15/12/2018 16:13
728 x 90

Bütün məktəblər üçün vahid məktəbli formasına keçid olsa...

“Vahid məktəbli forması şagirdlərə dövlət hesabına verilərsə, bu, ailələrə böyük dəstək olar”

img

Məlahət Mürşüdlü: “Münasibətim mənfi deyil”

 

Bu gün Azərbaycanda orta ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiq edilməsi müxtəlif instansiyalarda müzakirə edilir. Bir neçə il əvvələ qədər demək olar ki, məktəblilər sərbəst geyimlərə üstünlük verirdilərsə, son dövrlər hər məktəb öz şagirdlərinin geyim formasını müəyyənləşdirib.

Hazırda orta ümumtəhsil məktəblərinin bir qismində oxşar geyimlərdən istifadə edilsə də, əksəriyyətində fərqliliklər müşahidə olunur. Məktəb şagirdlərinin geyimlərinin müəyyən edilməsində əsas rolu pedaqoji şura oynayır. Belə ki, məktəbin pedaqoji şurası öncədən müəyyən etdiyi dizayn və məktəbli formalarının etiketlərini məktəb kollektivi ilə müzakirə edir, sonra isə bu geyim forması qəbul edilir. Hazırda məktəblərin çoxunda Bakı Tikiş Evi tərəfindən istehsal edilən formalardan istifadə olunur. Məktəblərin bir çoxunda qızlar göy ətək, pencək, tünd qırmızı jilet, ağ köynək, oğlanlar isə göy şalşar, göy jilet, ağ köynək və göy pencək geyirlər. Bakı Tikiş Evi tərəfindən tikilən geyimlərin qolunda müvafiq emblem olur. Elə məktəblər də var ki, orada Bakı Tikiş Evinin təqdim etdiyi bu sayaq geyimlərdən deyil, tamamilə fərqli dizayn və rəngdə olan geyimlərdən istifadəyə yol verilir. Bəzi məktəblərdə şagirdlər boz rəngli məktəbli formalarından, bəzilərində isə qəhvəyi ətək pencək (oğlanlar şalvar) və mavi rəng köynək geyirlər. Hətta elə məktəblər də var ki, oğlanlar qara şalvar, qara pencək və ağ köynək, qızlar qara ətək, qara pencək və ağ köynək geyirlər. Sözsüz ki, məktəblərin çoxunun üzərində həmin məktəbin emblemləri də yerləşdirilib.

Milli Məclisin Elm və təhsil komitəsində iclaslardan birində müzakirə edilən “Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapan məsələlərdən biri respublikanın orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin vahid geyim formasına keçməsi ilə bağlıdır. Layihəyə əsasən, vahid məktəbli forması bütün məktəblərdə tətbiq oluna bilər. Komitə sədri İsa Həbibbəyli bəzi kateqoriyadan olan şagirdlərə məktəbli formalarının dövlət hesabına verilə biləcəyini də deyib.

Tanınmış təhsil eksperti Məlahət Mürşüdlü “Bakı-Xəbər”ə bildirdi ki, məktəbli forması şagirdin obrazının təqdimatında xüsusi rol oynayır. O hesab edir ki, bu gün hər məktəbin özünün məktəbli formasının olması elə də ciddi nöqsan deyil. Ekspertin bildirdiyinə görə, hazırda istifadə edilən məktəbli formaları bizim milli-mənəvi dəyərlərimizə zidd deyil. “Məktəbli forması məktəblinin iş formasıdır. Bu forma məktəbliyə məktəbə gələrkən, bir növ, motivasiya verir və bu geyimdə şagird özünü şagird kimi hiss edir. Bu gün bütün məktəblərin şagirdlərinin vahid məktəbli formasına keçməsi məsələsi aktuallaşıb. Ancaq hələ vahid məktəbli formasına keçilməyib. Bilirsiniz ki, məktəbli formalarını valideynlər pulla alırlar. Bir formanı bir şagird bəzən 2-3 il geyinir. Tətbiq edilməsi nəzərdə tutulan vahid məktəbli geyiminə keçilməsinə münasibətim mənfi deyil. Ancaq hesab edirəm ki, nəzərdə tutulan geyimlər valideynlər üçün artıq xərc olacaq. Dövlət bu geyimləri şagirdlərə pulsuz verərsə, bu çox yaxşı olar. Vahid məktəbli forması şagirdlərə dövlət hesabına verilərsə, bu, ailələrə böyük dəstək olar” - deyə bildirən M.Mürşüdlünün fikrincə, hazırda elə ailələr var ki, onlar uşaqlarına geyim almaqda çətinlik çəkirlər. O bildirdi ki, bu baxımdan vahid məktəbli geyiminin tətbiqi reallaşarsa, bunun dövlət dəstəyi ilə həyata keçirilməsi daha effektiv olardı.

İradə SARIYEVA 

Son xəbərlər