15/12/2018 16:11
728 x 90

Qədim həsirçilik xalq sənətini yaşatmaq üçün böyük səy göstərənlər var…

“Həsirçilik sənətinin bugünkü vəziyyətinə gəlincə, tənəzzülə uğramış xalq sənəti növlərindən biri kimi qeyd olunurdu”

img

Tahir Şahbazov: “Ancaq son zamanlar insanların həyatında həsirçilik yenidən canlanmağa başlayıb”

 

Bir sıra xalq sənəti növləri var ki, onlar insanların məişətini, həyatını təmin etmək üçün yaradılıb. Xalqımızın tarixi keçmişini özündə yaşadan bu xalq sənəti növləri uzun əsrlər insanların həyatında, məişətində mühüm yer tutub.

Yaranma tarixi lap qədimlərə gedib çıxan həsirçilik sənəti belə sənət sahələrindən biridir. Həsirçilkdən danışarkən respublikamızın cənub bölgəsi yadımıza düşür. Bir vaxtlar ağır böhran keçirən bu xalq sənətinin hazırkı vəziyyəti hər birimizi düşündürməlidir. Bəzi mütəxəssislər deyirlər ki, erkən orta əsrlərdə həsirçilik Azərbaycanın bir sıra bölgələrində geniş yayılsa da, sonradan bu sənət sıradan çıxıb. Bu gün bu sənətin əsas yaşadıldığı, yayıldığı bölgəmiz cənub rayonlarıdır. Mütəxəssislər hesab edirlər ki, bu sənətin əsasən cənub bölgəsində yaşadılması iqlim şəraiti ilə bağlıdır. Yəni cənub regionu subtropik olduğundan, il boyu burada nəmişlik hökm sürür.

Qeyd edildiyinə görə, həsirçiliyin meydana gəlmə səbəbi nəmişliyin qarşısını almaqla bağlı olub. Keçmiş əyyamlarda evlərin döşəməsi torpaq olardı və torpağın nəmişliyinin qarşısını almaq üçün yerə həsir döşənər, onun üstündən isə xalça-palaz sərilərdi.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, tanınmış etnoqraf Tahir Şahbazov “Bakı-Xəbər”ə bildirdi ki, həsirçilik insanların həyatında olduqca sağlam bir rol oynayır. O qeyd etdi ki, bir sıra məişət əşyalarının hazırlanmasında həsirçilik sənətinin rolu az deyil. Vaxtilə məişətimizdə geniş istifadə etdiyimiz həsir zənbillər, balıq tutmaq üçün istifadə edilən həsir torbalar, saxsı qablar üçün tutacaqlar, asılqanlar cəmiyyətimizdə geniş yayılıb. Onun sözlərinə görə, həsir şlyapalar, həsir qadın çantaları da həm sağlamlıq, həm də vizual baxımdan hər zaman diqqəti cəlb edib. Həsirin toxunması üçün müxtəlif bataqlıq bitkiləri - qamış, qarşı, dala, zıyalığ, pizədən (kələ pizə və gilə pizə) geniş istifadə edildiyini deyən T.Şahbazovun sözlərinə görə, bu bitkilərin hər birinin həsirçilikdə ayrıca yeri var. “Həsirçilik toxuculuğun ən qədim növlərindən biridir. Yəni insanlar kilim, palaz, xalça kimi toxuculuq məmulatlarına keçməzdən əvvəl əsasən su hövzələrində bitən müxtəlif bataqlıq bitkilərindən, alaq otlarından istifadə etməklə müxtəlif məişət məmulatları, əşyalar toxuyublar. Onlardan biri də həsir olub. Həsirin müxtəlif növləri məlumdur. Bunlar saya həsirlər və güllü həsirlərdir. Əsasən Lənkəran və Astara bölgəsində yayılan bu həsir növləri keçmiş zamanlarda müxtəlif məqsədlərlə istifadə olunurdu. Məsələn, xırmanda taxılı küləkdən qorumaq üçün onun ətrafına həsirdən çəpər çəkirdilər.

Bizim namazlıq xalçaları həcmdə namazlıq həsirlər toxuyurdular ki, insalar onun üzərində namaz qılsınlar. Süfrə həsirləri, eləcə də içəriyə həşaratlar girməsin deyə pəncərələrə həsir pərdə (jalüz) toxuyurdular. Vaxtilə yer və divar həsirləri olub. Yer həsirindən torpaq döşəmələrin örtülməsində istifadə edilib ki, bu da nəmişliyin qarşısını alıb. Divar həsirləri isə indiki xalçanın funksiyasını yerinə yetirib.

Həsirçilik sənətinin bugünkü vəziyyətinə gəlincə, tənəzzülə uğramış xalq sənəti növlərindən biri kimi qeyd olunurdu. Ancaq son zamanlar insanların həyatında həsirçilik yenidən canlanmağa başlayıb. Bu gün həsirlərdən restoran və kafelərin dizaynında istifadə edilir. Bu bizneslə məşğul olan adamlar həsiri alıb gətirir və ondan xüsusi otaqlar, məkanlar düzəldirlər. Onlar bununla həm də qədim xalq sənətimizin bir növü olan həsirçiliyi tariximizin, etnoqrafiyamızın bir örnəyi kimi tanıdırlar” - deyə T.Şahbazov bildirdi.

Həsirçiliyin bu gün məişətə qaytarılmasının vacib olduğunu deyən T.Şahbazovun sözlərinə görə, hazırda müxtəlif sənətkarlar bu sahəni dirçəltməyə çalışırlar. Yay mövsümündə cənub bölgəsində ezamiyyətdə olduğunu deyən T.Şahbazov bildirdi ki, burada həsirçiliyin mövcud vəziyyəti ilə də maraqlanıb: “Masallının, Lənkəranın, Astaranın bir sıra kəndlərində oldum. Həsirin, həsir məmulatlarının toxunmasını müşahidə etdim. Orada bu sənəti yaşadan bir neçə sənətkarla tanış oldum.    

Masallının Musaküçə kəndində bir neçə ailə var ki, onlar dədə-babadan həsirçiliklə məşğul olublar və bu gün də bu sənəti davam etdirirlər. Astaranın Kakalos kəndində yaşayan ustad sənətkar Rüfət Rzayev bu sənətin ən mahir bilicisi və təbliğatçısıdır. O mənə deyirdi ki, qamışdan toxunan həsirlərə bu gün də çox böyük ehtiyac var. Bilirsiniz ki, bu gün çoxsaylı məişət əşyası var, lakin onların heç biri həsir qədər insanlara sağlamlıq bəxş etmir. Rüfət usta hələ 10 yaşında ikən həsirçiliyi valideynlərindən öyrənib və 60 ildən çoxdur bu sənəti qoruyub saxlayır. “Atalarımız, babalarımız bu sənəti yaşadıb. Ona görə də fikirləşirəm ki, gələcək nəsillərin xəbəri olsun deyə, biz də bu sənəti yaşatmalıyıq” - deyirdi mənimlə söhbətində. Bilirsiniz, bu gün həsirdən düzəldilən əşyalar, çantalar, şlyapalar çox ucuz qiymətə satılır. Halbuki, bu gün həsirçiliyin bazarının formalaşmasına ehtiyac var. Mən camaatla söhbət edəndə onlar deyirdilər ki, həsirdən düzəldilən məmulatlarla yerli sakinlərdən çox xarici turistlər maraqlanırlar. Sənətkarlar deyirdilər ki, müştəriləri də əsasən turistlərdir. Hesab edirəm ki, bu sahə genişləndirilməlidir. Sözsüz ki, həsirdən hazırlanan məmulatlar xarici ölkələrə də çıxarılmalıdır. Turisrtlərə həsirdən hazırlanan əşyalar, çantalar, torbalar və başqa əşyalar təqdim edilsə, onlar buna çox böyük maraq göstərərlər. Bir sıra ölkələrdə həsirə tələbat var”.

O bildirdi ki, bölgələrdə fəaliyyət göstərən mərkəzlərdə toxuculuğun bütün növləri gənclərə öyrədilsə də, orada həsirçilik kursları yoxdur. Onun sözlərinə görə, həsirçiliyin inkişafına xüsusi diqqət yetirilməli və bu sahəyə gəncləri cəlb etmək lazımdır. T.Şahbazov hesab edir ki, həsirdən hazırlanan bütün əşyalardan məişətdə istifadə edilməsinin faydası var. Etnoqraf ümid edir ki, həsirçilik bir xalq sənəti növü kimi yaşayacaq.

İradə SARIYEVA 

Son xəbərlər