19/11/2018 18:27
728 x 90

Tələbə və təqaüdçülər üçün şəhər nəqliyyatından pulsuz istifadə imkanı…

img

“Nəqliyyatda güzəştin tətbiq olunması üçün ilk növbədə ictimai nəqliyyat tam olaraq kart sisteminə keçməlidir”

 

Ərşad Hüseynov: “Bəzi ölkələrin müəyyən şəhərlərində daimi yaşayan insanlara ora müvəqqəti gələnlərə nisbətdə fərq qoyulur, çünki həmin adamlar o şəhərdə yaşayır və gündəlik nəqliyyatdan istifadə edirlər”

 

İctimai nəqliyyatda güzəştlərin bərpa edilməsi yenidən aktual müzakirə mövzularından birinə çevrilib. Tələbə və pensiyaçıların ictimai nəqliyyatdan güzəştli istifadəsi məsələsinə baxıla bilər. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli paytaxtın nəqliyyat sahəsində görülən işlər və problemlərdən media nümayəndələrinə danışarkən deyib. 

O qeyd edib ki, Bakıda tələbə və pensiyaçıların ictimai nəqliyyatdan güzəştli istifadəsi məsələsinə də baxıla bilər: "Hazırda "BakıKart" 150-yə yaxın avtobusda istifadə olunur. Bütün avtobusların kart sisteminə keçməsinə hazırlıq gedir. Dəqiq tarix söyləmək çətindir, lakin kart sistemi üzrə işlər yekunlaşdıqdan sonra avtobuslarda gediş haqqının ödənişi üçün həm tələbə, həm də pensiya kartlarının tətbiqi müvafiq qurumlarla razılaşdırılmaqla həyata keçirilə bilər".

Qeyd edək ki, bir sıra xarici ölkələrdə tələbələrə və təqaüdçülərə nəinki ictimai nəqliyyat xərclərində, o cümlədən, ehtiyac duyduqları bir çox sahələrdə güzəştlər edilir.

Apardığımız araşdırma zamanı məlum oldu ki, Kanadada tələbə bileti, demək olar ki, şəxsiyyət vəsiqəsini əvəz edir. Onu həm də bank kartı kimi istifadə etmək olar. Kart vasitəsilə tələbələr ictimai nəqliyyatdan 3 dəfə ucuz istifadə edirlər.

Çexiyada məktəbli və tələbələr bütün ictimai nəqliyyatdan güzəştlə istifadə edirlər. Məsələn, əgər Praqa universitetində oxuyan tələbə Prşibramda yaşayırsa, qatarla 25% güzəştdən yararlana bilər.

Almaniyada tələbələr tələbə kartları ilə ictimai nəqliyyatda bir neçə yüz avro qənaət edə bilirlər. Bura, həmçinin, beynəlxalq nəqliyyat da daxildir. Bonn şəhərində isə tələbə hətta qatar bileti ilə özündən başqa bir nəfəri də pulsuz apara bilir.

Hətta qonşu Rusiyada da tələbələr üçün güzəştlər var. Bu güzəştlər şəhərdən asılı olaraq dəyişir. Məsələn, Moskvada tələbə kartı ilə metrodan güzəştlə istifadə etmək olar.

Ekspertin fikrincə, sistem tətbiq olunmazdan əvvəl müxtəlif modellər nəzərdən keçirilməlidir.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, bu güzəştlər dünyanın müxtəlif ölkələrində tətbiq olunur: "Hətta bəzi ölkələrin müəyyən şəhərlərində daimi yaşayan insanlara ora müvəqqəti gələnlərə nisbətdə fərq qoyulur. Çünki həmin adamlar o şəhərdə yaşayır və gündəlik nəqliyyatdan istifadə edirlər. İndi bu məsələnin gündəmə gəlməsi müsbət haldır. Amma bunun üçün ilk növbədə ictimai nəqliyyat bütövlükdə kart sisteminə keçməlidir. Çünki bu sistem tətbiq olunmasa, kimlərə güzəştlərin edilib-edilməməsini bilmək çətinləşəcək. Bu halda, həmin güzəştdən istifadə mexanizmini hazırlamaq olmaz. Əgər bu olmasa, müəyyən problemlər yaşana bilər. Həmin təbəqəyə xüsusi nəqliyyat kartları verilə, bu kartlara dövlət büdcəsindən, yaxud xüsusi fond hesabından pul köçürülə bilər. Hesab edirəm ki, ölkəmizdə belə bir mexanizmin tətbiq edilməsi mümkündür. Bu məsələ hökumət səviyyəsində və qanunvericilikdə öz təsdiqini tapmalıdır. Güzəştin kimlərə tətbiq olunacağı və nəyi ehtiva edəcəyi bəlli olmalıdır. Həmçinin, bu güzəştdən yararlanmaq üçün tələb olan sənədlər təqdim olunmalıdır. Bu, həmin şəxslərin vahid bazaya daxil edilməsi baxımından vacibdir. Neqativ halların qarşısını almaq üçün müxtəlif üsullar tətbiq oluna bilər. Bunun üçün vahid elektron baza yaradıla bilər. Həmin kartların başqa şəxslərə verilməsinin qarşısını sadə mexanizmlər tətbiq etməklə almaq mümkündür. Bununla yanaşı, nəzarət və yoxlama işləri də mütəmadi qaydada aparılmalıdır”.

Günel CƏLİLOVA

Son xəbərlər