15/12/2018 16:10
728 x 90

İbtidai sinif müəllimləri üçün təlimlərin effektinə ekspert baxışları…

“Bu təlimlərin ibtidai sinif müəllimlərinə xeyri o olacaq ki, onlar bu təlimlərdə mənimsədikləri bilgiləri sertifikasiya zamanı imtahan verərkən istifadə edəcəklər”

img

Xanım Qasımova: “Bu təlimlərin keçirilməsinin əhəmiyyəti böyükdür”

 

Orta ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri üçün növbəti ixtisasartırma təlimlərinə başlanıb. Təhsil Nazirliyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə keçirilən növbəti təlimlərdə Bakının 12 inzibati rayonu üzrə 480 ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” adlı təlimlərin təşkil olunmasının əsas məqsədi ibtidai sinif şagirdlərində oxu vərdişlərini formalaşdırmaq, oxuyub-anlama və yazılı mətnlər üzərində işləmə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

İbtidai sinif müəllimlərinin cəlb edildiyi növbəti ixtisasartırma təliminin əhəmiyyətini vurğulayan pedaqoq Xanım Qasımova “Bakı-Xəbər”ə bildirdi ki, bu sahəni təmsil edən müəllimlərin sözügedən təlimlərə cəlb edilməsinin faydası böyükdür. X.Qasımovanın sözlərinə görə, təlimlər zamanı müəllimlərə həm ixtisasları, həm də şagirdlərlə davranmaq, onları öyrətməklə bağlı bilgilər veriləcək. “Bu təlimlərin keçirilməsinin ibtidai sinif müəllimləri üçün əhəmiyyəti böyükdür. Çünki müəllimlərin bu təlimlərdə iştirak etməsinə ciddi ehtiyac var. Bu təlimlərdə müəllimlərə həm kurikulumla bağlı bilgilər veriləcək, həm də onlara İKT və s. bacarıqları təlqin ediləcək. Qarşıda müəllimlərin sertifikasiyası məsələsi durur. Bu təlimlərin ibtidai sinif müəllimlərinə xeyri eyni zamanda da o olacaq ki, onlar bu təlimlərdə mənimsədikləri bilgiləri sertifikasiya zamanı imtahan verərkən istifadə edəcəklər. Sertifikasiya zamanı müəllimlərin İKT bacarıqları, kurikulum bilgiləri, eləcə də ixtisaslarını nə dərəcədə bilmələri  və s. qiymətləndiriləcək. Odur ki, bu gün təlimlərə cəlb edilən və gələcəkdə cəlb ediləcək müəllimlər burada öyrəndiklərini dərs zamanı rahatlıqla tətbiq edəcəklər.   

Bilirsiniz, bu təlimlər özündə müəllimin bilməli olduğu hər şeyi birləşdirib. Müəllimlərdə məktəblilərə oxunun əsas komponentləri ilə iş, şagirdlərin oxuya həvəsləndirilməsi yolları, oxuyub-anlama bacarıqlarının inkişafında idrak taksonomiyasının rolu, oxu dərslərinin mərhələli şəkildə təşkili, köməkçi oxu metodlarından istifadə, səmərəli oxu strategiyalarının tətbiqi kimi məsələlər önə çəkilir”. X.Qasımova hesab edir ki, bu gün respublikamızın ayrı-ayrı məktəblərində bəzi ibtidai sinif müəlliminin öz sahəsinə elə də dərin bələd olmaması halları var. Ekspert qeyd etdi ki, bu təlimlər müəllimlərin həm də öz işlərinə, ixtisaslarına məsuliyyətlə yanaşmalarına təkan verəcək.

İradə SARIYEVA

Son xəbərlər