19/11/2018 16:14
728 x 90

ATU-nun klinikasında 21 il əvvəl səhv diaqnozla müalicəsi aparılan şəxs uğurla əməliyyat olundu

img

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 21 il öncə səhv diaqnozla müalicə alan xəstə uğurlu əməliyyat olunub. Klinikanın Torakal cərrahı, t.ü.f .d. Arif Ağayev deyir ki, xəstədə anadangəlmə ön divar aralığında (ürəklə ağ ciyərlər arasında) törəmə olub.

“Xəstə indi 27 yaşındadır. 5- 6 yaşından davamlı öskürək, boğulma, davamlı yüksək temperatur, döş qəfəsində şiddətli ağrı şikayətləri ilə müxtəlif xəstəxanalarda uzunmüddətli müalicələr alıb. Lakin  əlbəttə, həmin illər Azərbaycanda səhiyyənin səviyyəsi indiki ilə müqaisədə yüksək deyildi və ona görə xəstəyə səhv diaqnoz qoyulub, onun anadangəlmə qüsuru yanlış dəyərləndirilib. Xəstə davamlı olaraq vərəm, astma, pnevmaniyadan və s. kimi yanlış xəstəliklərdən müalicə alıb”.

Torakal cərrah A.Ağayevin sözlərinə görə, xəstə klinikaya müraciət etdikdə  davamlı bəlğəmli öskürürək, ara-sıra temperaturun yüksəlməsindən, təngnəfəslikdən şikayət edib: “Ən əsası odur ki, xəstə nə qədər müalicə olunsa da, bu problem aradan qalxmırmış. Biz gəncin əlindəki müayinə nəticələrinə nəzər saldıq, lazımi yeni müayinələr də apardıq. Bizim müayinələr əsasında xəstənin ön divar aralığının dediyimiz bölgəsində törəmə olduğu aşkarlandı. Bu, anadangəlmə dermoid sist və ya teratoma kimi dəyərləndirilib. Törəmənin xoşxassəli olduğu təsdiqləndi”.

Məlum olub ki, bu törəmə 21 il öncə irinləyərək ağ ciyərə yol açıb. Bu illər ərzində törəmə fasiləsiz olaraq irinləyib, iki orqan arasında yaranmış yoldan bu irin ağ ciyərə tökülüb. Ona görə də həkimlər bunu ağ ciyər problemi kimi qəbul ediblər.

Arif Ağayev bildirir ki, uzun sürən müayinələrdən sonra xəstədə vərəm olmadığı təsdiqlənib və xəstə əməliyyata alınıb: “Xəstənin törəməsi çıxarıldı. Və irinlənmiş ağ ciyərin irinli və öz fəaliyyətini itirmiş 2 payı çıxarıldı. Əməliyyat 8 saat yarım davam etdi və uğurla nəticələndi”.

Həkim qeyd edir ki, əməliyyatdan sonra xəstənin vəziyyəti normaldır, mütəmadı olaraq kontrol müayinələrə gəlir və hər hansı şikayəti qeyd olunmur.

Son xəbərlər