11/12/2018 11:46
728 x 90

Qızıl medallı şagirdlərimizə qəbul imtahanlarında üstünlük imtiyazı…

“… məktəblilər arasında rəqabət yaradacaq”

img

Məlahət Mürşüdlü: “Orta məktəbi qızıl medalla bitirən şagirdlərin qəbul imtahanından azad olunması onların dərsə marağının daha da artmasına səbəb olacaq”

 

Son illər Azərbaycanda orta məktəbi qızıl və gümüş medalla bitirən şagirdlərin stimullaşdırılması üçün onlara müəyyən güzəştlər tətbiq olunur. Xəbər verildiyi kimi, orta məktəbi qızıl medalla bitirən məzunlar ali məktəblərə qəbul imtahanlarından azad olunacaqlar.

Bu barədə Milli Məclisdə hazırlanan yeni “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd edilib. Belə ki, qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilib ki, orta təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar.

Orta məktəbi qızıl medalla bitirən şagirdlərin qəbul imtahanından azad olunmasını ekspertlər də müsbət dəyərləndirirlər.

Azad  Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda Milli Məclisdə “Ümumi təhsil haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qeyd olunan layihə qəbul olunarsa, bunun təhsilə bir çox müsbət təsirləri olar. İlk olaraq bu hal şagirdlərin dərsə marağının daha da artmasına səbəb olacaq. Şagirdlər dərslərinə daha çox maraq göstərəcəklər: “Məlumat üçün bildirim ki, əvvəllər orta məktəbi qızıl medalla bitirən abituriyentlərə müəyyən güzəştlər tətbiq olunurdu. Ancaq indisə məzunların qəbul imtahanından tam şəkildə azad olunacağı gözlənir. Hesab edirəm ki, qanun layihəsi qəbul olunarsa, orta təhsildə şagirdlərin təlimə olan bilik və bacarıqlarını formalaşdırmaq üçün yaxşı fürsət olacaq. Şagirdlərin qəbul imtahanından azad olunması üçün onların orta məktəbi qızıl və ya gümüş medalla bitirmək istəyi məktəblilər arasında rəqabət yaradacaq. Təhsildə və digər sahələrdə rəqabət olarsa, həmin sektorda inkişaf yaşanar”.

Ekspertin fikrincə, bu cür stimullaşdırıcı tədbirlər yalnız təhsilin inkişafına səbəb ola bilər.

Günel CƏLİLOVA

Son xəbərlər