15/12/2018 16:13
728 x 90

Azərbaycanda “Erməni dilinin qrammatikası” kitabının müəllifi nəşrin hədəflərindən danışdı

“Universitetin rektoru Kamal Abdullayev dedi ki...”

img

Hüseyn Əsgərov: “Azərbaycan dilini ermənilər özləri tədris edirdilər”

 

Düşmənin dilini bilmədən, onun ideologiyasına, hiylə və məkrinə bələd olmadan ona qalib gəlmək çətindir. Tarixi torpaqlarımızda özlərinə dövlət quran, 20 faizdən artıq torpaqlarımızı zəbt edən və hazırda işğal altında saxlayan ermənilərin dilini öyrənmək zəruri məsələlərdən birinə çevrilib. Son zamanlar müxtəlif elm mərkəzlərində, eləcə də ali məktəblərdə erməni dilinin tədrisi həyata keçirilir, ermənişünaslıq şöbələri fəaliyyət göstərir. Məqsəd düşmənin dilini öyrənmək və onlarla apardığımız informasiya, ideologiya müharibəsində qalib gəlməkdir.    

Azərbaycanda erməni dilinin öyrənilməsi sahəsində müxtəlif işlər görülür. Azərbaycan Dillər Universitetinin (ADU) baş müəllimi Hüseyn Əsgərovun bu günlərdə çapdan çıxan “Erməni dilinin qrammatikası” kitabı bu sahədə atılan addımlardan biridir.

“Erməni dilinin qrammatikası” kitabı hansı zərurətdən yazılıb?

H.Əsgərov “Bakı-Xəbər”ə bildirdi ki, bu kitab həm ADU-nun Qafqazşünaslıq kafedrasının erməni bölməsində təhsil alan tələbələr üçün dərslikdir, həm də bundan erməni dilini öyrənmək istəyənlər, o cümlədən də ermənişünaslar bəhrələnə bilərlər. Özünün ingilis dili mütəxəssisi olduğunu deyən H.Əsgərovun sözlərinə görə, Ermənistanda doğulduğu və erməni dilində təhsil aldığı üçün bu dili yaxşı bilir. “2011-ci ildə Prezident Administrasiyasından gəlib dedilər ki, Azərbaycan Dillər Universitetində erməni dili tədris olunacaq. Məni də dərs demək üçün bu şöbəyə təyin etdilər. Özüm ingilis dili müəllimiyəm, Ermənistanda doğulduğum və erməni dilində təhsil aldığım üçün bu dili mükəmməl bilirəm. Erməni dilinin tədrisinə başladığım vaxtdan erməni dilinin qrammatikasına aid materiallar toplamağa başladım. Bunun üçün ingilis, rus, erməni dillərində olan erməni dilinin qrammatikasından istifadə edərək, o materialları ana dilimizə tərcümə etdim. Mən bunu kitab şəklində hazırladım. Keçən il universitetdə Qafqazşünaslıq kafedrası yarandı. Kitab nəşr edilənə qədər buradakı materiallarıın surətini çıxarıb istifadə etmələri üçün tələbələrə verirdim. Universitetin rektoru Kamal Abdullayev dedi ki, kimin çap olunası kitabı varsa, universitetin hesabına nəşr ediləcək. Onda kafedra müdirimiz Əsgər Zeynalovun təşəbbüsü ilə kitabın müzakirəsi keçirildi və qərara alındı ki, tələbələr üçün gərəkli bir dərslik kimi “Erməni dilinin qrammatikası” çap olunsun. Bu kitabdan erməni dilini öyrənmək istəyənlər də, ermənişünaslar da bəhrələnə bilərlər. Kitabın izahı Azərbaycan dilindədir. Bu kitab erməni dilinin mənimsənilməsi üçün çox faydalıdır” - deyə bildirən H.Əsgərov qeyd etdi ki, hələ ötən əsrin 80-ci illərindən başlayaraq Ermənistanda azərbaycanşünaslıq, Azərbaycan dilinin öyrənilməsi işlərinə başlanıb. O hesab edir ki, ermənilər o dövrdən bizim dilimizi öyrənməyə maraq göstəriblər. Onların dilimizi öyrənməkdə xüsusi məqsəd güddüklərini deyən mütəxəssisin sözlərinə görə, bununla bizim mediada barələrində yazılan yazılarla tanış olur, elmi kitablarımızı oxuyurlar. “Hələ o dövrdə Azərbaycan dilini Ermənistanda erməni tələbələrə Təbrizdən dəvət edilən erməni alimi tədris edirdi. Onlar bu işi çox mütəşəkkil, planlı şəkildə həyata keçirirdilər. Azərbaycan dilini ermənilər özləri tədris edirdilər. Onlarda Azərbaycan dilinin tədrisinə erkən başlanılsa da, bizdə erməni dilinin öyrədilməsinə gec başlandı. Bizdə erməni dilinin tədrisi ilə 2011-ci ildən məşğul olmağa başladıq. Bizim Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünalıq İnstitutunun ermənişünaslıq şöbəsilə əlaqələrimiz var, əməkdaşlıq edirik. Bu gün Azərbaycanda ermənişünaslıq sahəsində kadrların yetişdirilməsinə, erməni dilini bilən mütəxəssislərin sayının çox olmasına böyük ehtiyac olduğu üçün, erməni dili tədris olunur. Ermənilər bizim tarixi torpaqlarımızda özlərinə dövlət yaradıblar. Bizim onların dilini öyrənməyə ehtiyacımız böyükdür. Onlar bizim torpaqlarımızı işğal altında saxlayırlar, bu azmış kimi, mətbuatlarında da Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar, əleyhimizə kitablar nəşr edirlər. Bizim yetişdirdiyimiz mütəxəssislər ermənilərlə informasiya müharibəsinə hazırlanırlar. Çünki onların dilini bilib barəmizdə yazdıqlarını zərərsizləşdirmək çox vacibdir. Bu gün erməni dilini öyrənən tələbələrimiz arasında hər kursda iki-üç tələbəmiz var ki, onlar bu sahəyə maraq göstərirlər”. Tələbələrində erməni dilinə maraq yaratdığını deyən mütəxəssis bildirdi ki, erməni dili üzrə kadr bazamız artıq formalaşır.

İradə SARIYEVA  

Son xəbərlər