Zelenko bu məlumatları alandan sonra əmr verdi ki, hücum edib tankı da, əsgərləri də götürsünlər. Burda da belə qayda var idi: döyüşə girməyə hazırlaşan əsgərlər sənədlərini əsgər yoldaşlarına verərdilər, üstlərində saxlamazdılar və üstündə müəyyən yazılar yazardılar ki, işdi birdən qayıtmasa bunu ailə üzvlərinə çatdırsınlar. Xəqani də mən orda olduğuma görə sənədlərini mənə verdi. Təzədən gecə saat 12-dən sonra bunlar getdilər. Zelenko yorğun olduqlarına görə o əsgərlə Xəqanini aparmaq istəmədi. Dedi bir gün istirahət edin. Amma özləri təkid etdilər ki, biz yeri dəqiq bildiyimizə görə getməliyik. Yoxsa birdən azarsınız. Gecə saat 1-in yarısıydı, mənim şahidliyimlə bu söhbətlər aparılırdı. Nəhayət 30 nəfər əsgər “Ural” maşınlarına doluşub getdi. Saat dörd tamamda qayıtdılar. Gəlib dedilər ki, artıq erməni tanklarının sayı 4-ə, əsgərlərinin sayı isə 150-ə çatdırılıb orda, dislokasiyanı da dəyişiblər. Ona görə də bizim bu qüvvə ilə ora girməyə gücümüz yoxdu.

- Nə vaxta qədər siz orda qaldınız?

- Üç gün qaldıq orda. Texnikanı təmir edib təhvil verdik. Ayrılıb gələndə xahiş elədim ki, qardaşımı bir-iki günlük məzuniyyətə buraxsınlar. Rəsmi şəkildə icazə verdilər, onu da götürüb gəldim kəndə. Gecə saat 10 tamamda çatdıq ata evinə. Hətta mən ona yanvara qədər icazə almışdım ki, yeni ili də evlərində qalsın. Evdə də dedim yanvarın 2-3-nə qədər icazə almışam, qoy qalsın kənddə.

- Qinyaz müəllim deyir, qalmadı, getdi. Məcbur oldum dedim onda gəlib səni yeni ilə gətirərəm...

- Hə, gəlirəm o söhbətə. Mən Bakıya gələndən sonra evdə dava-dalaş salıb ki, mənim yoldaşlarım qalıb orda, mən düzgün iş görmədim, əlqərəz, gedirəm hərbi hissəyə.

- Axı o gələndə tək olmayıb. Əsgər yoldaşları ilə gəlib. Onlar gəlib Gəraybəylidə birlikdə yemək də yeyiblər məncə...

- Düzdü, amma biz yeyib-içəndən sonra o biri əsgərlər mənimlə gəldilər Bakıya. Onlar çox idilər. Daha dörd ailə də var idi onların içində. Mülki əhali idi, döyüşən oğullarına baş çəkməyə gəlmişdilər, yemək-filan gətirmişdilər. Onları da mən öz xidməti maşınımla gətirdim Bakıya. İki kişi idi, iki qadın, iki də uşaqları.

- Sabir də səninlə gəldi Bakıya?  

- Bu anda yenə Telli xalanın səsi gəlir: Yox bala, Sabir qaldı bizdə. Sabir sonra getdi (Söhbətimiz əsnasında yenə də Sabirin Bakıda gəlib siqaretsatanla dava saldığını, bu səbəbdən komendaturaya düşərək döyüş bölgəsinə gecikdiyini, nəticədə Xəqaninin itdiyi həmin döyüşdə iştirak etmədiyini xatırlayırıq qarşılıqlı anlaşmamızla - N.Z.).

Elçin yenidən davam edir:

- Mənim gəlişimdən üç gün sonra deyib mən getməliyəm. Beləcə, qayıdıb döyüş bölgəsinə. Qinyaz da deyib ki, onda get, gəlib səni Yeni il bayramına gətirərəm. Ayın 28-də də gedib tapmayıb. Mənimsə yalnız dekabrın 31-i günü xəbərim olub ki, Xəqani itkin düşüb. Çünki o zaman telefon yox idi, əlaqə yox idi, mən də elə bilirdim o, bayrama görə qalıb, kənddədi. Hətta belə tezliklə qayıdıb cəbhəyə getməyindən də xəbərim yox idi. Çünki ona rəsmi qaydada icazə almışdım. Əgər qalmış olsaydı, yəqin heç bunlar da başımıza gəlməyəcəkdi...

...Biz də xəbərsiz-filansız yeni ilə hazırlaşmışıq. Gecə saat 12 radələrində birdən dayım gəldi bizə, soruşdu ki, bəs Xəqan sizdədi? Dedim mən Xəqanini kənddə qoyub gəlmişəm. Dedi bəs, hali-qəziyyə belə-belə, deyirlər Xəqan yoxdu. Bədənim istiləndi. Durdum gecə ilə getdim Sabunçu batalyonundan tanıdığım əsgərlərin evlərinə. Bir-ikisindən soruşdum, dedilər bəs hərbi hissə darmadağın olub, qaçan qaçıb, yaralanan yaralanıb, ölən ölüb, heç kəsdən də xəbər yoxdu. Zelenko da əmr verdi ki, çəkilin geriyə.

...Səhəri - ayın 1-i günü hardasa saat 6 tamamda mən artıq oldum Güllücədə. Orda məni dediyim kimi yaxşı tanıyırdılar. Mütəmadi olaraq yardım aparırdım, texnikaya nəzarət edirdim.

- Həm də batalyonun əsgərləri üçün kazarma kimi kəndin məktəbini götürmüşdünüz deyirlər...

- Hə, məktəbi götürmüşdük. Çarpayılar-filan. Müəyyən şərait yaratmışdıq batalyon üçün. Yemək-içməkləri də öz qaydasında. Sobaları var idi. Qaz yox idi, amma odunla yandırırdılar. Məktəbin həyətində məşq edirdilər. Çox da pis deyildi şəraitləri. Komandirlərin otaqları ayrı, əsgərlərin otaqları ayrı idi.

- Burda maraqlı bir məqam da var. Xəqani həmin son döyüşdə artıq siz deyən yoldaşı ilə yox, Fərhad deyilən əsgərlə olub kəşfiyyatda...

- Düzdü. Buna həmin əsgərin o zaman yaralanması səbəb olub. Amma ümumiyyətlə kəşfiyyat işlərinə, Fərhad da daxil olmaqla, bunların 3-nü ayırmışdılar.

- Siz kimi görə bildiniz o ərazidə?

- Mən Zelenkonu gördüm. Dedi, mən onlara dedim ki, gedin Qarabağ kanalının üstündə körpü var, o körpünü nəzarətdə saxlayın. Görsəniz ki, tanklar körpüdən keçir, o zaman tankları vurun. Hərəsində də bir qranatamyot var idi tank vurmaq üçün, bir avtomat, bir də qumbara. Ancaq onlar mənim sözümə baxmadılar. Fərhadla ikisindən gedir söhbət. Fərhadı da tanıyırdım. Ata-anası yox idi. Ancaq əmisi oğlu var idi, onu tanıyıram. Onlar da xeyli axtardılar. Fərhaddan da indiyə qədər bir xəbər-ətər yoxdu.

- Silah-sursatları çox olub üstlərində mənim Qinyaz müəllimdən aldığım məlumata görə. Ancaq Xəqaninin qolu yaralı olduğuna görə Zelenko onun kəşfiyyata getməyinə razı olmayıb. Digər komandirləri - Qasım isə, bununla yanaşı, ona nişanlı olduğunu da xatırladıb, amma bütün  deyilənlər Xəqanini bu yoldan döndərə bilməyib...

- Ola bilər. Ancaq əsgərlər də, dediyim kimi, məni tanıyırdılar. Onlar da komandirlərinin dediklərini təsdiqlədilər. Dedilər, Xaqani təkidlə kəşfiyyata getdi. Zelenko dedi ki, mən onun gedişinə mane ola bilmədiyimi yəqinləşdirəndən sonra məcburən Qarabağ kanalındakı körpünün nəzarətinə göndərdim ki, birdən erməni tankları biz tərəfə keçmək istəsə, o körpünü partlatsınlar. Dedi ki, onun bu əmrini də yerinə yetiriblər, yəni həmin körpünü partladıblar.

Körpü partladılıbmı?!..

Ziddiyyətli məlumatları tuta bilirsinizmi? Bir qardaşa həmin körpünün partladıldığını, digər qardaşa isə körpünün yerində qaldığını bildiriblər. Bunları sakitləşdirmək, sadəcə olaraq məlumat xatirinə məlumatlandırmaq məqsədilə bu fərqli fikirləri bildiriblər, yoxsa elə pərakəndə qaydada müharibə aparmağın məntiqsiz nəticəsidir bütün bunlar, demək çətindi. Ancaq əsas odur ki, ürəkləri açmayan fakt faktlığında qalır. Ən böyük və acınacaqlı fakt - Xəqaninin itkinliyi, şəhidliyi, yoxluğu, hələ ki, nəticəsiz axtarışlardı. İrəlidə sizi onun komandiri ilə də görüşdürəcəyəm...

- Qəribə burasıdır ki, Qinyaza verilən məlumatlarda nə o körpünün partladılmadığı, nə orada tank vurulduğu, nə də o ərazidə sonradan bir adama rast gəlinmədiyi söylənilib. Bu fərqli məlumatlar bir qədər dolaşıqlıq yaradır...

- Vallah, mən komandir Zelenkonun sözlərini sizə çatdırıram. Hansı fikir daha dəqiqdir, onu Allah bilər. Biz bu söhbəti danışdığımız zaman artıq hərbi hissə o ərazidən 6-7 kilometr aralanmışdı. Daha oralara yaxın düşmək mümkün deyildi. Mən oralara o qədər gedib-gəlmişdim ki, ərazini əzbər tanıyırdım. İndi hərbi hissə gəlib Qarabağ kanalının aşağısında bir təpənin arxasında dislokasiya olunmuşdu. Orda tanklarımız, BTR-lərimiz, zenit qurğularımız, toplarımız var idi. Bağın içində bütün texnikanı döyüşə hazır vəziyyətdə düzmüşdülər. Uşaqlar da məni tanıdıqlarından məndən heç nəyi gizləmirdilər. Təpənin arxasında, daha təhlükəsiz yerdə aşbazlar yemək bişirirdilər, ərzaqlar saxlanılırdı və s. Təsəvvür edin ki, Xəqaninin itkin düşdüyü döyüşün miqyası o qədər böyük olmuşdu ki, hətta mətbəxdə çalışan aşbazlardan da girov götürülmüşdü. Deməli, Bakının Məhəmmədi kəndindən iki qardaş idi aşbazlar. Onlardan biri gəlmişdi bura, birini isə girov götürmüşdülər. Sonradan Primakov əsirləri gətirəndə onu da gətirdi (Söhbət 1995-ci ildə Rusiya Federasiyasının keçmiş xarici işlər naziri Yevgeni Primakovun Ermənistandan özü ilə birbaşa Bakıya əsirləri gətirməsi faktından gedir. Bu məlumatı mənə ilkin olaraq Qinyaz söyləmişdi - N.Z.). İndi təsəvvür edin ki, aşbazı da əsir götürmüşdülərsə, gör o hərbi hissə hansı duruma düşmüş olar?!.. Həmin gün o vaxtkı təhlükəsizlik xidmətinin əməkdaşları da əraziyə gəlmişdilər. Yəqin nəsə dövlət sirri məsələsi var idi, hansısa satqınımı tutmuşdular, mən onu dəqiq bilmədim, ancaq ümumən onu bildim ki, ordan bəzi adamları götürüb özləri ilə apardılar... 

“Əhməd söylədi ki, bunu tanıyıram, qardaşı ilə bir yerdə işləyib, Sabunçuda. Özü də institutda oxuyurmuş...”

- Yeri gəlmişkən, Primakovun gətirdiyi əsirlərlə siz hava limanında görüşdünüz?   

- Yox, orda bizə görüşməyə imkan vermədilər. Adamını axtaranlar, onların öz qohum-əqrəbası çox idi, əhali eyy nə qədər... amma düşdük ardlarınca. Gətirdilər onları “Gənclik” metrosunun yaxınlığında, 5 saylı xəstəxananın yanındakı qospitala. Orda biz bu əsirlikdən gələnlərə yaxınlaşa bildik. Həmin günü bizə görüş vermədilər. İki, ya üç gündən sonra görüş verdilər bizə onlarla. Hardasa 15 nəfərə imkan verdilər adamlarını axtaranlarla görüşüb söhbət etsinlər. Hamı da əlində şəkil-filan gəliblər. Mən də hər formada - həm mülki geyimdə, həm də hərbi geyimdə olan şəkillərini aparmışdım qardaşımın. 15 nəfərin hamısına göstərdim, biri dedi görməmişəm, biri dedi tanımıram. Onların içərisində yalnız biri dedi ki, mən Badamdar qəsəbəsindənəm. Adım Əhməddi. Mən bu oğlanı görmüşəm, tanıyıram.

- Adı ilə tanıdı?

- Onu dedi ki, qardaşı ilə bir yerdə işləyib Bakıda zavodda. Qardaşı direktor müavini imiş. Bunu eşidəndə mən bir az da ona yaxınlaşdım. Balacaboy bir oğlan idi. Özü də yaralı idi. Onlar da bir il-bir ildən çox, ən az qalanı 6-7 ay qalmışdı əsirlikdə. Hələ üç günün içində bir qədər özlərinə gəlmişdilər. Buna baxmayaraq, bizə dedilər ki, onlar yorğundular, zəifdilər, onları çox sorğu-sual eləməyək. Əsirlikdən qayıdanlar da elə hamının şəkillərinə baxıb bir kəlmə deyirdilər ki, tanıyırıq, görmüşük, ya da görməmişik, vəssalam. Əhməd dediyim əsir söylədi ki, hə bunu tanıyıram, qardaşı ilə bir yerdə işləyib, Sabunçuda. Özü də institutda oxuyurmuş. Bunu eşidəndə onun dediyinin Xəqani olduğuna inanmağa başladım. Dedi ki, 3 gün bundan qabaq biz onunla bir yerdə idik. Xankəndində küçədə bizə kabel yeri qazdırırdılar. Onlar 24 nəfər adam idilər. Həmin gün bizə məlumat verdilər ki, sizi Primakov aparacaq, 65 nəfər burdan Qırmızı Xaçın siyahısına düşənlər gedəcək. Ermənilər gəlib dedi ki, sizin allahınız verdi, sizi Primakov aparacaq. Ancaq o 24 nəfəri ayırdılar yığdılar QAZ-66 maşınına apardılar ki, siz qeydiyyatında yoxsunuz Qırmızı Xaçın. Deyir bizə nahar vaxtı 15 dəqiqə oturmağa vaxt verirdilər. Bu 15 dəqiqə müddətində həmin söhbətləri eləmişik.

- Qolu da yenə sarıqlı...

- Hə, qolu da sarıqlı. Yüngül olub qolundakı yara nədən imişsə. Yəni bel ilə işləyə, yer qaza bilirdisə, deməli, qolu o qədər də ağır yaralı deyilmiş. O 15 dəqiqəlik söhbət zamanı Əhmədə onu da tapşırıb ki, birdən gəlib məni qardaşlarım soruşsalar, onlara məlumat verərsən ki, bəs mən sağam, burdayam. Amma bizi Qırmızı Xaçın siyahısına verməyiblər, ona görə bizi saxlayacaqlar. Elə onları maşına mindirib aparandan bir qədər sonra bizi də gətirdilər Xankəndinin mərkəzinə. Ordan da bizim Azərbaycana gətirilməyimiz təmin olundu.

- Sonradan həmin Əhmədlə əlaqəniz, geniş söhbətiniz olmadı sizin?

- Yox, sonra onunla əlaqəm olmadı. Həm də gəlib bizə imkan vermədilər onunla çox danışam, yerin-yurdun dəqiq öyrənəm. Camaatı sakitləşdirmək olmurdu. Əsgərlər məcbur olub əllərində silah aramızda çəpər kimi dayanırdılar. Sonrakı gün mən təzədən getdim o qospitala. Dedilər ki, onları artıq buraxmışıq, çıxıb gediblər ev-eşiklərinə.

- Soyadını da bilmədin?

- Yox, bilmədim. Badamdarda o qədər Əhməd var ki... Bundan əlavə daha mənim heç bir məlumatım olmadı.

- Bilirsiniz, təəccüblü burasıdır ki, əgər ölmüş, öldürülmüş olsaydı, heç olmasa, meyitini verərdilər Xəqaninin...

- Mən o zaman - yanvarın 1-də getmişdim Bərdə rayonunun Təzəkənd kəndinə. Dedilər ki, meyitləri də, yaralıları da hamısını ora aparıblar. Gəldim ora. Gördüm ki, tanınması mümkün olan meyitləri aparıblar, 12 nəfərin meyiti tanınmaz halda olduğundan qalıb. Orda da səhra qospitalı qurmuşdular. Bizim İsmayıllı rayonunun həkimləri bura təhkim olunmuşdular, onlar baxırdı yaralılara. Mən tanımadım, amma dayım tanıdı həkimləri. Yanvar ayı olsa da, hava günəşli idi. Dedilər ki, meyitlər göy otun üstündə qoyulub, çəkinmirsinizsə, gedin baxın. Dedim, çəkinmək nədi?! Gəldim baxdım, 12-sinin də üstünə buşlatlarını atıblar açıq poliqonda, ağ yox, mələfə yox. Getdim baxdım, birini tanıdım. Nəriman adlı bizim iş yoldaşımız idi. Əslən Ağdaş rayonundan idi. Dedim ki, odu, mənim işçimdi, götürdük qoyduq maşına, apardıq Bərdədə yuduzdurduq, kəfənlədik, yola saldıq Bakıya. Çünki əslən ağdaşlı olsa da, ailəsi, uşaqları Bakıda - Sabunçuda yaşayırdı. Elə bizim Sabunçu batalyonunda da vuruşmuşdu. Onu göndərdim ailəsinə, özüm ordan getdim axtarışlarımı davam etdirmək üçün Ağcabədiyə.

- Bəs siz Qırmızı Xaça müraciət etməmisiniz?

- Müraciət eləmişik. Bizim tərəfdən adı var orda. Ermənilər nəyə görəsə onu məxfi saxlayırlar. Deyilənlərə inansaq, belələrinin hamısını evlərdə saxlayırlar. Məsələn, mənim iş yoldaşım var, şəmkirlidi. Onun qardaşı evdən qaçıb gəldi. 1997-ci ildə gəldi o. Dedi ki, məni dörd il saxladılar, zülm verdilər mənə. Bir gün bir erməni qoca kişi ilə qoca arvad məni qul kimi aldılar. Onlarla gedəndən sonra mən gün gördüm. Ev adamlarından bircə fərqim onda idi ki, gecə yatanda qapımı açarla bağlayırdılar. Gündüzlər onlarla birlikdə yeyib-içirdim, çimirdim, işləyirdim, dincəlirdim. Evin mal-qarasına, qoyun-quzusuna baxırdım, həyət-bacanı təmizləyirdim və s. Ailənin bir üzvü kimi mənə baxırdılar, incitmirdilər məni.

- Bəs qaçıb-gəlməyi necə baş verir?

- Sonra yazın sonlarında kişi deyir ki, gedək heyvanlar üçün ot çalmağa. Onlar Kəlbəcər tərəfdə olurmuşlar. Gəldik deyir ot olan yerə. Əsirlərə də, sən demə, məlumat verirlər ki, qaçıb-eləmək haqqında düşünməyin, onsuz da bu mümkün deyil, çünki guya Kür çayına qədər bütün torpaqlarımız onların əlindədi. İnanın, deyir ordakı əsirlər bilsələr ki, Ağdamın bu qədər kəndi bizdədi, işğalda deyil, imkan tapan kimi bir saata özlərini çatdırarlar oralara. Amma hamısını qorxutmaq məqsədilə məlumat verirlər ki, Yevlaxa qədər torpaqlarımız onların əlindədi. Televizor yox, qəzet yox, hər bir xəbər-ətərdən məhrum olublar, ermənilər nə desə, ona da inanmaqdan başqa bir çarələri yoxdur. Nə isə, deyir bir-iki gün ot çaldıq, baxıram, boylanıram ətrafa, Vətən çəkir axı məni... 65 yaşlı qoca kişidi. Ot çalmağımın üçüncü günü kişi dedi ki, sən işlə, mən gedim bu atı suvarım. At suvaracağı yer isə bir kilometrdən də artıq məsafədə idi. Kişi də həmişə atı yedəyində aparıb gətirərmiş. Minməzmiş. Bu üç gündə bunu müşahidə eləyirmiş. Kişi gedəndən sonra bir də boylanıb görür ki, qarşı tərəfdə kənd görünür, dağı dırmaşıb, dərəyə aşsa kəndə çata bilər. Deyir düşündüm ki, vallah deyəsən bura bizim zonadı. Saat 11 tamam olardı tərpəndim. Bir saat yarıma nə qaçaram, qaçaram. Tutularam da, tutularam... Sürünə-sürünə, yıxıla-dura gedirəm. Belə gücüm yetərincə var deyir, ancaq qorxumdan titrəyirəm. Titrəməyim bir qədər hərəkətimə mane olur. Dağdan aşıb gördüyüm kənd istiqamətində dərəni qalxanda qulağıma birdən səs gəldi. Gizləndim, dinşədim, sözlərə fikir verəndə onların azərbaycanca danışdığını eşitdim. Ancaq Dağlıq Qarabağın sərhəd hissələrində buna da bel bağlamaq olmaz. Çünki burda yaşayan ermənilərin də çoxu qəsdən azərbaycanca danışır ki, birdən bizimkilərlə rastlaşarlar, onlar duyuq düşməsinlər. Ona görə də bir az da qulaq asdım. Gördüm ki, bir-birinə “köpəyoğlu” sözünü də işlətdilər. Biri o birinə ərklə dedi ki köpəyoğlu, ot çalmağa o tərəfə getmə, ermənilər səni vurar, bu tərəfə get. Birincisi “ermənilər vurar” sözünü işlətdi, ikincisi, ermənilər bu sözü olduğu kimi deyə bilmirlər, “kəpəyoğlu” kimi ifadə edirlər. O sözdən tutdum ki, bunlar yüz faiz azərbaycanlıdır. Ürəkləndim.

- Ortada əsgər, səngər, heç nə yoxdu...

- Heç nə yoxdur deyir, meşə, dağ-dərə var. Nə biz tərəfdən, nə onlar tərəfdən. Nəhayət, deyir başımı qaldırdım, soruşdum ki, bura haradır? Gəldilər qarşıladılar məni. Əvvəlcə əsir olduğumu gizlətdim. Sonra məni kəndə apardılar. Hər şeyi, başıma gələnləri danışdım. Beləcə, gəlib çıxdım evimizə. Başqa birisi danışır ki, onu İrəvanda saxlayırmışlar. Ordan bir idman ustası erməninin köməyilə motosiklda Gürcüstana gedib çıxa bilib. Bu yolla qurtarıb canını əsirlikdən. Yəni hərəsinin bir taleyi var da... Allah Xaqaniyə də bir yol açsın təki, əgər sağdırsa...     

- Amin!

25 il qardaş axtarışına çıxmış Əkbərovlar əsirlərin bir neçə belə qaçıb ailələrinə, doğmalarına qovuşma epizodunu danışdılar mənə. Hər dəfə axtarışları, araşdırmaları, xüsusilə əsirlikdən gələnlərlə Xəqani nidalı görüşləri zamanı bu epizodları danışırlar onlara. Bu, yəqin onları da bir qədər ümidləndirir. Qarşıda Qinyazın da rastlaşdığı belə əhvalatlarla tanış olacaqsınız. Ortada sıravi ermənilərin vicdanının oyandığı, əsirlərlə normal davrandıqları, hətta bəzən qaçmaqlarına şərait belə yaratdığı yüngülvari nüanslar da var. Bəlkə elə Xəqani də bir gün...

(Ardı var)
Nəzirməmməd ZÖHRABLI

Əvvəlki yazılar:
I yazı
II yazı
III yazı

Son xəbərlər