19/11/2018 18:27
728 x 90

Ekspertlər də Bakıda yük maşınlarının hərəkət məhdudiyyətləri üçün ciddi əsaslar gördü

“İri yük maşınlarının şəhərə girişinə nəzarət edəcək xüsusi kameraların quraşdırılması düzgün qərardır”

img

Azər Allahverənov: “Müşahidə kameralarının olması ağır yük maşınlarının qadağan saatlarında şəhərdə hərəkətini minimuma endirəcək”

 

Məlum olduğu kimi, iri yük avtomobillərinin günorta saatlarında Bakıya girişi qadağandır. Oktyabrın 1-dən mayın 1-dək, 07:30-dan 21:00-dək yük avtomobillərinin Bakıya girişi qadağan edilir. İri yük avtomobillərinin paytaxta hansı saatda daxil olması artıq xüsusi kamera vasitəsilə müəyyən olunacaq.

Noyabrın 15-dən müəyyən edilmiş saatlarda yük avtomobillərin paytaxta daxil olması xüsusi kameralarla aşkar ediləcək. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev media nümayəndələrinə açıqlamasında qeyd edib ki, 15 noyabr 2018-ci il tarixdən yük avtomobillərinin Bakı şəhərinə daxil olmaları üçün tətbiq edilmiş məhdudiyyətə əməl edilməməsi, yük avtomobillərinin girişini qadağan edən yol nişanlarının tələbinin pozulması xüsusi texnika vasitəsilə real vaxt rejimində aşkar edilərək elektron qaydada sənədləşdiriləcək: “Bakı şəhərində nəqliyyat sayı durmadan artır. Hər il sentyabrın 15-dən paytaxt yolları hərəkət intensivliyi səbəbindən yüklənir. Nazirlər Kabinetinin "Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası”nın 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol qərarında nəzərdə tutulmuş saatlarda Bakı şəhərində yük avtomobillərinin daxil olmasının qadağan edilməsi qərarı effektiv nəticə verir. Lakin bu halların tamamilə azalması üçün bu il noyabr ayının 15-dən tətbiq ediləcək yenilik nəzarəti gücləndirəcək”.

İri yük avtomobillərinin paytaxta daxil olması xüsusi kameralar  vasitəsilə izlənəcək və bu qaydaya əməl etməyən sürücülər müvafiq qaydada cərimələnəcək.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün iri yük maşınları ilə bağlı vəziyyət ürəkaçan deyil: “Paytaxt küçələrində ağırtonnajlı yük maşınları sərbəst şəkildə hərəkət edirdilər. Bu zaman yollarda müəyyən problemlər yaşanırdı. Yol-nəqliyyat hadisələri baş verirdi. Hətta bəzi hallarda həmin nəqliyyat vasitələri dar küçələrdən istifadə edirdilər. Bu kimi xoşagəlməz halların qarşısının alınması üçün iri yük avtomobillərinin günorta saatlarında şəhərə daxil olması qadağan olunub. Ancaq onu da nəzərə almaq lazımdır ki, qadağa varsa, onu pozmağa cəhd göstərənlər də olacaq. Bu baxımdan da elə bir nəzarət mexanizmi tətbiq olunmalıdır ki, bu kimi cəhdlərin qarşısı alınsın. Bu səbəbdən iri yük maşınlarının şəhərə girişinə nəzarət edəcək xüsusi kameraların quraşdırılması düzgün qərardır. Müşahidə kameralarının olması ağır yük maşınlarının qadağan saatlarında şəhərdə hərəkətini minimuma endirəcək”.

Günel CƏLİLOVA

Son xəbərlər