15/12/2018 16:13
728 x 90

Bakının Fəvvarələr meydanında “Soyuq əllər, isti ürəklər”... - FOTO

img

Hər kəsin maraqla gözlədiyi “Soyuq əllər, isti ürək” yarmarkası artıq dekabrın 1-dən etibarən paytaxtımızın sakinləri və qonaqlarının ixtiyarındadır. Yarmarka 2019-cu il yanvarın 6-dək Fəvvarələr meydanında təşkil ediləcək. Həm böyüklərin, həm də uşaqların səbrsizliklə gözlədiyi bu yarmarka şəhərdə əsl Yeni il bayramı ab-havası yaradıb. Yarmarkada iştirak edən hər kəs özünü bir anlıq nağıl qəhrəmanı kimi hiss edir. Yarmarkanın keçirilməsində məqsəd toplanan vəsaitin aztəminatlı ailələrin uşaqlarının müalicəsinə yönəldilməsidir.

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası ilə tanış olmaq üçün üz tutduq Fəvvalər meydanına. Burada təşkilatçıların dili ilə desək, “kiçik şəhərcik” salınıb. Şam ağacları, işıqlarla bəzədilən şəhərcik rəngarəngliyi ilə insanları özünə cəlb edir. Havanın soyuq olmasına baxmayaraq, yarmarkadakı stendlərin qarşısında izdiham vardı. İnsanlar satışa çıxarılan suvenirləri almaq, milli şirniyyat və ya çərəzlərdən dadmaq üçün növbəyə dayanmışdı. Yarmarkada iştirak edənlərin bir qismi stendlərin qarşısında şəkil çəkdirir, bəzisi satışa çıxarılan təamların dadına baxırdılar.

Xeyriyyə yarmarkası Fəvvarələr meydanında quraşdırılan kiçik taxta evlərdə təşkil edilib. Burada 47 çadır qurulub və hər birində cürbəcür şirniyyatlar, bir-birindən fərqli milli və xarici yeməklər, suvenirlər və aksesuarlar sərgilənib.

Aksiyada iştirak edənlər yaxınları və doğmaları üçün yarmarkada olan Yeni il hədiyyələri – suvenirlər, kitablar, geyim və şirniyyat almaqla ehtiyacı olan uşaqlara sevinc bəxş edirlər.

Onu da qeyd edək ki, yarmarkada yemək yemək və istirahət etmək üçün də xüsusi şərait yaradılıb. Belə ki, yarmarkada insanların rahatlığı üçün xudmani kafelər də yaradılıb. Həmin kafelər vasitəsilə yarmarka iştirakçıları təklif olunan ətirli qəhvə və çay içib isinə bilərlər, eyni zamanda, müxtəlif bişintilərin və milli yeməklərin dadına baxa bilərlər.

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında iştirak edən şəxslər bizimlə söhbətində qeyd etdilər ki, builki yarmarka miqyasına, əyləncəli tədbirlərinə və çoxsaylı sürprizlərinə görə əvvəlkilərdən daha fərqli və yaddaqalandır. Əyləncəli proqramlar, konsertlər, maraqlı insanlarla tanışlıqlar, böyüklər və uşaqlar üçün çoxsaylı sürprizlər yarmarka iştirakçılarına xoş təsir bağışlayır.

Yarmarkada iştirak edən hər kəs bu aksiyadan razı olduğunu bildirir. Qeyd edək ki, “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına təkcə paytaxtımızın sakinləri deyil, dünyanın müxtəlif ölkələrindən Bakıya gələn qonaqlar da böyük maraq göstərirlər. Artıq 6 ildir keçirilən xeyriyyə yarmarkasından toplanan vəsait, ənənəyə uyğun olaraq, xeyriyyə işlərinə sərf olunur.

Yarmarka iştirakçıları ilə söhbət etdiyimiz zaman məlum oldu ki, turistlər daha çox Azərbaycan mətbəxinə aid təamlara üstünlük verirlər. Satıcılar bildirirlər ki, turistlər milli şirniyyat, kabab, qutab alır və yeni il suvenirlərinə daha çox maraq göstərirlər.

Yarmarkaya rəfiqələri ilə birlikdə gələn Aysel bizimlə söhbətində qeyd etdi ki, hər kəs buradan heç olmasa 3 manatlıq suvenir alır. Hər iştirakçının yarmarkadan nəsə alması bir çox insanın həyatını xilas edəcək: “Yarmarka çox gözəl təşkil olunub. Biz burada həm əylənib, həm də yardım edirik. Belə soyuqda bu qədər adamın gəlməsini gözləmirdim. Demək, ölkəmizdə kifayət qədər mərhəmətli insan var. Biz rəfiqələrimizlə birlikdə bir neçə suvenir aldıq. Heç kim başına nə gələcəyini bilmir. Ona görə də hər kəsi bu yarmarkada iştirak etməyə çağırıram”.

Məlumat üçün bildirək ki, adıçəkilən yarmarkanın keçirilməsinə “Azərişıq” ASC, “Bakı Abadlıq Xidməti” MMC və “Pasha Security”, habelə “Boutique One”, “Azercell”, “Azərbaycan çayı”, “Berg”, “Balkhoorma”, “Zeytun bağları”, “Muğanbank” və “Coca-cola” dəstək göstərirlər.

Qeyd edək ki, “Nargis Fund”, “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən 2012-ci ildə təşkil edilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası artıq xoş bir ənənəyə çevrilib.

Günel CƏLİLOVA

Son xəbərlər