11/12/2018 11:44
728 x 90

Qəbiristanlıqların bələdiyyələrə verilməsi bələdiyyələri canlandıracaq, bəs əhalini necə…

img

İlqar Hüseynli: “Qəbiristanlıqlarda müəyyən olunmuş nizamlar pozulduğu üçün, bu iş bələdiyyələrə həvalə olundu”
Vüqar Tofiqli: “Qəbiristanlıqların yerli bələdiyyələr tərəfindən idarə olunması bu sahədə yaşanan neqativ halların aradan qalxmasına səbəb olacaq”

 

Xəbər verildiyi kimi, qəbiristanlıqların salınması və idarə olunması qaydaları təsdiqlənib. Bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb. Qərara əsasən, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli Qanununun tətbiqi haqqında Azərbaycan Prezidentinin 2018-ci il 18 yanvar tarixli Fərmanının 3-cü hissəsinə əsasən, “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiqlənib.

Yerli icra hakimiyyəti orqanlarına bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş qaydalardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə qəbiristanlıqların müvafiq bələdiyyələrə 3 (üç) ay müddətində təhvil verilməsini təmin etmək tapşırılıb. Bundan sonra qəbiristanlıqlar yerli bələdiyyələr tərəfindən idarə ediləcək.

O da qeyd olunur ki, qəbiristanlıqlar məişət (təsərrüfat) içməli su mənbələrinin mühafizə zonalarında, müalicə sağlamlaşdırma yerlərinin və kurortların sanitariya mühafizə zonalarının birinci və ikinci qurşaqlarında, əhali tərəfindən məişət (təsərrüfat), çimərlik və digər mədəni sağlamlıq məqsədləri üçün istifadə olunan dəniz, göl, çay və digər açıq su hövzələrinin sanitariya mühafizə zonalarında, karstlaşmış (suyun təsiri altında torpağı asanlıqla həll olunan süxurlardan ibarət olan sahələrdə relyefin spesifik formaları) və güclü çatlar yaranmış süxurların səthində, həmçinin, bataqlıq yerlərində, həddən artıq rütubətli, su saxlayan səthlərin mövcud olduğu ərazilərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində, meşə fondu torpaqlarında, yerin təkində faydalı qazıntılar olan və kənd təsərrüfatına yararlı torpaqlarda, neft və qaz kəmərlərinin və yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonalarında,dəmir yollarının təhkim zolaqlarında, dövlət və bələdiyyə avtomobil yollarının torpaqlarında salına bilməz.

Qəbiristanlıqların salınması və idarə olunması ilə bağlı təsdiq olunan yeni qaydalar haqqında ekspertlərin rəyini öyrəndik.

Sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qəbiristanlıqlarda müəyyən olunan nizamlar pozulur. Bununla bağlı çoxlu sayda iş görülməlidir: “Qonşu Türkiyədə məzarlıqların qurulması, məzar yerlərinin verilməsi və digər məsələlərlə bələdiyyələr məşğul olur. Hətta bələdiyyələr yas mərasim xidmətlərinin təşkil olunması ilə məşğul olurlar. Qəbiristanlıqlarla bağlı yeni qaydaların təsdiq olunması yaxşıdır. Ancaq mövcud qəbiristanlıqlarda xidmət məsələsi təəssüf ki, hələ də problem olaraq qalır. Qəbiristanlıqların abadlaşdırılması, müəyyən işlərin görülməsi kimi problemlər öz həllini tapmalıdır. Qəbiristanlıqların idarə olunması yerli bələdiyyələrə həvalə olunmalıdır. Zənnimcə, bələdiyyələr müəyyən vəsait ayrılarsa, öz işlərini layiqincə icra edərlər”.

Bələdiyyə sahəsi üzrə ekspert Vüqar Tofiqli qəzetimizə açıqlamasında bildirdi ki, qəbiristanlıqların idarə olunmasının bələdiyyələrə verilməsi bələdiyyələrə göstərilən diqqətin göstəricisidir: “Qəbiristanlıqların idarə olunmasının bələdiyyələrə həvalə olunması dəfələrlə müzakirə olunub. Bu məsələ bir neçə dəfə gündəmə gəlib. Qəbiristanlıqlarda yaşanan sosial problemlərin həll olunmasını yerli icra hakimiyyəti orqanları deyil, bələdiyyələr həll edə bilər. Ümumiyyətlə, bu kimi məsələlərin həlli yalnız bələdiyyələrə tapşırılmalıdır. Xarici təcrübəyə nəzər salsaq, bunun şahidi olarıq. Qonşu Türkiyədə də qəbiristanlıqlarla bağlı bütün məsuliyyət məhz bələdiyyənin üzərindədir. Və onlar layiqincə öz işlərini icra edirlər. Analoji qaydanın ölkəmizdə də tətbiq olunması sevindiricidir”.

Həmsöhbətimiz hesab edir ki, qəbiristanlıqların yerli bələdiyyələr tərəfindən idarə olunması bu sahədə yaşanan neqativ halların aradan qalxmasına səbəb olacaq.

Günel CƏLİLOVA

Son xəbərlər