11/12/2018 11:52
728 x 90

Gələn ilin büdcəsində icbari tibbi sığortaya 223 milyon manat ayrılıb

“İcbari tibbi sığorta üçün təklif olunan vəsait azdır”

img

Adil Qeybulla: “… ödənişlərin bir qismi vətəndaşların üzərinə düşsün”

 

Məlum olduğu kimi, Milli Məclisin növbəti plenar iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. 2019-cu ilin dövlət büdcəsi əsasən sosialyönümlüdür.

Belə ki, büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Diqqətçəkən məqamlardan biri də əhalinin sağlamlığının qorunması üçün ayrılan vəsaitlə bağlıdır. 2019-cu ildə səhiyyə sahəsinə ayrılan xərclər bu ilin müvafiq xərclərindən 309 milyon manat, yəni 32 faiz çoxdur. Bundan əlavə, icbari tibbi sığorta üçün 223 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. 2019-cu ildə də əhalinin sağlamlığının qorunması diqqət mərkəzində olacaq. Qeyd etdiyimiz kimi, icbari tibbi sığorta üçün 223 milyon manat vəsaitin ayrılması planlaşdırılır.

Büdcədən icbari tibbi sığorta sistemi üçün 223 milyon manat məbləğində vəsaitin ayrılması barədə fikir bildirən professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İcbari Tibbi Sığorta Reyestri tərəfindən il ərzində Azərbaycanda həyata keçirilən cərrahi əməliyyatların sayı ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, icbari tibbi sığortanı effektiv həyata keçirmək üçün il ərzində, təxminən, 4 milyard dollara yaxın vəsait lazımdır: “İcbari tibbi sığorta üçün təklif olunan vəsait azdır. Ancaq ilkin olaraq 223 milyon manat vəsait yalnız o halda müsbət qəbul oluna bilər ki, ödənişlərin bir qismi vətəndaşların üzərinə düşsün. Tibb sektoru elə bir sahədir ki, burada yük dövlətlə yanaşı, vətəndaşların da üzərinə düşür. Qonşu Türkiyədə 2000-ci ilə qədər icbari tibbi sığortanı vətəndaşlarla dövlət qarşılayırdı. Hazırda isə dövlət icbari tibbi sığortaya vəsait ayırır. Eyni qayda, ilk olaraq, Azərbaycanda da tətbiq oluna bilər. Büdcə məbləği artdıqca, icbari tibbi sığortaya ayrılan vəsaitin həcmi də artar”.

Həmsöhbətimiz hesab edir ki, ilk olaraq, icbari tibbi sığortaya 223 milyon manat vəsaitin ayrılması müsbət təşəbbüsdür. Nəzərə almaq lazımdır ki, icbari tibbi sığorta vətəndaşın özünə də müsbət təsir edər. İcbari tibbi sığortanın tətbiqi genofondumuzun xeyrinə olacaq.

Günel CƏLİLOVA

Son xəbərlər