15/12/2018 16:13
728 x 90

Orta məktəblər üçün sahibkarlıq fəaliyyətinin hansı növləri məqbul sayılır…

img

Ruslan Atakişiyev: “Orta ümumtəhsil məktəbləri elmi sahədə hər hansı bir ideyanı patentləşdirib sata bilər”
Kamran Əsədov: “Peşə dərslərində istehsal olunan hər hansı bir məhsul satışa çıxarıla və əldə olunan gəlir məktəbin hesabına daxil ola bilər”

 

Təhsil müəssisələrinin sahibkarlıq fəaliyyəti ilə məşğul olacağı gözlənir. Bu məsələ Milli Məclisin (MM) Elm və təhsil komitəsinin son iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, ümumtəhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.

Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün ümumtəhsil müəssisəsinin nəzdində müvafiq istehsalat və xidmət sahələri yaradıla bilər.

Nəzərə almaq lazımdır ki, orta məktəblərdə sahibkarlığın yalnız əl əməyi və ya elmə aid bölməsindən gəlir əldə etmək olar. Maraqlıdır, ümumtəhsil məktəbləri sahibkarlığın hansı forması ilə məşğul ola bilər?

Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Ruslan Atakişiyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda təhsilin inkişafı hədəf kimi qarşıya məqsəd qoyulub. Bu, dövlətin strategiyasında əsas kimi göstərilib.

Ekspert hesab edir ki, məktəbin biznesin istənilən sahəsi ilə məşğul olması, istər-istəməz, təhsilin keyfiyyətinə təsir edə bilər. Məktəblər yalnız öz predmetinə uyğun sahələr üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər: “Orta ümumtəhsil müəssisələri yüksək keyfiyyətli tədris biznesi ilə məşğul ola bilər. Həmçinin, elmi ixtiraları satışa çıxara bilər. Orta ümumtəhsil məktəbləri elmi sahədə hər hansı bir ideyanı patentləşdirib sata bilər. Sahibkarlıq subyekti ilə müəyyən əməkdaşlıq çərçivəsində laborator fəaliyyət göstərmək mümkün ola bilər”.  

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” Qanunda qeyd olunur ki, orta ümumtəhsil məktəblərinin maliyyə mexanizmləri ilə bağlı məktəblər digər imkanlardan istifadə edə bilər: “Bu gün ölkədə fəaliyyət göstərən 4535 orta məktəbin hər biri dövlət büdcəsindən asılı haldadır. Məktəblər yalnız dövlət büdcəsi vəsaiti hesabına öz infrastrukturunu qurub, əməkdaşların əməkhaqqını ödəyir. Universitetlərdən fərqli olaraq, orta məktəblərdə təhsil haqqı ödənilmədiyi üçün, onların əlavə maliyyə mənbələrinin olmasına ehtiyac var. Orta məktəblərin həyatyanı sahəsi olur. Həmin sahədən səmərəli şəkildə istifadə etmək olar. Bu, kənd ərazilərində və ya uzaq qəsəbələrdə reallaşa bilər. Həmçinin, məktəbin inzibati binasından səmərəli şəkildə istifadə oluna bilər. Orta ümumtəhsil məktəblərində müəllim heyəti müəyyən xidmətlər qarşılığında çalışa bilər. Məsələn, xarici dil müəllimləri tərcüməçi kimi çalışa bilər. Məktəbin stadionunda pullu xidmət qarşılığında idman yarışlarının keçirilməsi mümkündür. Peşə dərslərində istehsal olunan hər hansı bir məhsul satışa çıxarıla bilər. Satışdan əldə olunan gəlir məktəbin hesabına daxil ola bilər. Qanunvericilikdə qeyd olunur ki, məktəb öz resurslarından səmərəli şəkildə istifadə etməlidir”.  

Günel CƏLİLOVA

Son xəbərlər