19/11/2018 18:23
728 x 90

Balakənin 2 saylı orta məktəbində antinarkomaniya və antiradikalizm müzakirəsi keçirildi - FOTO

img

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən şəhər 2 saylı  tam orta məktəbdə Rayon Polis Şöbəsi rəhbərliyinin təşkilatçılığı ilə  “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında görüş keçirilib. Tədbirdə polis əməkdaşları ilə yanaşı  rayon ağsaqqallar şurasının sədri,  Təhsil Şöbəsinin işçiləri, eləcə də məktəbin müəllim heyəti və yuxarı sinif şagirdləri iştirak edib.

Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elnur Həsənov “əsrin bəlası”na çevrilmiş narkomaniyanın bu gün bəşəriyyəti narahat edən ən qlobal problemlərdən biri olduğunu bildirib. O, narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Dini radikalizmin fəsadlarından söz açan E.Həsənov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərdən danışıb.  O, dini radikalizm, onun fəsadları və qarşısının alınması, cəmiyyətə vuracağı zərər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, bu mübarizədə cəmiyyətin dəstəyinin vacib rol oynadığını qeyd edib. İslamın mədəniyyətimiz, mental dəyərlərimizlə sıx bağlı olduğunu bildirən Şöbə rəisi  bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusilə də yeniyetmə və gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü söyləyib.

Tədbirdə erkən nikahın fəsadları barəsində çıxış edənlər gələcək ailələrin sağlam təməllər üzərində qurulması üçün valideynlərin də bu məsələyə daha ciddi yanaşmalarının vacibliyini bildirib, erkən nikahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyini qeyd ediblər.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Mahir MƏSİMOV
polis leytenantı

Son xəbərlər