11/12/2018 11:58
728 x 90

Dilimizdə oturuşmuş artıq rus sözlərini necə təmizləməli – “uje”, “davay”, “nu”...

Qara Məşədiyev: “Belə məsələlər ictimai maarifləndirmə, islahetmə üsulları ilə tənzimlənir, inzibati yollarla bu problemi həll etmək olmaz”

img

“Rus sözləri zamanında dilimizə daxil olub, işlənib, ancaq bu gün onlara artıq ehtiyac yoxdur və onlar dilimizdən, danışığımızdan çıxarılmalıdır”
“Əməkdaşlarımız bir neçə dəfə rus sözü işlətdilər, ancaq səhv etdiklərinə görə “cərimə” ödədikdən sonra bir daha rus sözləri işlətmədilər”

 

Ana dilini tarixən xalq yaşadıb. Dilin formalaşmasında, cilalanıb nəsillərdən-nəsillərə ötürülməsində xalqın, cəmiyyətin rolu əvəzsizdir. Canlı danışıq dilinin saflığı məsələsi tarixən öz aktuallığını qoruyub, bu gün də qoruyur. Azərbaycan dilinin saflığının qorunması sahəsində cəmiyyətdə hələ də ciddi problemlər mövcuddur.

Məsələ bundadır ki, ana dilimizin müdafiəsi, yad təsirlərdən qorunması, inkişafı, habelə başqa dillərlə rəqabətə dözümlü olması ilə bağlı Prezident tərəfindən bir sıra mühüm sənədlər imzalanıb. Buna baxmayaraq, ictimaiyyət tərəfindən hələ də dilimizin yad təsirlərdən qorunması istiqamətində elə də geniş addımlar atılmır. Hələ də canlı danışıq dilimizdə, hətta son dövrlər yaranan ədəbiyyat nümunələrində də rus dilindən keçmə sözlərdən istifadə edilir. Müvafiq qurumların həyata keçirdikləri monitorinqin nəticələrindən də məlum olur ki, dilimizdə qarşılığı olmasına baxmayaraq, bu gün də rus sözləri işlədilir. “Uje”, “tenbole”, “koroçi”, “vabşe”, “tak” və s. sözlərlə hər addımbaşı rastlaşırıq.

Canlı danışıq dilimizi rus sözlərindən təmizləmək üçün nə kimi tədbirlər görülməlidir?

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor Qara Məşədiyev “Bakı-Xəbər”ə bildirdi ki, bu problemin tamamilə aradan qaldırılması üçün ictimai maarifləndirmə işi intensivləşməlidir. Q.Məşədiyevin sözlərinə görə, ana dilimiz ictimaiyyət arasında daha çox təbliğ edilməlidir ki, insanlar özləri işlətdikləri yad sözləri ana dilimizdəki sözlərlə əvəz etsinlər. “Dilimizin saflığının qorunması ilə bağlı dövlət tərəfindən lazımi tədbirlər görülür. Bu öz yerində. Bizim institut da bu sahədə fəaliyyətini daha da gücləndirib. İşlər görülür, lakin hələ də canlı danışıq dilimizdə yad sözlər, xüsusən də rus dilindən keçmə sözlər öz işləkliyini saxlayır. Bilirsiniz, rus sözləri zamanında dilimizə daxil olub, işlənib, ancaq bu gün onlara artıq ehtiyac yoxdur və onlar dilimizdən, danışığımızdan çıxarılmalıdır. Rus sözlərinin kütləvi olaraq canlı danışıq dilimizdən çıxarılması üçün isə mütləq ictimai maarifləndirmə işləri gücləndirilməlidir. İnsanlar özləri rus sözləri işlətdiklərinə görə ətraflarındakıları islah etməlidirlər. Məsələn, vaxtilə biz şöbəmizdə bir qutu qoymuşduq, kim gün ərzində nə qədər rus sözləri işlədirdisə, hər sözə görə kassaya pul atırdı. Əməkdaşlarımız bir neçə dəfə rus sözü işlətdilər, ancaq səhv etdiklərinə görə “cərimə” ödədikdən sonra bir daha rus sözləri işlətmədilər. Bu çox səmərəli maarifçilik, islahetmə ənənəsidir. Bu hazırda hər yerdə tətbiq edilə bilər. İnsanlar da rus sözləri işlətdiklərinə görə “cərimə” ödəməkdənsə, dilimizdə həmin sözün qarşılığını tapıb o sözü deyəcəklər. Bilirsiniz, belə məsələlər ictimai maarifləndirmə, islahetmə üsulları ilə tənzimlənir, inzibati yollarla bu problemi həll etmək olmaz” - deyə bildirən Q.Məşədiyev hesab edir ki, elektron və yazılı KİV-lərdə ana dilimizlə bağlı güclü təbliğat işləri həyata keçirilməlidir. O hesab edir ki, dilimizin saflığı ilə əlaqədar nə qədər çox təbliğat aparılsa, bunun bizə böyük faydası dəyər.

İradə SARIYEVA

Son xəbərlər