11/12/2018 11:46
728 x 90

Teleradio efirlərində dilin ağır vəziyyəti – bədii şuraların bərpası, ya sərt əks-tədbirlər...

Azər Həsrət: “Milli Teleradio Şurasının kifayət qədər səlahiyyəti var”

img

“Bu qurumun televiziya verilişlərini qapatmaq, hətta telekanalları bağlatmaq...”

 

Yerli televiziyalarda mövcud olan problemlər cəmiyyət tərəfindən ciddi müzakirə olunur. Bilirik ki, telekanalların əksəriyyətində həm ana dilinin işləkliyi, həm efir mədəniyyəti, həm də mövzuların təqdimatı baxımından nəzərəçarpacaq dərəcədə qüsurlar var. Azərbaycan dilini mükəmməl bilməyən, dilin qayda-qanunlarından xəbəri olmayan, sözləri ifadə edərkən vurğuları yerli-yerində işlətməyən aparıcılar, sənətə, xüsusən də musiqi mədəniyyətinə zidd ifalar təqdim edən müğənnilər, şou-biznesçilər efirlərdə sıx-sıx görsənirlər. Bildiyimiz kimi, dəfələrlə bu məsələ ilə bağlı Milli Televiziya və Radio Şurası bəyanatlar yayıb, bu kimi hallarla bağlı kəskin fikirlər səsləndirib. Hətta bəziləri hesab edirlər ki, efirdə bu cür xoşagəlməz halların qarşısının alınması üçün mütləq bədii şura yaradılmalı və o şura televiziyalarda yayımlanan proqramlara, səsləndirilən musiqilərə nəzarət etməlidir. Təbii ki, bu təklifin özünə də münasibət birmənalı deyil. Bəziləri isə düşünürlər ki, bədii şuraların yaradılmasındansa Milli Televiziya və Radio Şurasının səlahiyyətləri bir az da genişləndirilməlidir ki, nəzarətçi qurum kimi aidiyyəti məsələləri tənzimləyə bilsin.

Əməkdar jurnalist Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, bu gün Milli Televiziya və Radio Şurasının kifayət qədər səlahiyyəti var və qurum bu səlahiyyətlərdən istifadə etməklə televiziyalardakı mövcud problemləri aradan qaldıra bilər. A.Həsrət hesab edir ki, bu nöqsanların aradan qaldırılmasında televiziya rəhbərləri özləri maraqlı olmalıdırlar. Ekspert deyir ki, televiziya rəhbərləri cəmiyyətin, müxtəlif qurumların tutduqları iradlardan nəticə çıxarmaq əvəzinə, buna etinasız yanaşırlar: “Bilirsiniz, burada hansısa bir yeni qurum yaradılmasından, yaxud da Milli Teleradio Şurasının səlahiyyətlərinin artırılmasındansa, daha çox televiziya rəhbərləri öz işlərinə daha məsuliyyətli yanaşmalıdırlar. Bizdə əsasən bu problem var. Milli Teleradio Şurası da, İctimai Televiziya və Radio Yayım Şurası da bu məsələni qaldırır, ictimailəşdirir, müzakirəsini təşkil edir. Bəzən də bunu ictimailəşdirmədən telekanal rəhbərlərinə öz iradlarımızı, təkliflərimizi çatdırırıq. Çox təəssüf ki, buna əməl edilmir, çox zaman deyilən sözlər yerindəcə qalır. Onlar səsləndirilən iradlara etinasız yanaşırlar. Ona görə də bu gün televiziya və radio efirlərində həddindən artıq yabançı musiqilər təqdim edilir, bundan başqa, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə zidd olan, dilimizi yaxşı bilməyən, davranışları ilə insanlara pis örnək olan aparıcılar verilişlər aparırlar. Ümumiyyətlə, Azərbaycan dilinin qayda-qanunlarını bilməyən adamlar efirə çıxarılır. Belə çıxır ki, bu sahəyə rəhbərlik edən adamlar buranı özləri üçün bir bazar, məntəqə hesab edirlər. Düşünmürlər ki, efirə çıxardıqları o natamam adamların hesabına Azərbaycan dilinə, musiqisinə çox ciddi zərbə vururlar. Sözümün canı odur ki, bədii şura yaratmaqdansa, televiziya və radio rəhbərlərini bir araya toplayıb onlara konkret göstərişlər verilməli, qarşılarına tələblər qoyulmalıdır. Teleradio Şurasının kifayət qədər səlahiyyəti var. Bu qurumun televiziya verilişlərini qapatmaq, hətta telekanalları bağlatmaq kimi səlahiyyətləri var. Ancaq təəssüf ki, bu addımı atmırlar və mövcud problemlərlə bağlı sərt tədbirlər görmürlər. Bu da yaxşı hal deyil. Arzu edərdim ki, problemin aradan qaldırılması üçün  Milli Teleradio Şurası indiki səlahiyyətləri çərçivəsində addımlar atsın. Biz də ictimaiyyət olaraq şuranın addımını dəstəkləyəcəyik. Görsək ki, problemin həllinə bu addımlar kifayət deyil və bu nöqsanların aradan qaldırılması üçün əlavə qurumun yaradılmasına ehtiyac var, onda bu qurumun yaradılmasını müzakirə edərik”.

İradə SARIYEVA    

Son xəbərlər