15/12/2018 16:10
728 x 90

Ədəbi dil qaydalarını pozanların cəzası öncədən ictimailəşdirilməlidir...

“Televiziya və radioda ədəbi dil qaydalarına riayət olunmur”

img

Yadigar Məmmədli: “Ədəbi dilin qorunmasına riayət etməyənlərlə bağlı müəyyən cəza növü tətbiq olunmalıdır”

 

Məlum olduğu kimi, bu günlərdə “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində, Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi ilə bağlı 2018-ci ilin avqust və sentyabr aylarında aparılmış monitorinqin nəticələri açıqlanıb.

Monitorinqin nəticələrinə əsasən, televiziya və radioların efirlərində ədəbi dillə bağlı vəziyyət ürəkaçan olmayıb. Televiziya və radioların efirində ədəbi dil qüsurlarının olması haqqında məlumat verilib.

Nəzərə almaq lazımdır ki, teleradionun cəmiyyətə böyük təsiri var. Bu səbəbdən də televiziya və radio kanallarının dili hər kəsə nümunə olmalıdır.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Yadigar Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, televiziya və radioda ədəbi dil qaydalarına riayət olunmur. Bu sahədə vəziyyətin düzəlməsi üçün bir monitorinqin keçirilməsi ilə problemin həll olunması mümkün deyil: “Məlumdur ki, ölkə başçısı İlham Əliyev bu məsələ ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncamdan sonra bu problem ictimailəşib və ədəbi dilin qorunması ilə bağlı mütəmadi olaraq fikirlər səslənir, müzakirələr aparılır. Media təmsilçiləri ədəbi dilin qorunması sahəsində səy göstərirlər”.

Ekspertin sözlərinə görə, hazırda insanlar daha çox televiziyaya baxır, onlar televiziya və radio vasitəsilə məlumat almağa üstünlük verirlər.

Y.Məmmədli qeyd etdi ki, televiziya və radioda ədəbi dilin qorunması ilə bağlı aparılan monitorinqin nəticəsi bir daha nümayiş etdirdi ki, bu sahədə problem hələ də yaşanır: “Monitorinqin aparılmasına sevinmək lazımdır ki, gerçək vəziyyət üzə çıxarılır. Ədəbi dilin qorunmasına riayət etməyənlərlə bağlı müəyyən cəza növü tətbiq olunmalıdır. Cəza öncədən ictimailəşdirilməlidir ki, hər kəs ədəbi dil qaydalarına riayət etsin”.

Günel CƏLİLOVA  

Son xəbərlər