11/12/2018 11:42
728 x 90

Xarici universitetlərdə işləmək məcburiyyətində olan alimlərimizin vahid kataloqunun yaradılması...

“Xaricdə çalışan alimlərimizə böyük diqqət göstərməliyik və onlarla ciddi maraqlanmalıyıq ki, onlardan başqa qüvvələr Azərbaycan əleyhinə istifadə edə bilməsinlər”

img

İlqar Orucov: “Düşünürəm ki, xaricdəki alimlərimiz haqqında məlumat bankının yaradılması, formalaşdırılması çox vacibdir”
“Təəssüflər olsun ki, Azərbaycana qayıtmayan böyük sayda alimə münasibət bu gün də birmənalı deyil”

 

Bu gün müxtəlif xarici ölkələrin ali məktəblərində və nüfuzlu elm mərkəzlərində çoxlu sayda Azərbaycan alimi çalışır. Dəfələrlə həmin alimlərin bir çoxu ölkəmizin evsahibliyi ilə keçirilən beynəlxaq tədbirlərə qatılıb.

Məsələ burasındadır ki, bu alimlərin böyük əksəriyyəti keçən əsrin 90-cı illərində respublikamızı tərk edərək öz fəaliyyətlərini xarici ölkələrdə davam etdiriblər. Bildiyimiz kimi, sözügedən dövrdə Azərbaycandan dünyanın ayrı-ayrı xarici ölkələrinə çox güclü beyin, intellekt axını baş verib. Heç şübhəsiz ki, bu elm adamlarının ölkədən getməsi Azərbaycan elminin, xüsusən də texniki elmlərin inkişafına zərərsiz ötüşməyib. XX əsrin 90-cı illərinin əvvəllərində məlum məsələlərə görə öz elmi potensiallarını ölkə elminə sərf etmək üçün münbit şərait olmadığına görə bu elm adamları bilik və bacarıqlarını xarici ölkələrin iqtisadiyyatının, biotexnikasının və s. formalaşmasına, inkişafına həsr ediblər. Xaricdə fəaliyyət göstərən Azərbaycan alimlərinin ölkəmizlə, respublikamızın elmi mərkəzləri, ali məktəbləri ilə sıx əlaqə saxlaması, eləcə də xaricdəki diaspor qurumları ilə ünsiyyətdə olması, onların fəaliyyətinə dəstək göstərməsi çox vacib məsələdir. Sirr deyil ki, xaricdə işləyən alimlərimizdən Azərbaycanı istəməyən qüvvələrin ölkəmizin, xalqımızın əleyhinə istifadə etməsi cəhdləri də baş verib. Bu qüvvələrin o alimləri müxtəlif yollarla öz tərəfinə çəkib onlardan xeyirləri üçün bəhrələnməyə cəhd göstərmələri həqiqətən də bizim onlar barədə daha ciddi düşünməmizi aktuallaşdırır.

Bu gün zəruri məsələlərdən biri xarici ölkələrdə işləyən alimlərin vahid kataloqunun hazırlanması və onların hamısının adlarının, fəaliyyətinin həmin kataloqda əks olunmasıdır.

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, xaricdəki alimlərimizlə mütəmadi əlaqə saxlamalı, onların fəaliyyətini izləməli, eyni zamanda, onları Azərbaycan elminə cəlb etməliyik. “Hamımıza məlumdur ki, Azərbaycanın dövlət müstəqilliyi əldə etdiyi ilk illərdə ölkəmizdən dünyaya çox güclü beyin axını baş verdi və respublikamızın xeyli sayda elm xadimi, alimləri Azərbaycanı tərk etdilər. O alimlər çox istedadlı və Azərbaycan elmi üçün çox dəyərli mütəxəssislərdir. Təsəvvür edin ki, onlar Sovet dövründə elmi fəaliyyətlə məşğul olmaqlarına baxmayaraq, müxtəlif xarici dilləri də bilirdilər. O alimlərin xaricə getmələri üçün yalnız dil bilməkləri kifayət deyildi, həm də o alimlərin əsərlərinə istinadlar olmalı idi, onlar elm adamı olaraq dünyada tanınmalı idilər. Təbii ki, bu alimləri tanıyırdılar. Onların böyük bir hissəsi ölkəmizi tərk edərək başqa ölkələrdə fəaliyyət göstərməyə başladı. Deyim ki, gedənlərdən bəziləri sonradan ölkəyə qayıtdılar, ancaq böyük bir qismi xaricdə qaldı. O alimlərin Azərbaycandan uzaq düşmələri həqiqətən də bizi çox ağrıdır. O zaman alimlərimiz arasında Amerikaya, Yaponiyaya, qardaş Türkiyəyə, Almaniyaya, eləcə də digər Avropa ölkələrinə gedənlər çox oldu. Həmin ölkələr elm tutumlu ölkələr olduqları üçün, bizim alimləri qəbul etdilər. Onlar ciddi alimlər olmasaydılar, həmin ölkələr onları qəbul etməzdilər və uzun müddət nüfuzlu elmi mərkəzlərdə fəaliyyət göstərə bilməzdilər. Təbii ki, bu insanlar həmin cəmiyyətlərdə, elmi mühitlərdə özlərinə yer tapa bildilər. Həmin alimlər o dövr Azərbaycan elminin qaymaqları idilər. Təəssüflər olsun ki, Azərbaycana qayıtmayan böyük sayda alimə münasibət bu gün də birmənalı deyil. Həmin elm xadimlərinin adları, hansı ölkələrdə fəaliyyət göstərmələri ilə bağlı peşəkar səviyyədə hazırlanan kataloqa çox böyük ehtiyac var. İndiyə qədər biz onların vahid kataloqunu hazırlaya bilməmişik. İndiyə qədər Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Diasporla İş üzrə Dövlət Komitəsi o alimlərin siyahısını tərtib etməli və kataloqlarını hazırlamalı idilər. Lakin bu qurumlar bu işi həyata keçirməyiblər. Məndə olan məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsi artıq xaricdəki alimlərimizlə bağlı müəyyən işlər görməyə başlayıb. Bu da çox sevindirici haldır. Məsələ bununla bitmir. Hesab edirəm ki, o məlumat bankını hazırlamaq elə də çətin deyil. İllərdir bununla bağlı təkliflər edirik ki, xaricdəki alimlərlə Azərbaycandakı alimlər arasında əlaqələr yaradılsın. Onların bəziləri vaxtilə ölkəmizdə elmə göstərilən ögey münasibətdən inciyərək çıxıb gedən adamlardır. Ancaq o adamları yenidən ölkə elminə cəlb etməliyik. Onlar Azərbaycanın elm mərkəzləri ilə əlaqə saxlasınlar, birgə elmi-tədqiqat işləri aparılsın. Gənc alimlərin xarici elm mərkəzləri ilə əməkdaşlıq etməsinə töhfə versinlər. Lakin təəssüflər oslun ki, bu günə kimi bu sahədə hər hansı bir iş göürlmür. Bu baxımdan düşünürəm ki, xaricdəki alimlərimiz haqqında məlumat bankının yaradılması, formalaşdırılması çox vacibdir”. O qeyd etdi ki, bir neçə dəfə Bakıda keçirilən beynəlxaq elm tədbirlərinə xaricdə fəaliyyət göstərən alimləri də dəvət ediblər, onlar çox böyük fəxr və sevinc hissi ilə bu tədbirlərdə iştirak ediblər. Onların Azərbaycanla əlaqə qurmaqda çox maraqlı olduğunu deyən İ.Orucov bildirdi ki, Azərbaycan xalqı dünyanın çox nadir xalqlarındandır ki, istənilən azərbaycanlı dünyanın harasında yaşamasından asılı olmayaraq, vətənsiz xoşbəxt ola bilmir. “Bu bizim qanımızda, genimizdə olan hisslərdir. Bu baxımdan hesab edirəm ki, onların beynini, intellektini Azərbaycana cəlb etməliyik. Onlar yaşadıqları ölkələrdə Azərbaycanın elm səfirləridir. Bu daha faydalıdır. Xaricdə çalışan alimlərimizə böyük diqqət göstərməliyik və onlarla ciddi maraqlanmalıyıq ki, onlardan başqa qüvvələr Azərbaycan əleyhinə istifadə edə bilməsinlər. Bəzi qüvvələrə imkan verməli deyilik ki, onlar alimlərimizdən bizim ziyanımıza istifadə etsinlər. Alimlərimizin xaricdə Azərbaycan dövlətçiliyinin, milli maraqlarının əsl təbliğatçıları olması üçün əlaqədar qurumlar onlarla mütəmadi görüşlər keçirməli, işlər aparmalıdır. Bilirsiniz, tarixən dünyada beyin axını olub, bu gün də var, sabah da olacaq. Avropa alimləri Amerikada, yaxud Yaponiyada çalışırlar. Elm adamı, elm sahəsi sərbəstdir, alimlərin bir ölkədən başqa ölkəyə gedib işləməsi təbiidir” - deyə bildirən İ.Orucovun sözlərinə görə, xaricdəki alimlərlə Azərbaycanda fəaliyyət göstərən alimlərin müştərək elmi layihələrə cəlb edilməsi çox böyük fayda verə bilər.

İradə SARIYEVA

Son xəbərlər