15/12/2018 16:11
728 x 90

Uşaq bağçaları da elektron qəbul sisteminə keçir – məlum neqativlərin axırı necə olacaq…

“Dövrün tələbinə uyğun olaraq, təhsil sistemi elektronlaşdırılır”

img

Nadir İsrafilov: “Əvvəllər bağçalara uşaq qoymaq üçün valideynlər müəyyən çətinliklərlə üzləşirdilər, ancaq indi bu problem tam şəkildə həll olunacaq”

 

Xəbər verildiyi kimi, Bakıda uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq. Bunu Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi və digər məsələlərə həsr olunmuş seminar-müşavirədə deyib.

O qeyd edib ki, bu, neqativ halların aradan qaldırılmasına, bu sahədə şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.

Ekspertlərin fikrincə, uşaq bağçalarına qəbulun elekton qaydada aparılması korrupsiya faktının aradan qaldırılmasına səbəb olacaq. Eyni zamanda, artıq bağça sahibləri ənənəvi “yer yoxdur” ifadəsini deyə bilməyəcəklər. Çünki bağçaya uşaq qəbulu artıq elektron qaydada həyata keçiriləcək.

Təhsil eksperti Nadir İsrafilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda ölkəmizin təhsil sistemi beynəlxalq təhsil sisteminə inteqrasiya olunur. XXI əsr texnologiya əsridir: “Artıq neçə ildir orta məktəblərə qəbul elektron qaydada həyata keçirilir. Tədris sistemi artıq elektronlaşdırılır. Dərsliklər saytlara yerləşdirilir. Dövrün tələbinə uyğun olaraq, eynilə, məktəbəqədər təhsilə qəbul elektron qaydada həyata keçiriləcək”.

Həmsöhbətimizin sözlərinə görə, əvvəllər bağçalara uşaq qoymaq üçün valideynlər müəyyən çətinliklərlə üzləşirdilər. Bağça sahibləri bəzi hallarda “yer yoxdur” deyərək uşaqları qəbul etmirdilər. Əslində, həmin məktəbəqədər təhsil müəssisələrində yer var idi, sadəcə, müəyyən maddi maraq qarşılığında uşağı qəbul edirdilər. Ancaq elektron sistemə keçid bu kimi halların qarşısını alacaq”.

Ekspert onu da vurğuladı ki, uşaq bağçalarına qəbulun elektron qaydada həyata keçirilməsi ilk mərhələdə bütün ölkəni əhatə etməyəcək. Öncə şəhər ərazilərində olacaq. Zamanla bu proses bütün ölkəni əhatə edəcək.

Günel CƏLİLOVA

Son xəbərlər